Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

 Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qaziləri ilə  görüş keçirilib

04.11.2021-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qaziləri olan Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, "Cəsur döyüşçü" medalı ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə", "Ağdərənin azad olunmasına görə" medalları ilə təltif olunmuş Pərvin Hacıyev, eyni zamanda Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş İlkin Məmmədovla görüş keçirilib.

Əvvəlcə, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin direktoru Samirə Vəliyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, İkinci Qarabağ müharibəsi müasir tariximizin şanlı və qürurverici səhifəsidir. Xalqımız şanlı zəfərimizin ildönümünü böyük sevinc və qürur hissi ilə qarşılayır. Möhtəşəm Qələbə, Zəfər sevinci hər birimizin köksündə xoşbəxtlik və fərəh doğurur. 30 illik həsrət, yurd sevgisi, vətən nisgili uzun illər idi ki, hər birimizi bir amal ətrafında birləşdirirdi ki, işğal altında qalan torpaqlarımız yağı düşmənlərdən azad edilsin.

Daha sonra qazilərimiz keçdikləri döyüş yolundan bəhs edib, Vətən müharibəsi ilə bağlı xatirələrini dilə gətiriblər.

Sonda tədbirdə iştirak edən 5 saylı tam orta məktəbin VI sinif şagirdləri qazilərimizə onları maraqlandıran suallar ünvanlayıblar.