Ermənistan təcavüzünün nəticələri

1918-ci ildə ermənilər ölkəmizin bir çox bölgələrində, o cümlədən Göyçayda günahsız insanlara qarşı böyük vəhşiliklər törədiblər.

1918-ci ilin mart ayında erməni daşnaq qoşunlarının hücumu Nuru Paşanın komandanlığı altında türk əsgərləri tərəfindən Göyçay rayonunun Qaraməryəm kəndi yaxınlığında dayandırılmış erməni qoşunları darmadağın edilmişdir.
1918- ci il 30 iyun tarixində Türk İslam ordusu Nuru Paşanın komandanlığı altında Göyçaya daxil olur və erməni daşnaklarla silahlı döyüşlərdən qalib çıxaraq rayonu bolşevik terrorçulardan azad edir. O zaman qarşı dağdan şəhəri nişan alan ermənilərin topdan atdığı yaylım atəşi gəlib mərkəzdəki böyük çinara düşür. Çox qəribədir ki, böyük zədə almış çinar o top yarasından sonra solmur. Əksinə parçalanmış gövdədən 5 yeni budaq əmələ gəlir. Partlayışın izi indiyədək ağacın gövdəsində görünür.Göyçayın Qarabaqqal kəndinin ərazisi də bir həftə davam edən ölüm-dirim savaşının dönüş nöqtəsi olub. Türk və azərbaycanlı əsgərlər daşnakları və bolşevik rusları məhz Göyçay ərazisindəki döyüşlərdən sonra geri çəkilməyə məcbur edib, onları Bakıyadək qovublar. Həmin il sentyabrın 15-də Bakı erməni və rus birləşmələrindən azad olunub.Rayonun Bığır, Qaraməryəm, Müskürlü, Cəyirli, Potu və Qarabaqqal kəndlərində türk əsgərlərinin məzarları 1918-ci ilin mart-iyun aylarındakı qanlı hadisələrin tarixi nişanəsidir.

Mart hadisələri zamanı həlak olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi üçün Göyçay şəhərində ucaldılan abidə də tarixin qan yaddaşını özündə əks etdirir. Bu abidə gənclərin və rayona gələn qonaqların ziyarət etdiyi yerlərdəndir. Bu günlərdə abidə təmir edilib, ətrafı abadlaşdırılıb. Rayon tarix-diyarşünaslıq muzeyində azərbaycanlıların soyqırımı və deportasiya tarixini, 1918-ci ildə ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Göyçayda törədilən qanlı hadisələri əks etdirən faktların toplandığı daimi guşə yaradılıb. Guşə gənclərin, məktəblilərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.

1990-ci il hadisələri, Qarabağ münaqişəsi, Ermənistanın bu səbəblə Azərbaycanı müharibəyə cəlb etməsi, daxili hakimiyyət uğrunda çəkişmələr,SSRİ-nin “qardaş” respublikaya- Azərbaycana ögey münasibəti, bütün bunlar xalqımızı yenidən müstəqillik uğrunda mübarizəyə qaldırdı və müstəqillik qazanıldı.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylılar da yaxından iştirak etmişdir. Rayonda 2 nəfər 20 yanvar şəhidi vardır: Rauf İsayev, Mehman Muradov.


Dağlıq Qarabağ uğrunda Ermənistan silahlı birləşmələrinə qarşı döyüşlərdə isə göyçaylılar 160 şəhid vermiş, 44 nəfər itkin düşmüş,106 nəfər isə əlil olmuşdur. Hal-hazırda şəhidlərimizin sayı 164 nəfərə çatmışdır. Rayonda Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdən və Ermənistandan gəlmiş 2000 nəfərə yaxın qaçqın və məcburi köçkün yaşayır.

2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini azad edərək strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçirdi, bununla da nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Məhz bu döyüşlər zamanı da Göyçay rayonu şəhid vermişdir. Göyçay rayonu Çaxırlı kənd sakini, 1996-ci il təvəllüdlü Teymur Qasımov aprelin 3-də Füzuli rayonunun Horadiz qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsdədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib. Həmin ərazi rayonda yeni salınmış yaşayış məhəlləsidir, küçədə 50 ünvan var və 200 nəfər əhali yaşayır.