Rayon haqqında məlumat

Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 739 km2 sahəni əhatə edir. Rayonun tərkibinə 1 şəhər, 55 kənd yaşayış məntəqəsi daxildir. Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmir yolu stansiyasından 18 km məsafədə yerləşir. Göyçay rayonu şimal-qərbdən Qəbələ, şimal-şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar, qərbdən Ağdaş rayonu ilə həmsərhəddir. 01 yanvar 2017-ci il əvvəlində Göyçay rayonunun əhalisinin sayı 1.2 və yaxud 1 % artaraq 118,3 min nəfərə çatmışdır. Hazırda əhalinin sıxlığı 1 km2-ə 160 nəfər təşkil edir. Göyçay əhalisi Respublikanın əhalisinin 1.2 faizini, Aran iqtisadi rayonu üzrə əhalinin 6 %-ni təşkil edir.

Göyçay qədim yaşayış məskənlərindən olmuşdur. Rayon ərazisindən toplanmış arxeoloji tapıntılar, tarixi gerçəkliklə uyarlaşa bilən rəvayətlər bunu deməyə əsas verir.

İkinci arxeoloji tapıntı 1976-cı ilin aprel ayında Aşağı Qaraməryəm kəndi yaxınlığında su anbarı tikintisi zamanı qeydə alınmışdır. Oradan tapılmış küpə, küp qırıqları, kasa qırıntılarını Ə.Əliyev ilk orta əsrlər dövrünə aid edir. Tədqiqatçılar gildən hazırlanmış heykəlciklər haqqındakı qənaətlərini belə ifadə etmişlər: “Gildən hazırlanmış insan fiqurları məhsuldarlıq ayini ilə əlaqədar olmuş, təxminən b.e.ə II- I və b.e.ə I əsrində bu ərazidə yaşamış əkinçi tayfalarının idealoji təsəvvürlərinin əks etdirməklə yanaşı, onların ictimai həyatını və dini görüşlərini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir.” ( Ə.Əliyev və A.Ələkbərov “ Göyçay rayonu ərazisində arxoloji tapıntılar” Az. SSR Elimlər Akademiyasının “ Xəbərləri” Tarix Fəlsəfə Hüquq Seriyası 1986 №1”)

Göyçay mahalı qəza mərkəzi olmamışdan əvvəl rayon ərazisindəki kəndlər ayrı-ayrı vaxtlarda Şirvanşahlar dövlətinin, Bakı və Şamaxı quberniyalarının tərkib hissəsi olmuşdur. Mənbələrdə Göyçay çayının sağ və sol sahilləri 1025-ci ildən XIV- əsrədək Qəbələ mahalına tabe edilmişdir. Xanlıqlar dövründə Göyçay artıq Şirvanşahların inzibati ərazisinə çevrilmişdir.

1859 və 1902-ci illərdə baş verən dağıdıcı Şamaxı zəlzələsi Göyçay əhalisinin sayının artmasına səbəb olmuşdur. Şamaxının Ərəbcəbrli kənd sakinləri indiki I və II Ərəbcəbrli kənd ərazisinə köçmüşlər. Yazılı mənbələrdə köçkünlərin bəzilərinin antrologiyasında ərəb etnosluğuna xas cəhətləri müşahidə etmək mümkündür. Bu onu göstərir ki, Şirvana köçrülən ərəblər yerli əhali ilə qan qohumluğu yaratmışlar.

Azərbaycana XIX əsrin 40-ci illərindən qəza mərkəzləri tətbiq olunmuşdur. Göyçay qəzası Çar hökümətinin Qafqazda inzibati islahatına əsasən 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində yaradılmışdır. Nikolay Kalaşovun rəhbərliyi altında 1878 – ci ildə burada bölgənin ilk rus – tatar məktəbi açılmışdı.
Mərkəzi Göyçay məntəqəsi olmaqla Ucar, Zərdab, Ağdaş, İmayıllı, Ağsu, Kürdəmir və b. rayonları qəzanın tərkibinə daxil idi. 1910-ci ilə qədər Göyçay qəzasının sahəsi 4988 km2, əhalisi 142.9 min nəfər olmuşdur. Qəza idərəsinə qəza rəyisi, onun müvaini, məntəqə iclasçıları, xəzinədar və polis idarəsi daxil idi.

Göyçay qəzasının əhalisi əsasən pambıqçılıq, tütünçülük, bağçılıq, baramaçılıq və maldarlıqla məşğul olurdu. Qəzada kustar sənaye sahələrində- xalçaçılıq, ağac emalı, ipəkçilik və misgərlik inkişaf etmişdir. Dirçəlməkdə olan qəza mərkəzinin orta texniki təhsilli idarəedici şəxs kimi rus pristavı kvartallara ayrılmış əhaliyə planlı şəkildə mülki binaları tikdirmiş və şəhərə gözəllik verən çinar ağaclarını əkdirmişdir. Göyçayda bu qayda ilə ilkin şəhər salma 1886-1996-ci illər olmuşdur. 1916-ci ildə Göyçaya şəhər statusu verilmişdir.

1929-cu ildə Göyçay qəza mərkəzi kimi ləğv edilmiş, 1930-cu ildən rayon statusu almışdır.

Göyçay kənd təsərrüfatı rayonu olsa da, şəhərdə güclü sənaye potensialı vardır. Rayonda “Aznar” QSC, Konserv zavodu, Çörək zavodu, Süd zavodu, Konyak zavodu, Tikiş fabriki, Qida məhsulları kombinatı, Kərpic zavodu, Şərab emalı müəssisəsi, asfalt zavodu, tikinti idarələri, özəl müəssisə və şirkətlər fəaliyyət göstərir.
Göyçay rayonunda 1 şəhər, 25 kənd inzibati ərazi dairəsi, 41 bələdiyyə dairəsi, 34 məktəbəqədər müəssisə, 57 ümumtəhsil məktəbi, 1 Dövlət İdaretmə və Texnologiya kolleci, 1 Peşə litseyi, 13 mədəniyyət evi, 37 kitabxana, 1 Heydər Əliyev Mərkəzi, 1 Gənclər Mərkəzi, 3 muzey, 3 xəstəxana, 16 həkim məntəqəsi, 31 tibb məntəqəsi, 1 təcili yardım stansiyası, 1 Olimpiya Kompleksi, 1 musiqi məktəbi, 30 klub fəaliyyət göstərir.

Rayonda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilk partiya təşkilatında 5035 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərindən 2614 nəfərini qadınlar, 1625 nəfərini isə 1625 nəfərini isə gənclər təşkil edir.

Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim yarım-səhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. Orta tempratur yanvarda 1,9 C◦, iyulda 26,4 C◦-dir. İllik yağıntı 400-500mm-dir. Əsas çayı Göyçaydır. Uzunluğu 113 km-dir. (Qəbələ, İsmayıllı, Göyçay, Ucar rayonları ərazisi ilə axan Göyçay hövzəsində Gil – təknə qəbir abidələri aşkar edilib). Yuxarı Şirvan kanalı rayon ərazisindən keçir. Rayonda Boz-şəmən dağ, boz qəhvəyi, şabalıdı, açıq- şabalıdı və s. torpaqlar yayılmışdır. Bitki əsasən efemerli-yovşanlı və yovşanlı-şoran otlu yarım səhra, dağlıq kserofil(friqonoid) bitki qruplarından ibarətdir. Seyrəkpüstə-ardıc meşələri, arid kolluqlar var. Heyvanat aləmi o qədər də zəngin deyil : canavar, tülkü, çaqqal, boz dovşan, çol siçanı və s.
Göyçay çayı rayonun mərkəzindən keçir, üzərindən magistral yol üçün körpü salınmışdır. Bu körpü el arasında “Qırmızı körpü” kimi adlandırılmışdır.

"Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildən başlayaraq mütəmadi olaraq keçirilir.

Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirlər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edilirlər.

Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.

Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.

Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.

Məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narları" üçün sinonimə çevrilmişlər. Göyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.