Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km.-dir. Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər-qalası yerləşir. Ərazisi 1791 kv.km-dir. Əhalisi 102,2 min nəfərdir.

Goranboy rayonu sənaye əhəmiyyətli pambıq təmizləmə və süd zavodları, maşınqayırma avadanlıqları fabriki, gübrə zavodu, gips zavodu və taxıl qəbulu məntəqəsi, Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, uşaq musiqi məktəbi, peşə məktəbi, elektronlaşdırılmış kitabxana, uşaq bağçası, xəstəxana, dəmiryolu stansiyası, bank, mikrokredit xidmətləri var. Dəliməmmədli Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə yerləşir. Bakı-Qazax magistral yolu üzərində yerləşir. Gəncə-Qazax düzənliyindədir.

Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal şərqdən Yevlax, cənubi şərqdən Tərtər, cənubi qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimal qərbdən Samux rayonları ilə həmsərhəddir. Rayon Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və düzənlikdir. Cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhatə edir. Rayonun şimalını Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ əhatə edir. Ərazidə Poleogen, Neogen və Yura-Antropogen dövrünün çöküntüləri yayılmışdır. Ərazinin geoloji inkişaf tarixi bir-birindən fərqlənən iki böyük tektonik zona daxilində formalaşmışdır. Rayonun cənubunda Murovdağ zirvəsinin şimal-qərb və Kəpəz şərq yamaclarında 7-9 ballıq zəlzələlərin dağıdıcı fəaliyyətinin nəticəsindən böyük uçurumlar yaranmışdır. Rayonun şimalında dəniz səviyyəsindən hündürlük 50 m, cənubunda-Murovdağda ən yüksək zirvə-Gamış dağda 3724 m-dir. Səthi şimal-şərqdə düzənlik, cənub-qərbdə isə dağlıqdır, ayrı-ayrı yerlərdə qobu və dərələrlə kəsilmişdir. Dağlıq sahədə Paleogen və Neogen, düzənlikdə isə Antropogen çöküntüləri yayılmışdır. Dünyada yeganə müalicəvi neft yatağı (Naftalan) buradadır.

Qazanbulaq-Naftalan düzənliyi rayonun böyük hissəsini əhatə edir. Mütləq hündürlüyü 300–800 m arasında dəyişir. İncəçayın və Kürəkçayın gətirmə konusları ilə mürəkkəbləşmiş qırıntılı çay daşlarından, qum və gillərdən təşkil olunmuşdur.

Uzunluqları 10–12 km-ə çatan yarğan-qolu şəbəkəsi Qurudərə, Gürzalılar, Aşağı Ağcakənd zonlarında yerləşir. Rayonun cənubunu əhatə edən Murovdağda Kiçik Qafqazın ən yüksək zirvələri-Gamışdağ (3724 m), Murovdağ (3340 m), Keçəldağ (2225 m) yerləşir. Goranboy rayonun təbii şəraitindəki müxtəliflik özünü iqlim dəyişkənliyində də biruzə verir: yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim, yayı isti keçən yarımsəhra və quru çöl iqlimi. Dağətəyi və dağlıq zonada qışı nisbətən sərt, yayı isə sərin keçir. İqlimi mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda – 1,5 °C-dən – 1 °C-yədək, iyulda 22 °C-dən 26,5 °C-yədəkdir. İllik yağıntı 300–600 mm-dir. Çayları (Kürək, Goran, Korçay) Kür hövzəsinə aiddir. Şabalıdı, dağ boz-qəhvəyi torpaqları var. Əsas bitki örtüyü yovşanlı və yovşanlı-şoranotulu yarımsəhra tiplidir. Meşəliklər var. Korçay yasaqlığının bir hissəsi rayonun ərazisindədir.

Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal, Şəki, Şamaxı, Şabran və Şəmirlə eyni səviyyədə idi. 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsi rayonun ərazisindən keçən Kürəkçay çayının sahilində, 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsi isə rayonun Gülüstan kəndində imzalanmışdır. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə inzibati ərazi bölgüsü və rayonların yaradılması ilə əlaqədar Goranboy kəndi mərkəz olmaqla yaradılmışdır. Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək rayonun keçmiş adı özünə qaytarılmaqla Goranboy rayonu yaradılmışdır. Goranboy rayonu əhalisi Qarabağ savaşında qəhrəmanlıqla döyüşmüş, 288 şəhid vermiş, 9 nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.2016-cı il aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində Gülüstan kəndi Azərbaycan Ordusu erməni işğalçılarına Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilərdən tam geri alınıb.

Rayon ərazisində aşağıda adları çəkilən tarix və memarlıq abidələri var:

Goran stansiyasından 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları;

Goranboy şəhərindən 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri;

Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni, Balakürd kəndi yaxınlığında VII-VIII əsrlərə aid "Tosal ocağı" adlı abidə;

Xan Qərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə;

Səfikürd kəndində XX əsrin əvvəllərində tikilmiş türbə, qala (XIII əsr) və XIX əsrdə tikilmiş məscid;

Rəhimli kəndində XVIII-XIX əsrlərə aid türbə kompleksı, XIX əsrdə ucaldılmış Şatal qalası, XIX əsrə əid Mirzə Adıgözəl bəy türbəsi;

Qazanbulaq kəndində orta əsrlərə aid türbələr;

Kürəkçay kəndində XIX əsrə aid qala, Gülüstan kəndində XII-XVII əsrlərə aid Gülüstan qalası.