Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında müasir memarlıq binalarından sayılan Heydər Əliyev Mərkəzi yerləşir.

Heydər Əliyev Mərkəzləri müasir Azərbaycanın qurucusu, xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsini əbədiləşdirən, onun xalqı üçün miras qoyduğu əbədiyaşar ideologiyasını təbliğ edən mədəniyyət ocaqlarıdır.

Goranboy rayon Heydər Əliyev Mərkəzi İctimaiyyət nümayəndələrinin və ziyalıların müraciətinə əsasən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış və Respublika Mədəniyyət və Turizm Nazirliyinin 19 fevral 2007-ci il tarixli 92 saylı Əmri ilə təsdiq edilmişdir.

Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədi ilə yaradılmış mərkəzin tikintisi 2005-ci ilin dekabr ayında başlanmış, 2006-cı ilin iyun ayında başa çatmışdır. 14 iyun 2007-ci il tarixdə isə Mərkəzin açılışı olmuşdur.

Heydər Əliyev Mərkəzinin yeni inzibati binasının açılışı 18 oktyabr 2014-cü ildə olmuşdur. Mərkəzin açılışında Respublikamızın Prezidenti Cənab İlham Əliyev və ölkənin birinci xanımı, “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.

Goranboy rayon Heydər Əliyev Mərkəzi Dədə Qorqud küçəsi bina 27 ünvanında yerləşir. Heydər Əliyev Mərkəzinin elektron poçt ünvanı: goranboyh.e23@mail.ru. Heydər Əliyev Mərkəzinin sosial şəbəkələrdən biri olan facebookda ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı materialların toplanması, elmi tədqiqi və təbliği məqsədilə “Goranboy rayon Heydər Əliyev Mərkəzi” adlı səhifəsi mövcuddur.

Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 4300 kv.metrdir. Mərkəzin binası isə 2560 kv.metrdir. Mərkəz 2 mərtəbədən, 13 otaqdan ibarətdir. I mərtəbədə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, nikah zalı, müdir otağı, inzibati otaq, II mərtəbədə isə internet-kafe, xalçaçılıq və tikiş otağı, foto dərnək, akt zalı, rəssamlıq, 3D, elektron kitabxana-linqafon, atıcılıq otaqları yerləşir. Goranboy rayon Heydər Əliyev Mərkəzində 1160 ədəd eksponat yerləşir. Bunlardan 87 ədədi muzeydə sərgilənir. Muzeyin sahəsi 254 kv.metrdir. Eksponatların saxlandığı fond otağı 24 kv.metrdir.

Adları sadalanan digər təyinatlı otaqlarda məktəblilərin, gənclərin, tələbələrin həmçinin digər yaş təbəqəsindən olan bütün vətəndaşlarımıza bilik, bacarıq və digər cəhətlərini inkişaf etdirə bilmələri üçün Mərkəz tərəfindən təşkil edilmiş müxtəlif sərgilərdən, intellektual oyunlardan, müsabiqələrdən, tədbirlərdən, yarışmalardan yararlanmaları üçün əlverişli mühit təşkil edilmişdir. Bu sıraya Mərkəzdə yaradılmış ( xalçaçılıq, atıcılıq və rəsm ) dərnəklərini də aid etmək olar.

Goranboy rayon Heydər Əliyev Mərkəzi öz fəaliyyətini müəyyən edilmiş qaydalar çərçivəsində Heydər Əliyev Mərkəzləri haqqında Əsasnaməyə, Mədəniyyət və Turizm Nazirliyinin tövsiyə və tapşırıqlara görə hazırlanmış Fəaliyyət Proqramı əsasında təşkil edərək, göstərilən sənədlərə uyğun “Mədəniyyət haqqında”,”Muzeylər haqqında” və digər qanunverici aktlara dayanaraq rayondakı dövlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində müxtəlif mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinin təminatçısı olur.