Qazaxın sərhəd kəndi Məzəmdə istinad divarlarının çəkilişi davam edir

Qazaxın sərhəd kəndi Məzəmdə istinad divarlarının çəkilişi davam edir

Hər kəsə yaxşı məlumdur ki, Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər artıq 30 ildir ki, düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayır. Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə düşmən tapdağı altındadır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda mənfur düşmənə qarşı aparılan döyüşlərdə Qazax rayonu yüzlərlə şəhid verib. Qazaxın 287 nəfər şəhidi var. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Bu gün tam əminliklə deyə bilərik ki, düşmən mövqelərindən atəşə məruz qalan kənd sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Hər an qorxu altında yaşayan, hər zaman düşmən gülləsi ilə üz-üzə qalan kənd sakinlərinin normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət və dövlət başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Son illər rayon rəhbərinin bütün sahələrlə yanaşı, sərhəddə yaşayan həmin sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz nümunəsidir. İcra başçısı demək olar ki, fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi münasibət göstərir. Ən əsası da həmin kəndlərdə sakinlərin təhlükəsizliyini hər şeydən üstün tutur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verdi. Bundan əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı çəkildi.