Qazaxda 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin açılışı olub

Qazaxda 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin açılışı olub

Sentyabrın 27-də Anım Günü ilə bağlı Qazax rayonunda silsilə tədbirlər keçirilib. Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüş və ağacəkmə aksiyası təşkil olunub.

Silsilə tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə yaradılmış şəhərin Nəriman Nərimanov küçəsində yerləşən Abidə Kompleksinin açılışı olub.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Abidə Kompleksinin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.