Qazaxda Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Qazaxda Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyib atalarımız. Bu şüarı özünün həyat amalı seçən neçə-neçə oğullarımız şirin canlarından keçərək ən uca məqama – Şəhidlik zirvəsinə ucaldılar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edir, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda bu günə kimi 338 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Qazaxın igid oğulları da qəhrəmancasına vuruşaraq, düşünmədən ölümün gözünə dik baxdılar. Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda, doğma Qarabağımızın yağı düşməndən azad olunması üçün mənfur düşmənin üzərinə yeridilər. Xalqımızın haqq savaşında Qazaxın 50 nəfər igid oğlu şirin canlarından keçərək Şəhidlik adlı uca zirvəni fəth etdilər.

Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda əbədi yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın, bütün şəhidlərimizin xatirəsi Qazaxda hər zaman əziz tutulur. Bütün şəhidlərimiz kimi, 44 günlük Vətən müharibəsi şəhidləri də daim diqqətdə saxlanılır.

Bizi böyük Zəfərə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin hər il ölkəmizdə Anım Günü kimi qeyd olunması üçün Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamından irəli gələn tapşırıq və tövsiyələrin icrası məqsədilə Qazaxda da 27 sentyabr Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir. Sözü gedən tədbirlərə 13 sentyabrdan başlayaraq Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib.

Sentyabrın 17-də silsilə tədbirlərin davamı olaraq Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Şəhərdəki şəhidlər qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidlərindən ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlnun, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun, eləcə də Birinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizin məzarları ziyarət edilib, tər qərənfillər düzülərək əziz xatirələri dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.