Qazaxda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 illik yubileyi qeyd olunub


Qazaxda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 illik yubileyi qeyd olunub

Bütün dünyada Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə, yaxına, uzağa. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir ziyalımızın, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın (Barat Alı oğlu Alıyev) 70 illik yubileyi qeyd olunub.

Barat Vüsalın sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər, onun yolu ilə getməyi özünə borc bilənlər yubilyara olan təbriklərini çatdırıblar. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun şairə ünvanladığı təbrik məktubu səsləndirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, qonaqlardan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əlinin, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, məktəb direktorlarının, ziyalıların iştirakı ilə keçirilən tədbirdə Barat Vüsal yaradıcılığından söhbət açılıb, şairin Azərbaycan poeziyasındakı xidmətlərindən danışılıb.

AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ona göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. 2011-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 60 illik yubileyi münasibətilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməsini qazaxlı ziyalılara, şairlərə, onların yaradıcılığına verilən qiymətin əyani sübutu kimi dəyərləndirib.

Ölkə rəhbəri harada varsa, mən də ordayam”, - deyən şair dövləti, dövlət başçısı ilə hər zaman fəxr etdiyini, dövlətindən, onun rəhbərindən güc və ilham aldığını dilə gətirib. "Dövlətin qayğısı, qiyməti olmadan yaşamaq mümkün deyil. Biz şairləri, ziyalıları dövlətin, ölkə rəhbərinin bizlərə olan qayğısı yaşadır”, - söyləyən şair bu gün Azərbaycanda həmin qayığını ən yüksək səviyyədə hiss etdiyini bildirib. Ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına, ölkəmizdə yaşanan pandemiya dövründə olsa belə ona ayrılan diqqətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından və ailəsi adından təşəkkürünü bildirib.