Qazaxda mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans keçirilib

Qazaxda mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən videokonfransda iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən, həmin döyüşlər zamanı Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabdan, həmçinin Tovuz rayonunda kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ciddi ziyandan və aradan qaldırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən söhbət açılıb.

Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva giriş sözü ilə çıxış edərək təşkil olunmuş videokonfransın məqsəd və əhəmiyyətindən danışıb. G.Quluyeva bildirib ki, Prezident İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılması bir daha onu göstərdi ki, işğaldan azad olunan torpaqlarda yaşayışı bərpa etmək dövlətin və ölkə rəhbərinin, eləcə də xalqımızın ən böyük arzusudur. Bu arzu, istək sayəsində Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikildi, 8 ev bərpa olundu. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparıldı. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görüldü. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikildi, 15 ev tamamilə bərpa olundu, 27 ev əsaslı təmir edildi, 693 evdə cari təmir işləri görüldü. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirildi. Digər işğal altında olan torpaqlarımızda bu cür qəsəbələrin salınacağı, yeni evlərin tikiləcəyi, yaşayışın bərpa olunacağı gün isə çox uzaqda deyil. Bunu Tovuz döyüşləri və rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi qələbə də bir daha sübut etdi ki, həmin gün çox yaxındadır.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Mədəniyyət Mərkəzinin müdiri Zahidə Həsənova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, MKS-nin işçisi Elnarə Məmmədova, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin ev muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək son günlər ölkəmizdə yaşanan vəziyyət və Tovuz hadisələri barədə fikirlərini bölüşüblər. Dövlətin və ölkə rəhbərinin hər zaman vətəndaşların yanında olmasını razılıq və minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Tovuz hadisələri zamanı vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması üçün sərəncamın verilməsini, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmalarını dövlət qayğısının bariz nümunəsi kimi qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, minlərlə insanın ordumuza dəstək üçün bir araya gəlməsi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verən 50 mindən çox insanın yenidən ordu sıralarına yazılması ölkəmizdəki birliyin, həmrəyliyin əyani göstəricisi oldu. Və hər bir Azərbaycan vətəndaşı həmin birliyi özündə əks etdirən görüntüləri qürur hissi ilə izlədi. Bütün dünya dövlətləri də bir daha şahidi oldular ki, Azərbaycan güclü dövlətdir və xalq hər zaman dövlətinə, ölkə rəhbərinə arxalanır.