Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü 130 dövlətin dəstəkləməsi həm ölkəmizin, həm də dövlət başçısının növbəti uğurudur

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü 130 dövlətin dəstəkləməsi həm ölkəmizin, həm də dövlət başçısının növbəti uğurudur

Bu fikir 29.06.2020- ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Qazax Gənclər evi sosial xidmət müəssisənin birgə təşkilatçılığı ilə keçirilən videokonfransda səslənib.

Fəal gənclərin, könüllülərin də qatıldığı videokonfransda iştirak edənlər 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsini bir daha böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Videokonfrans iştirakçıları ölkə başçısının irəli sürdüyü təşəbbüsün 130 ölkə tərəfindən belə yüksək səviyyədə, yekdilliklə dəstəklənməsini beynəlxalq ictimaiyyətin ölkəmizə, onun rəhbərinə olan böyük etimadının və hörmətinin növbəti göstəricisi kimi qiymətləndiriblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova bütün dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdən də yan keçmədiyini bildirib. Pandemiyanın başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşların sağlamlığı istiqamətində görülən işlərdən danışan müavin bu gün Azərbaycanın pandemiya ilə mübarizədə az itki verən ölkə olduğunu qeyd edib. Eyni zamanda ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərin bu gün qonşu ölkələrdə belə nümunə göstərildiyini vurğulayıb. G.Həsənova ölkəmizin nəinki daxildə, eləcə də xaricdə mühüm addımlar atdığını, regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdüyünü də qeyd edib. Bunun bariz nümunəsi kimi də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini göstərib. Həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsini ölkəmizə olan böyük inamın əyani sübütu kimi göstərib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, bu gün biz Azərbaycan vətəndaşları qürur hissi keçiririk ki, vətəndaşı olduğumuz ölkənin lideri tərəfindən irəli sürülən təşəbbüs 130 dövlət tərəfindən yekdilliklə dəstəkləndi. Bu uğur hər bir vətəndaş üçün qürurvericidir. C.Hüseynova qeyd edib ki, ölkə başçısı bu addımı ilə həm də ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu nümayiş etdirdi. Xalqımız əmin oldu ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi dinamik inkişafın, yüksəlişin bərqərar olması deməkdir. Eyni zamanda da Ümummilli Liderin qurduğu müasir, müstəqil Azərbaycanın bu günü, sabahı əmin əllərdədir. Çünki ölkə başçısının son dövrlər iştirak etdiyi bütün beynəlxalq səviyyəli görüşlərdə, tədbirlərdə savadlı siyasətçi kimi çıxış etməsi, öz çıxışları ilə də mənfur düşmənimiz olan Ermənistanın rəhbərinə layiqli yerini göstərməsi bunu dəfələrlə sübut edib ki, Azərbaycanın güclü lideri var. C.Hüseynova qeyd edib ki, ölkə başçısı İlham Əliyev mayın 4-də keçirilən Zivə Görüşündə irəli sürdüyü təşəbbüslə bütün dünyaya sübut etdi ki, COVID-19 pandemiyası ilə mübarizə tək bir dövlətin problemi deyil, bu mübarizədən tək-tək deyil, birlikdə, həmrəylik nümayiş etdirərək qalib çıxmaq olar. BMT Baş Assambleyasının keçirəcəyi xüsusi sessiya da bunu bir daha nümayiş etdirəcək ki, həqiqətən də güc birlikdədir.

Daha sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov,Qazax Gənclər evi sosial xidmət müəssisənin direktoru Vüsal Hüseynov mövzu ətrafında çıxış etmişlər.