Səməd Seyidov Qazaxda seçicilərlə görüş keçirmişdir

Səməd Seyidov Qazaxda seçicilərlə görüş keçirmişdir

107 saylı Qazax seçki dairəsindən millət vəkili seçilən Səməd Seyidov may ayının 22-də seçiciləri ilə görüşüb.

Görüş ölkədə elan olunmuş karantin tələblərinə riayət olunmaq şərti ilə Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Quşçu Ayrım və Məzəm kəndlərində, eləcə də Qazax şəhərində baş tutub. Bundan başqa millət vəkili Qazax rayonunda yerləşən Heydər Əliyev Mərkəzində ziyalılar ilə də görüşərək gündəmdə olan məsələlərə dair fikir mübadiləsi aparıb.

Mütəmadi olaraq seçiciləri ilə görüşən və problemlərin həllində fəal iştirak edən millət vəkili ilə görüşdə ümumilikdə 100-ə yaxın seçici iştirak edib. Görüş zamanı Səməd Seyidov seçicilərin təklifləri, eləcə də şikayətləri ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparılıb.

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, eləcə də YAP Qazax rayon təşkilatının Gənclər birliyinin sədri Kənan Hüseynli və millət vəkilinin köməkçisi Akif Əmirov iştirak edib. Millət vəkili irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Bununla yanaşı belə qəbulların gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyi və bu barədə öncədən əlavə məlumatın veriləcəyi seçicilərin nəzərinə çatdırılıb.