Heydər Əliyev muzeyi

Azərbaycan Respublikasının müstəqilliyində və inkişafında böyük rolu olmuş ümummilli lider Heydər Əliyevin adını daşıyan Qazax rayon Heydər Əliyev Mərkəzi 2008- ci ildən muzey kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayevin respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev muzeylərinin mərkəz adlandırılması haqqında 24.01.2012-ci il tarixli, 19 nömrəli əmrinə əsasən Qazax rayon Heydər Əliyev Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. Ümumi sahəsi 1922,5 kv.m olan Qazax rayon Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini təbliğ edən muzey fəaliyyət göstərir. Əsas fondu 551 eksponatdan ibarət olan muzeyin sahəsi 732,57 kv.m-dir. Ekspozisiya zalında Heydər Əıliyevin Qazaxa səfərlərini əks etdirən 2 xüsusi lövhə,həmçinin ulu öndərin mənalı həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 8 lövhə, 3 maket, 2 gerb, 1 bayraq olmaqla eksponatlar nümayiş etdirilir. Bundan əlavə muzeydə həmçinin "Ubiq Window" məsafədən əl ilə idarə olunan foto albom da yerləşdirilmişdir ki, burada Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən 16 video və 71 şəkil vardır. Bununla yanaşı muzeydə keçirilən bütün tədbirlərdə albomdan səmərəli istifadə edilir. Belə ki, Heydər Əliyev şəxsiyyətinin hər bir anını əks etdirən filmlər, slayd-prezentasiyalar həm yerli, həm də xarici ölkə vətəndaşları tərəfindən böyük maraqla qarşılanır.