Qazax Rayon Heydər Əliyev Mərkəzində “Nizami irsinin tədqiqində və təbliğində Heydər Əliyevin əvəzsiz xidmətləri” başlıqlı tədbir keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Nizami irsinin tədqiqində və təbliğində Heydər Əliyevin əvəzsiz xidmətləri” başlıqlı tədbir keçirildi.

27 avqust 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami irsinin tədqiqində və təbliğində Heydər Əliyevin əvəzsiz xidmətləri” başlıqlı tədbir keçirildi. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvinin zəngin irsinin tədqiq və təbliğ edilməsi istiqamətində əvəzsiz xidmətlərindən bəhs etdi, Nizami Gəncəvi yaradıcılığı haqqında ümumi məlumat verdi.Ceyhunə Hüseynova bildirdi ki, Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin 35 ilə yaxın hakimiyyəti dövründə Azərbaycan mədəniyyəti və ədəbiyyatına göstərdiyi xidmətlər əvəzsizdir. Keçmiş ittifaq dövründə şəxsən Heydər Əliyevin təşəbbüsü ilə ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələrinin yubileyləri keçirilmiş, SSRİ və Azərbaycan SSR Dövlət mükafatlarına, bir çoxları “Azərbaycanın Xalq şairi”, “Azərbaycanın Xalq yazıçısı” fəxri adlarına layiq görülmüş, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Hüseyn Cavidin, Rəsul Rza və Nigar Rəfibəylinin evmuzeylərinin yaradılmış, abidələrinin ucaldılmış, şair məqbərələrinin tikilməsi geniş vüsət almışdır.

Ümummilli lider Heydər Əliyev Nizami Gəncəvinin böyük türk aləmində, bütövlükdə dünya miqyasında olan şöhrətinə, onun ölməz ədəbi irsinin təbliğinə xüsusi önəm verirdi. Müxtəlif vaxtlarda yubileylərin keçirilməsi, ədəbi irsin öyrənilməsi, əsərlərin kütləvi nəşri barədə sərəncamlar imzalanmış, ədəbi ictimaiyyətin diqqətini xalqımızın bu müdrik oğlunun şəxsiyyətinə, sənət aləminə daha yaxından cəlb etmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr 1975-ci və 4 yanvar 1978-ci illərdə "Nizami məqbərəsinin qorunması", 1 yanvar 1979-cu ildə Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 28 iyul 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibətilə verilən qərar və göstərişlər böyük şair haqqında möhtəşəm tədbirlər görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına səbəb olmuşdur.

Yetmişinci illərdə ölkəyə rəhbərlik edərkən Nizaminin 840 illik yubileyi keçirilir, H.Əliyevin şəxsi, uzaqgörən siyasəti nəticəsində 01.01.1979-cu ildə «Azərbaycan KPMK-nin xüsusi qərarı ilə böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini,nəşrinivə təbliğini yaxşılaşdırmaq tədbiqihaqqında» fərman verilir. "Nizami" filminin çəkilməsi, "Xəmsə" kompleks abidələrinin ucaldılması, Nizami məqbərəsinin təmiri və qorunması, "Xəmsə"nin yeni tərcümə və nəfis tərtibdə nəşr edilməsi, dünyanın bir çox şəhərlərində Nizami heykəllərinin ucaldılması, Bakı Metropoliteninin stansiyalarından birinə "Nizami" adının verilməsi və digər tədbirlər Heydər Əliyevin dahi Azərbaycan şairinə olan diqqət və qayğısının bariz nümunəsidir. Bu isə Nizami Gəncəvi haqqında işin güclənməsinə təkan verir.

Tədbirin sonunda şagirdlər Nizami əsərlərindən şer nümunələri və qəzəllər söylədilər. Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021- ci il üçün Tədbirlər Planına əsasən 02 avqust 2021- ci il tarixindən elan edilmiş Azərbaycan klassik şeirinin görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar "Nizami poeziyasından incilər" mövzusunda şeir müsabiqəsində fəallığı ilə seçilən şagirdlərə diplomlar təqdim edildi.