Dərnəklər

Qazax rayon Heydər Əliyev mərkəzində 2 dərnək fəaliyyət göstərir.

Toxuculuq dərnəyi - 2014-cü ildə təşkil olunmuşdur. Dərnəyin açılmasında məqsəd məktəblilərin zərərli vərdişlərdən yayınması, sağlam həyat tərzi keçirməsi və asudə vaxtının səmərəli təşkil olunmasıdır. Hər bir xalqın tarixi yaratdığı mədəniyyət nümunələrində yaşayır. Xalqımıza xas milli xüsusiyyətləri özündə cəmləşdirən bədii sənətkarlıq nümunələrinin yaradılması sirrlərini gənc nəslə çatdırmaq üçün bu dərnək çox böyük işlər görür. Belə ki,Toxuculuq dərnəyinin dərslərində 10-12 nəfər şagird toxuculuq sənətinin sirrlərini öyrənərək, Azərbaycanın qədim tikmə növləri olan təkəlduz, güləbətin, xanduz, sanama, xovlu tikmə və s. istifadə edib gözəl əl işləri yaradırlar. Məşğələlərdə həmçinin dərnək üzvlərinə mil və milçə ilə toxumaq, muncuqlarla hörmə işi, müxtəlif kompozisiyalar hazırlamaq, makrame və iynəoyası öyrədilir. Dərnək üzvlərinin əl işləri dəfələrlə respublika və rayon səviyyəli sərgilərdə nümayiş etdirilmiş və müxtəlif yerlərə layiq görülmüşdürlər. İl ərzində bir neçə dəfə dərnək üzvlərinin əl işlərindən ibarət sərgi keçirilir.

Dekorativ və tətbiqi sənət dərnəyi - 2014-cü ildən fəaliyyət göstərir. Dərnəyin açılmasında məqsəd Azərbaycanın qədim xalq sənəti olan xalçaçılıq, batika, oyma, şüşə üzərində, ağac üzərində işləmə və s. kimi sənət nümunələrini gənc nəslə çatdırmaq, Azərbaycanın qədim və milli mədəni dəyərlərini təbliğ etməkdir. Dərnəyin dərslərində 10-12 nəfər şagird qədim və milli sənət nümunələri üslubunda gözəl əl işləri yaradırlar ki, bu işlər də müxtəlif sərgilərdə müxtəlif yerlərə layiq görülmüşdürlər.