Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Qazax rayonu Ermənistanla 168 km məsafədə yerləşir. Dağlıq Qarabağ, Ermənistan– Azərbaycan münaqişəsi nəticəsində Qazax rayonunun 12 kəndini işğal etmişlər. İşğal olunmuş 12 kənddən 5-i Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra geri qaytarılmışdır. Hazırda 7 kənd işğal, 13 kənd isə erməni hərbi birləşmələrinin atəşi altındadır. Xocalı soyqırımında olduğu kimi Qazax rayonunun Bağanıs Ayrım kəndində Dədəş Əsliyevin 4 nəfərdən ibarət ailə üzvü və 3 nəfər kənd sakini ermənilər tərəfindən diri-diri yandırılmışdır.

Qazax rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş kəndləri bunlardır.

1. Bağanıs Ayrım- 24.03.1990

2. Xeyrimli- 08.03.1992

3. Barxudarlı- 27.04.1992

4. Sofulu- 27.04.1992

5. Qızıl Hacılı- 11.05.1992

6. Yuxarı Əskipara- 08.06.1992

7. Aşağı Əskipara- 14.06.1992

Bu kəndlərin işğalı nəticəsində Qazax rayonunda 7902 nəfər olmaqla 2005 məcburi köçkün ailəsi, 656 nəfər olmaqla 178 qaçqın ailəsi məskunlaşmışdır. Qazax rayonunun işğal olunmuş kəndlərinin əhalisi hazırda Qazax şəhərində və rayonun digər kəndlərində məcburi köçkün kimi məskunlaşmışlar. Bunlardan 299 ailə Qazaxbəyli kəndi ərazisində salınmış qəsəbədə, 113 ailə Dövlət Qaçqınkomun xətti ilə tikilən evlərdə, 123 ailə ictimai binalarda, 291 ailə qohum- tanış evlərində, 31 ailə kəndlərdə, 33 ailə təhsil müəssisələri və uşaq bağçalarında, 12 ailə öz şəxsi mənzillərində, qalanları isə bu və ya digər yerlərdə müvəqqəti məskunlaşmışdırlar.

Qazax rayonunun erməni hərbi birləşmələri tərəfindən daim atəşə məruz qalan kəndləri bunlardır.

1. Cəfərli 7.Aslanbəyli

2.Bala Cəfərli 8.Qaymaqlı

3.Quşçu Ayrım 9.Kəmərli

4.Məzəm 10.II Şıxlı

5.Fərəhli 11.Xanlıqlar

6.Daş Salahlı 12.Ağköynək

Ermənistan hərbi birləşmələrinin təcavüzü nəticəsində Qazax rayonundan 285 nəfər şəhidlik zirvəsinə ucalmışdır. Bunlardan Orucov Mühüd Qurban oğlu "İgidliyə görə" medal, Hərbi xidmətdə fərqlənməyə görə "2- ci dərəcəli" və "3- cü dərəcəli" medal, AzRSQ "90 illiyi yubileyi" medalı və "95 illiyi yubileyi" medalı, Qüsursuz xidmətə görə "3- cü dərəcəli" medalı, Namazov Elvin Məmməd oğlu "Vətən uğrunda" medalı, Almazov İsə Ziyad oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" 3- cü dərəcəli medal, Mikayılov Azad Tanrıverdi oğlu "Hərbi xidmətdə fərqlənməyə görə"medalı, Əliyev Orxan Məhəmməd oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" 3- cü dərəcəli medal, Kazımov Arif Nəbi oğlu "Hərbi xidmətə görə" medal, Hacımahmudova Qaratel Şəmi qızı "Azərbaycan bayrağı" ordeni, Əsgərov Mərdan Məhəmmədəli oğlu "Hərbi xidmətə görə" medalı, Məmmədov Fidat Əhməd oğlu "Hərbi xidmətə görə"medalı, Məmmədov Müşfiq Sabir oğlu "Azərbaycan bayrağı" ordeni, Türkiyənin Bətər Federasiyası tərəfindən fəxri fərman, Əhmədov Yaşar Mayıl oğlu "Qüsursuz xidmətə görə" 3- cü dərəcəli medalı, Nəbiyev Arzu Abdulla oğlu "Hərbi xidmətlərə görə" medalı, Hüseynov Elmar Nazim oğlu "Azərbaycan bayrağı" ordeni, "İgidliyə görə" medalı, Həsənov Səlamət Muxtar oğlu "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdurlar. 7 nəfər isə Milli qəhrəman adına layiq görülmüşdür.

Milli Qəhrəmanlarımız

Mustafayev Alı Mustafa oğlu

Mustafayev Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şerlərlə çıxış edirdi.
Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir ki,"İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı.
20 noyabr 1990-cı ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi.
Ailəli idi. Üç oğul övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ölümündən sonra "Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.
2017-ci ilin aprel ayının 18-də Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur.

Çobanov Şamoy Məhyəddin oğlu

Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə Qazax şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Şamoy Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. O, 1985-ci ildə ordudan tərxis olunaraq doğma yurdu Qazax şəhərinə dönür. Əvvəllər işlədiyi müəssisədə çilingər kimi işini davam etdirir.
O, 1989-cu ildə Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. O zamanlar erməni yaraqlılarının Xeyrımlı, Yuxarı Əskipara, Bağanıs Ayrım kəndlərinə hücumları ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. Cəsur polis işçisi tez-tez erməni yaraqlıları ilə üzbəüz gəlirdi. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.
19 avqust 1990-cı ildə Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. Kəndin yaxınlığındakı “Qanlı dərə” adlanan ərazidə erməni silahlıları gözlənilmədən avtobusa hücum etdilər. Şamoy cəld avtobusdan yerə atıldı. Qanlı döyüş başladı. Düşmən geri oturdulsa da, sərnişinlərdən yaralanan və ölənlər var idi.
Həmin döyüşdə Qazax eli bir igidi də itirdi. Bu, kənd camaatının böyük hörmətini qazanmış vətənpərvər polis əməkdaşı Şamoy Çobanov idi.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Ağköynək kəndində dəfn edilmişdir.
Ağköynək kənd tam orta məktəbi və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Nəsibov Mərfət Əhməd oğlu

Nəsibov Mərfət Əhməd oğlu 1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə burada məktəbə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax Rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına şox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.
1992-ci il yanvar ayının 28-i Mərfət Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.
Qazax şəhərində adına bulaq tikilmişdir. Bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır.
Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Şamoyev Firuddin İsa oğlu

Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax Rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır.
Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O,707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi.
13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qazax şəhər 4 saylı tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Qazax şəhərində Firuddin Şamoyevin xatirəsinə tikilmiş bulaq 2017-ci ildə əsaslı təmir olunaraq yenidən qurulmuş və açılışı olmuşdur.

Musayev Aqil Hüseyn oğlu

Musayev Aqil Hüseyn oğlu 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir.
1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi-torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu.
A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır.
O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Alıcanov Rafiq Cəfər oğlu

11 iyul, 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır.

1988-ci ildə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir.O bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Babayev Əjdər Xalıqverdi oğlu

1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafanın Xətai kəndinə köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır. Ordudan tərxis olunan Əjdər Bakı şəhərinin Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü.
1985-ci ildən Ağstafa rayon polis şöbəsində xidmətini davam etdirir.
1995-ci il... 13-17 mart hadisələri...Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi Vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu.
Evli idi, dörd övladı yadigar qalıb.
Azərbaycan Respubliksaı Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Adına məktəb var.

Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 yanvar hadisələrindən sonra "20 yanvar" şəhidlərinin xatirəsinə tikilmişdir. 2012-ci ildə Şəhidlər Xiyabanı yeni layihə üzrə yenidən qurulmuşdur. Abidə Kompleksində Milli Qəhrəmanlarımızın və torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 285 qazaxlı şəhidin qara mərmərə həkk olunmuş şəkilləri vurulmuşdur.

Eyni zamanda aşağıda qeyd olunan tarix və mədəniyyət abidələri dağıdılaraq yandırılmışdır:

Yuxarı Əskipara kəndində - Məbəd V-VII əsrlər

Yeraltı yol XIV əsr

Yeraltı su kəməri XII əsr

Qüllə XII əsr

Qatır körpüsü XII əsr

Kazım Körpüsü XII əsr

Qulucanlı körpüsü XII əsr

Hamam qalıqları XII əsr

Koroğli qülləsi XII əsr

Türbə XII əsr

Şəhərgah XVI əsr

Aşağı Əskipara kəndində - Dəyirman XVI əsr

Alban kilsəsi VI-VII əsrlər

Qızıl Hacılı kəndində - Qızıl Hacılı körpüsü XII əsr

Məzəm kəndində - Qatır körpüsü XIX əsr

Qeyd: Göstərilən tarix və mədəniyyət abidələrinin dəyəri müəyyənləşdirilməmişdir.