Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə- Qazax düzənliyinin şərq hissəsində yerləşir.Qazax rayonu Şimal- qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub-qərbdən Ermənistanla 168 km sərhəddir.Ərazisi 692 kv.km, əhalisi 97562 (01.01.2019-cu ilin əvvəlinə) nəfərdir. Əhalinin 75752 nəfəri kəndlərdə, 21810 nəfəri isə şəhərdə yaşayır. Ərazinin 77 kv.km (11%), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır.

Ulu Öndər Heydər Əliyev 3 dəfə, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları isə 8 dəfə Qazax rayonuna səfər etmişdir. Ulu Öndər Heydər Əliyev Qazaxa səfəri zamanı demişdir: "Siz əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyursunuz, həm də azərbaycanı qoruyursunuz.Siz bütün Azərbaycan xalqının dayağısınız".

Əhalinin ümumi sayının 49,2%-i kişilər, 50,8%-i qadınlardır. Əhalinin 99,6%-ni azərbaycanlılar, 0,4%-ni isə digər millətin nümayəndələri təşkil edir. Rayonda 387 müharibə əlili, 2429 Qarabağ müharibəsi veteranı, 207 şəhid ailəsi, 8016 məcburi köçkün vardır.

Rayonda 1 şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla, 23 inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 17 bələdiyyə fəaliyyət göstərir.Qazax rayonu kənd təsərrüfatı rayonudur.İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülük və meyvəçilik mühüm yer tutur. Ərazisinin 67,9 %-i və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 51,15%-ni və ya 24042 hektarını əkin sahələri təşkil edir.

Qazax rayonunun ümumi istifadəsində olan 69229 hektar torpaq sahəsinin 15402 hektar dövlət mülkiyyətinə saxlanılmış, 29353 hektarı bələdiyyə mülkiyyətində, qalan 24474 hektarı isə xüsusi mülkiyyətə verilmişdir.

2003-2018-ci illərdə rayonda 350 müəssisə yaradılmış, 14016 daimi olmaqla 16823 yeni iş yeri açılmışdır. Rayonda 23 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 10 mədənçıxarma, 9 emal və 4 digər sahələrdir. Sənaye fəaliyyəti ilə 1223 nəfər məşğul olur. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü rayonda 45,1%-i, respublikada 17,4%-i, respublikadan kənarda isə 37,5%-i təşkil edir.

Rayonda 1 Bakı Dövlət Universitetinin Qazax filialı, 1 Qazax Dövlət Sosial İqtisadi Kolleci və 1 Peşə Liseyi, 46 ümumtəhsil məktəbi (33 tam orta, 1 məktəb lisey, 6 ibtidai, 6 ümumi orta), 25 məktəbəqədər və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

"Müalicə Diaqnostika Mərkəzi", "Labmed" özəl tibb mərkəzi, Qazax rayon Doğum evi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, (113) Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Gigiyena və Epidemiologiya Mərkəzi, 6 xəstəxana, 15 həkim və 13 tibb məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.Rayonda "Heydər Əliyev Mərkəzi", "Şahmat məktəbi", Qazax Dövlət Rəsm Qalereyası, Səməd Vurğun Poeziya evi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialı, Qazax Dövlət Dram Teatrı, 1 kinoteatr, "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğu, 3 muzey, 1 ev muzeyi, 2 uşaq musiqi məktəbi, 21 mədəniyyət evi, 43 kitabxana, 24 klub vardır.

Qazaxda 112 daşınmaz tarix və mədəniyyət abidələri vardır ki, bunlardan 45 -i memarlıq, 54 -ü arxeoloji, 7-si monumental və xatirə, 5-i isə dekorativ-tətbiqi sənət nümunələridir.

Rayonda "Gənclər Mərkəzi", Qazax Olimpiya İdman Kompleksi, Şəhər stadionu, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 2 atıcılıq tiri vardır.

Rayon ərazisində 6 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbəsi, 1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Qazax rayonu ərazisində 41 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir.

Rayonda 4 siyasi partiya, 4 məscid, 1 ziyarətgah, 4 islam yönüllü dini icma, 17 QHT fəaliyyət göstərir.1 seçki dairəsi, 38 məntəqə və 43539 seçici vardır. Bundan başqa rayon ərazisində olan 12 seçki məntəqəsi və 13554 nəfər seçici 106 saylı Tovuz-Qazax-Agstafa seçki dairəsinə daxildir.

Qazax rayonunda kütləvi informasiya vasitələrindən "Göyəzən" ictimai-siyasi qəzeti və goyezen.az saytı fəaliyyət göstərir. Qəzetin və saytın təsisçisi Qazax rayonu İcra Hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən, sayt isə 2016-cı ildən fəaliyyətə başlamışdır. Qəzet əvvəllər "Kommuna yolu", "Qalibiyyət Bayrağı" adı ilə nəşr olunmuş, 1988-ci ildə "Göyəzən" adlandırılmışdır.