Gəncədə Ümumrespublika “Xəmsə” Festivalının bağlanış mərasimi keçirilib

Gəncədə Ümumrespublika “Xəmsə” Festivalının bağlanış mərasimi keçirilib

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən Ümumrespublika “Xəmsə” Festivalının Gəncə şəhərində final mərhələsi və bağlanış mərasimi olub.
Günün birinci yarısında festival iştirakçıları Gəncədə Nizami Gəncəvinin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər. Sonra Gəncə Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsi anılıb.
Ümumrespublika “Xəmsə” Festivalının 9 regional turunda finala vəsiqə qazanan 16 komanda Gəncə Şəhər Heydər Əliyev Mərkəzində final mərhələsi üzrə qrup və yarımfinal oyunlarında birincilik uğrunda mübarizə aparıb. Final oyununun nəticələrinə əsasən Səbail komandası birinci, Gəncə komandası ikinci və Ucar komandası üçüncü yerin sahibi olub.
Heydər Əliyev Park Kompleksində Ulu Öndərin abidəsi önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında xatırladaraq qeyd edib ki, 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu Yeni Azərbaycan Partiyası tərəfindən bütün bölgələrdə Nizami irsinin öyrənilməsi, onun dünya mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələrlə bağlı “Xəmsə” festivalı keçirilib. Bu gün isə Gəncədə festivalın yekunu təşkil olunub.
Ağacəkmə kampaniyasından sonra festivalın bağlanış mərhələsi keçirilib.
Festivalın bağlanış mərasimi Vətən müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Həmid Nəsirov, YAP Gənclər Birliyinin üzvləri və şəhər icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Festivalda qalib gəlmiş komandaların üzvləri kubok, diplom və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamına əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə keçirilən tədbirlərdən biri də YAP Gənclər Birliyi tərəfindən təşkil edilən Ümumrespublika “Xəmsə” Festivalıdır. Layihə Azərbaycanda ilk dəfə açıq havada keçirilən intellektual festivaldır. Festivalda, ümumilikdə, 84 şəhər və rayondan 420 gənc iştirak edib. Komandaların tərkibi Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılıb.