Gəncə sakinləri Prezident İlham Əliyevə yazırlar: 'Sizin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməyiniz bizi fərəhləndirir'

Gəncə sakinləri Prezident İlham Əliyevə yazırlar: 'Sizin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməyiniz bizi fərəhləndirir'

Prezident İlham Əliyevə Gəncə sakinlərindən minnətdarlıq məktubları gəlməkdə davam edir. Həmin məktubların bir neçəsini təqdim edirik.

Gəncə şəhərinin Nizami rayonundan Zaman Əsgərov və Anar Savadov dövlətimizin başçısına yazırlar: “Hörmətli cənab Prezident, bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuza, qayğımıza qaldığınıza, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına görə hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Sizin bu gün respublikamızın inkişafı, dünya səviyyəsində yaxşı mənada tanınması, ölkəmizdə apardığınız quruculuq və abadlıq işləri, aztəminatlı ailələrə göstərdiyiniz qayğı və diqqət, müharibə veteranları və şəhid ailələrinə, ümumən xalqımıza göstərdiyiniz yüksək diqqət və qayğı üçün təşəkkür edirik. Belə bir dövrdə Sizin yorulmadan və dönmədən ölkənin inkişafına əngəl olan neqativ hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi bizim ailələrimizi də sevindirir, qürurlandırır. Hər birimiz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Sizin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməyiniz bizi fərəhləndirir. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allah Sizə cansağlığı, ailə səadəti və işlərinizdə yeni, böyük müvəffəqiyyətlər nəsib etsin! Amin!”.

Gəncə şəhərindən Gülnar Qaraxanova: “Möhtərəm cənab Prezident, dünya miqyasında böyük itkilərə səbəb olmuş və qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Sizin əvvəlcədən gördüyünüz qabaqlayıcı tədbirlər, bu barədə verdiyiniz göstərişlər icrasına vaxtında başlanılan qərarlar bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı. Xalqımızın taleyini fikirləşmək, onun qayğısına qalmaq, bizi gözlənilən hər hansı təhlükədən xilas etmək həmişə diqqət mərkəzinizdə olmuşdur. Çünki Siz həmişə xalqı düşünən bir dövlət başçısı kimi bunu fəaliyyətinizlə nümayiş etdirmisiniz. Sizin Azərbaycan təhsilinə, səhiyyəsinə və digər sahələrə olan diqqət və qayğınız danılmazdır. Mən bir təhsil işçisi olaraq bu sahənin inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqla birgə olduğunuz üçün Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük”.

Sevda Abdullayeva: "Hörmətli cənab Prezident, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin, Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun".