Heydər Əliyev Muzeyi

Heydər Əliyev Muzeyi

Heydər Əliyev Mərkəzi Gəncənin möhtəşəm binalarındandır. Təməli 2012-ci ildə qoyulan və 2014-cü il yanvarın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu tikili şəhərsalma memarlığının ən son nailiyyətlərini özündə əks etdirir.
Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib.

Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir. Muzeydə ümummilli liderin müxtəlif illərdə Gəncə şəhərinə tarixi səfərləri geniş yer alıb.
Heydər Əliyev hakimiyyəti illərində Gəncə şəhərinə böyük qayğı ilə yanaşmış bir çox işlər görmüşdür. Muzeydə Heydər Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə Gəncənin iqtisadiyyatının, mədəniyyətinin və maarifnin inkişafını əks etdirən fotostendlərə də geniş yer verilib.
Muzeyin güşələrində Gəncənin son illərdə keçdiyi sosial-iqtisadi inkişaf yolundan, Cənab Prezident İlham Əliyevin qədim Nizami yurduna göstərdiyi diqqət və qayğıdan bəhs edən nümunələrə geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

Muzeyin ekspozisiyasında filmləri izləmək üçün xüsusi ekran quraşdırılmışdır.