“Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda onlayn tədbir keçirildi

“Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda onlayn tədbir keçirildi

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 №-li kitabxana filialı “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda onlayn tədbir keçirdi. Təbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, K.D.Uşiniski adına 29 №-li orta məktəbin şagirdləri iştirak edirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova bildirdi ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva çıxış edərək qeyd etdi ki, narkomaniyanı sonradan müalicə etməkdənsə, əvvəlcədən bu bəla haqqında maarifləndirməni gücləndirib, profilaktik tədbirlər görülməlidir. Bunun üçün müxtəlif təhsil ocaqlarında şagirdlərin və gənclərin asudə vaxtını səmərəli təşkil etmək lazımdır. Həm məktəbdə müəllimlər, həm də ailədə valideynlər uşaqlara bu vərdişin zərərli olmasını aşılamalı, “Narkomaniyaya yox deyərək özünü, ailəni, ərtrafını xilas et!” devizi ilə maarifləndirməni gücləndirməlidirlər.
Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Məmmədova çıxış edərək bildirdilər ki, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir, insanı fiziki və psixoloji cəhətdən məhv edir. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.
Tədbir boyu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva verilən sualları cavablandırdı.