“Haqq savaşımızın ilk şəhid həkimi”

“Haqq savaşımızın ilk şəhid həkimi”

Dünyada ən müqqəddəs duyğu Vətəni sevmək, qoynunda boya başa çatdığın torpağın müqəddəsliyini hiss edib, onun yolunda canından keçməyə hazır olmaqdır. Yalnız bu yolda canında keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur.
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16№-li kitabxana filialı “Haqq savaşımızın ilk şəhid həkimi” mövzusunda II Qarabağ - Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəylinin ailəsi ilə onlayn keçirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, tarixin hansısa səhifəsini vərəqləyib, xalqımızın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. Azərbaycan yenilməz, mübariz xalq olduğunu Vətən üçün canından keçməyə hazır olan, şəhidlik zirvəsinə ucalan qəhrəmanları ilə təsdiqləyir. Belə qəhrəmanlarımızdan biri, gülərüz siması ilə yaddaşlara həkk olub yaşayan Turqut Xəlilbəylidir.
Şəhid Turqut Xəlilbəylinin atası Nadir Hüseynov, əmisi həkim Çingiz Məmmədov, döyüş yoldaşı, dostu, tibb xidməti baş leytenantı, həkim Cəmşid Qiyaslı Turqut haqqında xatirələrini danışdılar, onun cəbhədə göstərdiyi qəhrəmanlıqlar barədə məlumat verdilər. Atası Nadir Hüseynov Turqut Xəlilbəylinin xatirəsinə hazırladıqları güşəni tədbir iştirakçılarına nümayiş etdirdi.
Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək qeyd etdilər ki, 44 günlük Vətən müharibəsində mənfur düşmənə ağır zərbələr vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar. “Polad Həşimov səngər generalıdırsa, mən də səngər həkimiyəm” deyən Turqut Xəlilbəyli qəhrəmanlığı və məqamı ilə səngər generalımız Polad Həşimovun davamçısı oldu. O, yaddaşlarda qəhrəman bir həkim kimi qaldı. Vətənini, torpağını sevən xalq olaraq Azərbaycan digər qəhrəman övladları kimi, Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəylini heç zaman unutmayacaq, onun əziz xatirəsini daim yad edəcəkdir!