"Tarixi abidələr məkanı - Qubadlı"

"Tarixi abidələr məkanı - Qubadlı"

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialı Qubadlı rayonunun işğaldan azad olunması ilə əlaqədar "Tarixi abidələr məkanı - Qubadlı" mövzusunda onlayn tədbir keçirdi.
Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı. O, öz çıxışında bildirdi ki, Qubadlı qədim tarixə malik ərazilərimizdəndir. Bəzi antropoloqların fikrinə görə rayonun əhalisi Qafqazda ən qədim xalqlardan sayılan Kaspi (Oğuz) tipinə aiddir. Rayonun ərazisində qədim insan məskənlərinə rast gəlinir.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova, kiçik elmi işçisi Dursun Əliyeva, MKS-nin 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova, Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva və Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix Diyarşunaslıq Muzeyinin direktoru Aygün İmanova öz çıxışlarında qeyd etdilər ki, 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verdi. Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi! Ali Baş Komandanımiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti və Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı. Uzun illərdir mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri Qubadlı şəhəri və Qubadlı rayonudur. Ötən əsrlərdə Qubadlı dəfələrlə Ermənistan işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Ermənilər Qubadlıda 205 mədəni – məişət obyektini, 12 tarixi abidəni, 5000-dən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini yandıraraq talan etmişdilər. Bu gün, şükürlər olsun ki, Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bir çox rayon, şəhər, kəndlərimiz daxil olmaqla, 25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu və şəhəri düşmən işğalından azad olundu. Öldürülən, əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı.