Gəncə terrorunun qurbanları ehtiramla yad edildi

Gəncə terrorunun qurbanları ehtiramla yad edildi

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə dəstək Mərkəzinin təşəbbüsü Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə MKS-nin 16 №-li kitabxana filialı və Gəncə şəhər K.D.Uşinski adına 29 №-li tam orta məktəbin təşkilatçılığı ilə 2020-ci ildə II Qarabağ müharibəsi zamanı Gəncədə törədilmiş erməni terroru qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq düşmən raketi atılmış, dağıdılmış evləri ziyarət edib, terrorun qurbanlarının əziz xatirəsini hörmətlə ehtiramla yad etdilər.
Səfərdə Göygöl UADM-dən bəhrələnən uşaqlar və şəhər K.D.Uşinski adına 29 №-li tam orta məktəbin şagirdləri iştirak etdilər.
Səfər zamanı yaxın ərazidə yaşayan zərər çəkmiş sakinlər Samir Allaverdiyev, Fuad Hüseynov və Rüfət Allahverdiyev həmin gecə ilə bağlı keçirdikləri hissləri uşaqlarla bölüşdülər və dəhşətli gecənin onlardan aldığı qohumları, qonşuların xatirəsini yenidən andılar.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Gəncə şəhər K.D.Uşinski adına 29 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, Gəncə MKS-nin 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova və Göygöl UADM-nin psixoloqu Günay Qarayeva uşaqlara məlumat verərək əsrlərdir ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən amansızlıqlardan bəhs etdilər. Onlar bildirdilər ki, Ermənistanın Azərbaycana təcavüzü, ərazi iddiaları, əhalisinə qarşı soyqırımı və hərbi cinayətlərinin tarixi yüz illərə söykənir. Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.
Məlumat zamanı qeyd edildi ki, ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi bölgədən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktyabrın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır.
Sonda terror qurbanları böyük ehtiramla yad edildi və onların xatirə güşəsi önünə gül və oyuncaqlar düzüldü.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.