"Gənc Heydərçilər" dərnəyi

"Gənc Heydərçilər" dərnəyi

"Gənc Heydərçilər" dərnəyi

15.09.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Gənc Heydərçilər" dərnəyini Zoom proqramı vasitəsilə onlayn keçirdi. Dərnəyin üzvləri K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdlərindən ibarətdir.
Dərs "Ulu Öndər Heydər Əliyev və Azərbaycan musiqisi" mövzusunda keçirildi. Dərs zamanı Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, Azərbaycan bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan bəhs edildi. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bəstəkar və musiqişünaslara qayğı ilə yanaşıb. Sovet dövründə nüfuzlu teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, musiqilərinin səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, dünyada tanındı. Dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi dahi şəxsiyyətin adı ilə bağlıdır. O, bildirdi ki, Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan Ümummilli Lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı. Böyük öndərin, Ü. Hacıbəylinin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi bu gün də yaddaşlarda yaşayır. Ulu Öndər Heydər Əliyev demişdir: "Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.
29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova bildirdi ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Sonda şagirdlər sual-cavab edildi. Şagirdlər sual-cavabda fəal iştirak etdilər. Onları maraqlandıran suallar cavablandırıldı.
Dərnəyin təşkil edilməsində göstərdiyi dəstək üçün 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya təşəkkür edirik.