Şəhid Hikmət Lətif oğlu Məmmədovun ailəsi ilə görüş keçirildi

Şəhid Hikmət Lətif oğlu Məmmədovun ailəsi ilə görüş keçirildi

Gəncə şəhər Regional İdarəsinin təşəbbüsü, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi filialının təşkilatçılığı ilə şəhid Hikmət Lətif oğlu Məmmədovun ailəsi ilə görüş keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, dostları, iş yoldaşları, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mir Cəlal Paşayev Ev Muzeyinin və Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak etdilər.
Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, II Qarabağ müharibəsində Azərbaycanın müxtəlif sahələrdə çalışan minlərlə igid oğullarımız öz qanları və canları ilə bu qələbənin qazanılmasında şücaət göstərib. Bu döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımız sırasında mədəniyyət işçiləri də olmuşdur. Bu gün xatirəsini andığımız şəhid Hikmət Məmmədov Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi filialının bələdçisi olub. Vaxtilə Azərbaycan mədəniyyətinə xidmət edən Hikmət Vətən yolunda canından keçərək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.
Şəhidin atası Lətif Məmmədov oğlu haqqında xatirələrinin danışdı. Qeyd etdi ki, həyat yoldaşını hələ gənc yaşlarında itirən ata övladları üçün həm ata, həm də ana olmuşdur. Hikmət ailənin böyük övladı olduğu üçün həmişə ona dayaq olmuş, balaca qardaşının təhsili ilə yaxından maraqlanmışdır. Hikmətin ən böyük arzusu qardaşının universitetə qəbul olması olub.
Şəhidin əmisi Nəsib Məmmədov, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi filialının müdiri Gülnarə İsmayılova, bibisi qızı Samirə Əliyeva, dostu Ramiz Həsənov, iş yoldaşları Dilarə Zeynalova, Vəfa Əliyeva, Aynurə Hüseynova şəhid Hikmət Məmmədov haqqında xatirələrini danışdılar. Gəncə Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək Hikmət və onun kimi igid oğullarımızın daim qəlbimizdə yaşayacağını qeyd etdi.
Tədbirdə Gəncə Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanovanın və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi Aynurə Hüseynovanın şəhid Hikmət Məmmədov haqqında hazırladıqları video-çarxlar nümayiş olundu