15 aprel- Beynəlxalq Mədəniyyət Günü

15 aprel- Beynəlxalq Mədəniyyət Günü

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü Gəncə və Samux Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı və mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə “15 aprel- Beynəlxalq Mədəniyyət Günü” ilə əlaqədar videokonfrans keçitildi. Tədbiri giriş sözü ilə açan Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Beynəlxalq Mədəniyyət günü haqqında məlumat verərək qeyd etdi ki, bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib. Ona görə də bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova öz çıxışında bildirdi ki, XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövrün başlanğıcı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması və təbliği üçün mümkün olan hər şeyi edirdi.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Tacir Qurbanov Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə hər zaman açıq olmasından bəhs etdi. Çünki Azərbaycan mədəniyyəti həm Şərq, həm də Qərb mədəni dəyərlərini özündə ehtiva edir. Ona görə də Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var.
Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva, Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, Goranboy rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyyam Quliyev, Samux rayon MKS-nin direktoru Şəhla Abdullayeva, Gəncə MKS-nin 16 nömrəli kitabxana fillialının böyük kitabxanaçısı Mirvari Cəfərova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanova və Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Məmmədova öz çıxışlarında bildirdilər ki, Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir.
Sonda Gəncə şəhər Heydər Əliyev Mərkəzinin Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar hazırladığı video-çarx nümayiş olundu.