Gəncə Şəhər Heydər Əliyev Mərkəzi 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar “Milli qürur hissi doğuran gün” mövzusunda onlayn tədbir keçirdi

Gəncə Şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən MKS-nin 16 №li kitabxana filialı ilə birlikdə 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar “Milli qürur hissi doğuran gün” mövzusunda Zoom proqramı vasitəsilə onlayn tədbir keçirdi.
Tədbirdə Gəncə şəhəri İsrafil Məmmədov adına 27 №li liseyin və 22 №li orta məktəbin şagirdləri iştirak etdilər. Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva tədbiri giriş sözü ilə açaraq birlik və bərabərlik, vətənə və milli dövlətçiliyə sədaqət günü olan Milli Dirçəliş günü münasibəti ilə hər kəsi təbrik etdi. Bu il bu bayramın xüsusi coşğu, fərəh və qürur hissi ilə qeyd edildiyini bildirdi.
Mərkəzin elmi işçisi Gülər Ellazova çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasətin və Müzəffər Azərbaycan ordusunun tükənməz gücü ilə mənfur düşmənlərin işğal etdiyi 20% Azərbaycan torpaqlarının azad edilməsi bu günü daha böyük sevinc və qürur hissi ilə qeyd edilməsinə səbəb oldu.
MKS-nin 16 №li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova öz çıxışında qeyd etdi ki, bu xalq hərəkatı XX əsrin 80- ci illərinin sonu Azərbaycan xalqının müstəqilliyə doğru addımlamasında ilk təfəkkür oyanışı idi.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Sonda tədbirin təşkilində fəal iştirakı üçün sinif rəhbəri Gülsədət Məmmədovaya təşəkkür edirik.