“Azərbaycanın davamlı, dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda onlayn tədbir keçirildi

“Azərbaycanın davamlı, dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda onlayn tədbir keçirildi

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gəncə, Siyəzən, Qəbələ Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Azərbaycanın davamlı, dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadıq Qurbanov, Gəncə şəhərinin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Heydər Əliyev Mərkəzlərinin direktorları və əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində Heydər Əliyev Mərkəzlərinin xidmətlərindən bəhs etdi. Həmçinin o, öz çıxışında qeyd etdi ki, Respublikamızın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilməsi ölkəmizin dinamik inkişafının bariz nümunəsidir.
Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadıq Qurbanov öz çıxışında bildirdi ki, tarixin bütün mərhələlərində şəxsiyyətin rolu danılmazdır. Bəzən güclü şəxsiyyətlər tarixin mühüm mərhələsinin başlanğıcı kimi çıxış edirlər. Belə mühüm tarixi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir. Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. O, çıxışının sonunda Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarına Ulu Öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliğindəki fəaliyyətlərində uğurlar arzuladı.
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, Ümummilli lider kimi əbədilik qazanıb. Müstəqil Azərbaycanın təməli Heydər Əliyevin siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır. O, şəhərin ictimai-siyasi həyatında Heydər Əliyev Mərkəzinin xidmətlərinin danılmaz olduğunu qeyd etdi.
Milli Məclisin deputatı Müşfiq Cəfərov öz çıxışında qeyd etdi ki, bu gün ölkəmizdə həm idmanın inkişafı, həm də gənclərlə bağlı çoxsaylı layihələrin icra edilməsi vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclərlə iş sahəsindəki siyasətin nəticəsidir. Məhz Ulu Öndər hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq bu sahədə həyata keçirilmiş islahatlar, qəbul edilmiş qərarlar, eləcə də çoxsaylı fərman və sərəncamlar sonrakı illərdə Azərbaycanı bütün dünyada tanınan idman ölkəsinə, gənclər siyasətini isə geniş hərəkata çevirib. O, öz çıxışında qeyd etdi ki, “Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı”, “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihələr çərçivəsində keçirilən tədbirlərin bir çoxuna Gəncə şəhər Heydər Əliyev Mərkəzi ev sahibliyi etmişdir.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova şəhərin mədəni-ictimai həyatında Gəncə şəhər Heydər Əliyev Mərkəzinin rolundan bəhs etdi. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini yaxşı bilirdi. Bəlkədə bu səbəbdən idi ki, Nizami yurdunu daim diqqətdə saxlayırdı. Hədəf Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi. SSRİ də öz sözünü deyən Gəncə müəssisələrinin əksəriyyətinin əsası Heydər Əliyevin adı ilə bağlı idi.
Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova öz çıxışında qeyd etdi ki, Heydər Əliyev Mərkəzləri Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə digər müəssisə və təşkilatlarla sıx əməkdaşlıq edir.
Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova öz dəyərli fikirlərini söylədilər.