Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictımaiyyətini aldatmağa başlamışlar.
Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri işğal edilmişdir. Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal altındadır.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.

Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.
Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.
1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılır.
İstər Azərbaycanın işğal edilmiş ərazilərində, istərsə də Ermənistan respublikası ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi bu gün də erməni vandalları tərəfindən davam etdirilir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınır.

Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 371 şəhid verib.

Əliyev Nəriman Məcid oğlu

Nəriman Məcid oğlu Əliyev 22 iyul 1969-cu ildə Gürcüstan Respublikasının Batumi şəhərində anadan olmuşdur. Batumi şəhərində orta məktəbi bitirdikdən sonra Nəriman Əliyev təhsilini Batumi şəhər Texniki-Peşə məktəbində davam etdirmişdir. N.Əliyev daha sonra bir müddət Batumi şəhərindəki emalatxanaların birində dəmirçi kimi işləmişdir. Nəriman Məcid oğlu gənc yaşlarından etibarən idmanın sambo növü ilə məşğul olmuş, yoldaşları arasında mahir sambocu kimi tanınaraq, respublika mükafatçıları sırasında yer almışdır. N.Əliyev Ukrayna Respublikasının Lvov şəhərində sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildə ailə üzvləri ilə birgə Gəncə şəhərinə köçmüşdür. N.Əliyev ilk öncə Gəncə Sənaye Materialları Kombinatında işləməyə başlamışdır. Ermənilərin Azərbaycan torpaqlarına olan hücumlarına dözməyən gənc Nəriman 7 oktyabr 1992-ci ildə cəbhəyə könüllü olaraq getmişdir. Kiçik leytenant Nəriman Əliyev əvvəlcə Laçın rayonunda təcavüzə məruz qalan kəndlərdə yerli əhaliyə kömək etmiş sonra isə könüllülərdən ibarət olan polkun döyüşçüsünə çevrilmişdir. Cəsur döyüşçü ölümün gözünə dik baxaraq daim döyüşlərdə ön sırada getmişdir. Dəfələrlə erməni quldurlarının postlarını, silah anbarlarını təkbaşına məhv etmişdir. N.Əliyev Ağdərə, Qozlu, Çıldıran, Dronbon kəndlərinin düşmən tapdağından təmizlənməsində xüsusi mərdlik, qəhrəmanlıq göstərmişdir. 8 fevral 1993-cü ildə Vaqauz kəndi uğrunda gedən döyüş Nəriman Əliyev üçün sonuncu döyüş oldu. Daim ön sırada mərdliklə döyüşən igid vətənpərvər bu dəfə düşmənin atdığı topun hədəfinə çevrildi. Beləliklə, cəmi 24 il ömür sürən, həyatı gənc yaşlarından dəmir kimi bərkiyən, ürəyində Vətən sevgisi mətinləşən bir gəncin ömür səlnaməsi başa çatmışdır. Nəriman Əliyev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Nəriman Əliyev nişanlı idi. Valideynləri ilə birlikdə Gəncə ş. Yusif Kosayev küç. 24 saylı evdə yaşayırdı.

Böyükzadə Elşən Böyük oğlu

Böyükzadə Elşən hələ 4-5yaşından hərbçi olmaq istəyirdi. Həmişə əmisinin tankçı olduğunu, onun əsgəri şəkillərini görüb həvəslənərək hərbçi olmağı arzulayardı. Əmisinin zabit papağını alıb başına qoyaraq: “Mən də mütləq tank komandiri olacağam” deyərdi. Elşən Böyükzadə 1993-cü ilin sentyabrında nişanlanmışdı. Yazda toyu olacaqdı. Amma......

Böyükzadə Elşən Böyük oğlu 17 avqust 1972-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə 2 saylı səkkizillik məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1985-ci ildə İ.Qayıbov adına 1 saylı orta məktəbin 7-ci sinifini bitirmiş, hərbçi olmaq həvəsiylə həmin il C.Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olmuşdur. 1988-ci ildə sənədlərini Kazan Ali Hərbi tank komandirləri məktəbinə vermiş, lakin qəbul ola bilməmişdir. 1989-cu ildə Saratov Ali Hərbi Kimyəvi Mühafizə Mühəndisləri məktəbinə qəbul olmuşdur.

1992-ci ilin fevralında “Vətənim Azərbaycan əldən getdiyi bir vaxtda mən burada necə sakitcə dərsə gedim, mən hadisələrə laqeyd qala bilmərəm” deyə 3-cü kursdan məktəbi yarımçıq tərk etmək istəmiş, lakin atası Elşəni bu fikrindən döndərmişdi. Ancaq 1992-ci ilin noyabrında, 4-cü kursda olarkən Bakı Ali Ümum hərbi komandanlıq məktəbinin 4-cü kursuna yerini dəyişməklə Vətəninə dönmək istəyinə nail olmuşdur. 1993-cü ilin mayında Bakı Ali Ümum hərbi komandanlıq məktəbini bitirərək, müstəqil Azərbaycan Respublikasının Silahlı qüvvələrinin Tovuz rayonunda sərhəd zonasında yerləşən N saylı h/hissəsində “Kimyəvi mühafizə” rotasının komandiri vəzifəsinə təyinat almışdır. Həmin h/h 1993-cü ilin iyulunda ləğv edildiyi üçün leytenant E.Böyükzadə 1993-cü ilin avqustunda Gəncənin Hacıkənd-Göygöl bölgəsini qoruyan 701 saylı h/hissədə “Kimyəvi mühafizə” rotasının komandiri vəzifəsinə təyin olunmuşdur. O, burada öz rotasıyla Toğana 1-ci və 2-ci körpü, Sarısu və s. mövqelərə nəzarət etmişdir. 1993-cü ilin dekabr və 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşaraq Yanşaq yaşayış ərazisinin azad edilməsində iştirak etmiş, sonra o, bir müddət öz rotasıyla Qaragöl, Şişdağ mövqelərində müdafiədə dayanmışdır.

Lakin 1994-cü il 10 fevralında Kəlbəcər rayonunun düşməndən azad edilmiş Yanşaq kəndi ərazisini qorumaq üçün aparılan əməliyyat leytenant E.Böyükzadənin son döyüşü olur. Fevralın 11-i səhər saat 9-dan 11-ə kimi düşmən mövqelərimizi top atəşinə tutmuş və sonra piyadalarla hücuma keçmişdir. Bu zaman E.Böyükzadə və əsgəri Elçinlə birlikdə ağır yaralanmış əsgər Baxşəlini döyüş zonasından çıxarmaq istəyərkən Elşəni və əsgərini düşmən snayperinin gülləsi yaxalamış, əsgər həlak olmuş, Elşən isə yaralanmışdır. Ağır yaralanan komandir E.Böyükzadə düşmənlə təkbaşına döyüşərək, sağ qalmış əsgərlərin mühasirədən çıxmasına şərait yaratmış və özü döyüş meydanında düşmənlə təkbətək vuruşmuşdur.

Bu döyüşdən sonra leytenant Elşənin taleyi bu günədək naməlum qalmış, ailəsinin tək ümid çırağı olan Elşən itkin düşmüşdür.

Həsənov Nemət Arif oğlu

Nemət Arif oğlu Həsənov 1974-cü il may ayının 6-da Gəncə şəhərində anadan olmuşdur. Lap uşaq yaşlarından öz sakit və mülayim xasiyyəti ilə dostlarının sevimlisinə çevrilən Nemət Həsənov 4 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra ailə vəziyyətinə görə işləməyə məcbur olmuşdur. Kiçik yaşından ataları atıb getmiş və ana, 2 qardaş və bir bacının yükü Nemətin üzərinə düşmüşdür.
Cəbhədə şiddətli döyüşlər gedən bir vaxtda Nemət də 1992-ci ildə ordu sıralarına çağırılmış və Naxçıvanda N saylı hərbi hissədə xidmət etmişdir. Həmin vaxtlar Naxçıvanın sərhədlərində vəziyyət həddindən artıq ağır idi. Nemət Həsənov bir neçə döyüş əməliyyatında iştirak etmiş, igid kəşfiyyatçı kimi tanınmışdır. Həsənov Nemət 1994-cü ildə Sədərəkdə qəhrəmancasına şəhid olmuşdur.

“N” saylı hərbi hissənin komandiri Elşad Nağıyevin Nemətin valideynlərinə göndərdiyi məktub:

“ Hörmətli Güllü və Arif Həsənovlar. Sizin oğlunuz Həsənov Nemət Arif oğlu “N” saylı hərbi hissədə 5 sentyabr 1992-ci ildən 27 may 1994-cü ilədək xidmət etdiyi müddətdə özünü ancaq müsbət cəhətlərlə, nizam-intizamlı, əmrlərə tabe olan bir əsgər kimi göstərmişdir.Verilən tapşırıqları vaxtlı-vaxtında və keyfiyyətli yerinə yetirirdi. Öz tabeliyində olan əsgərlərə həmişə nümunə olmuş və hərbi xidmətində fərqlənmişdir. Zabit və gizirlərin hörmətini qazanmışdır. 1994-cü il 27 may tarixində 36 nəfərdən ibarət olan tağımla öz döyüş mövqelərində cəsarətlə və mərdliklə durarkən 400-450 nəfərə yaxın rus və erməni birləşmələrindən olan qoşunun hücumunun qabağını alaraq düşmənin çoxlu canlı qüvvəsini məhv edərək öz döyüş yoldaşlarının mühasirədən çıxarılmasına köməklik göstərmiş, 5 nəfər yoldaşı ilə bərabər yaralanmış və düşmən əlinə sağ keçməsin deyə özünü məhv etdikdən sonra meyidi düşmən əlinə keçmişdir. Naxçıvan MR Ali Məclisinin və komandanlığın köməkliyi ilə gün yarımdan sonra şəhidlərin cəsədi geri qaytarılmışdır.
Hərbi hissənin komandanlığı Sizin kədərinizə qoşularaq dərin hüznlə başsağlığı verir ”.

Yuxarıdakı baş-sağlığını imzalamış hissə komandiri polkovnik-leytenant Elşad Nağıyev də artıq bu gün yoxdur. O, Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.

Qafarov Elxan Aydın oğlu

Elxan Aydın oğlu Qafarov 1962-ci il may ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Gəncə şəhər 25 saylı orta məktəbi başa vurmuş və 1979-cu ildə Hərbi komissarlıq tərəfindən avtomobil sürücülüyü məktəbinə göndərilmişdir. 1980-ci ilin noyabr ayından 1982-ci ilin noyabr ayına qədər Sovet ordusu sıralarında qulluq etmiş, 1987-ci ildən Orta Asiya respublikalarında neft-qaz kəmərləri idarəsində işləmişdir.
Elxan Qafarov 1987-ci ildə Vətənə qayıtmış, qaçqınlar cəmiyyətinin nəzdində olan “Şəhriyar” kooperativində işləmişdir.
Qarabağda gedən döyüşlərdən gələn acı xəbərlərə dözməyən Elxan Qafarov 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına yazılmışdı. Elxan Gəncə şəhərində Hərbi Polisdə xidmətə başlamış, Todan, Tərtər və digər bölgələrdə gedən əməliyyatlarda da iştirak etmişdir. Lakin Elxanın döyüş yolu çox qısa olmuşdur.
1992-ci ilin aprel ayının 22-də Gəncə yaxınlığında yerləşən Zazalı hərbi bazasında baş verən şiddətli atışmada Elxan Qafarov qəhrəmancasına şəhid olmuşdur.
Beləki, Elxan Aydın oğlu həmin əməliyyatda rus hərbi qüvvələrinə məxsus vertolyotdan atılan mərminin qəlpəsindən ağır yaralanmış, daha sonra düşmənin atdığı güllə yarasından həlak olmuşdur. Mərhum 3 uşaq atası idi. Qəbri Gəncənin "Şəhidlər Xiyabanında"dır.

Abutalıbov Şirvani Pirqələm oğlu

Şirvani Pirqələm oğlu Abutalıbov 1971-ci il may ayının 21-də Qərbi Azərbaycanın Amasiya rayonunun Düz-Kənd kəndində anadan olmuşdur. 1988-ci ildə baş verən məlum hadisələrdən sonra Şirvani ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. Şirvani orta məktəbi Goranboy rayonunun Ağamalıoğlu kəndində bitirmişdir. Ş.Abutalıbov 1992-ci ilin aprel ayından Gəncə Dəmir-Yol Stansiyasında yol montyoru işləmişdir. Sonralar Azərbaycanın Milli Ordusu sıralarına çağırılmışdır.

Şivani Abutalıbov 1992-ci il sentyabr ayının 16-da Füzuli rayonu Xaçaqedi kəndi ətrafında gedən qızğın döyüşlərin birində şəhid olmuşdur. Gəncə şəhər "Şəhidlər Xiyabanı"nda dəfn olunub. Subay idi. Valideynləri ilə birlikdə Gəncə şəhəri, Tbilisi küçəsindəki 5 N-li evdə yaşayırdı.

Vaqif Vahid oğlu Əliyev

Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub, şəhidlik zirvəsinə ucalan döyüşçülərimizdən biri də Vaqif Əliyevdi.

Vaqif Vahid oğlu Əliyev 1978-ci ildə Tərtər rayonunda anadan olub, sonradan ailəsi ilə birgə Gəncə şəhərinə köçübdür. 1985-ci ildə Gəncə şəhər 25 saylı orta məktəbin 1-ci sinifinə daxil olub, 5-ci sinfə qədər həmin məktəbdə oxuyub, sonradan 1989-cu ildən təhsilini Gəncə şəhəri 12 saylı orta məktəbdə davam etdirib. Hamımıza bəllidir ki, həmin il və ondan sonrakı illər vətənimizin ağır sınaq illəri olub.

Cəbhədə qanlı döyüşlər gedirdi və hər an qara xəbərlər gəlirdi. Vətəninin bu məşəqqətli günləri Vaqifi də rahat buraxmırdı. Onun arzusu vuruşan qeyrətli oğullarımızın arasında olmaq, doğma Vətəni üçün əlindən gələni əsirgəməmək idi. 14 yaşında, orta məktəbi bitirməmiş, Vaqif cəbhəyə getmək fikrinə düşür. Dəfələrlə hərbi hissələrə yollansa da azyaşlı olduğu üçün onu geri qaytarırlar. Lakin Vaqifin inadkarlığı, vətənpərvərliyi və torpağına bağlılığı öz bəhrəsini verir. Vaqif hərbi hissəyə yazılaraq və könüllü cəbhəyə yollanır. Vaqifin döyüş yolu Ağdam bölgəsindən başlayıb. Lakin Vaqifin cəbhə yolu qısa olub. Ağır döyüşlərin birində amansız düşmənin atdığı mərmi Vaqifi ölümcül yaralayıb və həmin döyüş onun son döyüşü olub.

1993-cü ildə Vaqif gözlərini əbədi yumaraq 15 yaşında Vətən uğrunda həlak olub və şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin.

Yeganə təsəllimiz odur ki, Vaqifin adı əbədiləşdirilib, oxuduğu Gəncə şəhər 12 saylı orta məktəb onun adını daşıyır. Məktəbin qarşısında qoyulmuş büstü sanki hər bir müəllimi və şagirdi məğrur baxışlarla salamlayır, hər kəsi Vətənini sevməyə və düşməndən azad etməyə çağırır.

Qoy, Vaqifin qısa və şərəfli yolu bütün gənclərə örnək və bir məktəb olsun!

Maşallah Abbasəli oğlu Məmmədov

Maşallah Abbasəli oğlu Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. 27 saylı orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə hərbi xidmətə çağırılıb. Lakin Maşallah atası ilə birlikdə Biləcəri çağırış məntəqəsinə gedərkən Qazıməmməd yolunda avtomobil qəzasına düşüblər. Atası həlak olub, özü isə ağır xəsarət alıb. Bir müddət müalicə olunduqdan sonra həmin ilin iyul ayında Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmətə başlayıb.

1994-cü il yanvarın 28-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən qızğın döyüşdə düşmən səngərinə daxil olarkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü, dostlarına qayıdacağını vəd etsə də, ilk dəfə idi ki, vədinə xilaf çıxdı.

Məmmədov Maşallah Abbasəli oğlu ölümündən sonra, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 24 iyun tarixli 859 nömrəli Sərəncamı ilə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif edilmişdir.

Bölük komandiri M.İ.Bəbirovun imzaladığı xidməti xasiyyətnamədən:

Sıravi Məmmədov M. A. 1993-cü ilin iyulundan bizim taborun əsgəri idi. Fiziki cəhətdən müəyyən qüsuru olmasına baxmayaraq, qeyrətinə güvənən igid lazımi distansiyaları keçərək xüsusi təyinatlı hissədə xidmət etmək istəyi ilə bizim tabora gəlmişdi. Elə ilk günlərdən fədakarlığı, işbilənliyi bütün əsgər yoldaşlarına örnək idi.

Döyüş bölgəsinə gəldiyimiz vaxtdan sıravi Məmmədov cəsur hücumçu, sərrast döyüşçü idi. Hamı ona oxşamağa, ondan öyrənməyə çalışırdı. Təxminən otuza yaxın döyüşdə iştirak etmişdi. Və hər dəfə də Maşallahın olduğu qrup ağılasığmaz manevrləri, taktiki gedişləri ilə hamını mat qoyurdu-cəsarətlə döyüşür, sarsıdıcı zərbələr endirirdilər. Döyüşdən qayıdanda əsgər yoldaşları fəxrlə ondan danışır, sərrast atəşlərlə neçə düşmən öldürdüyünü sadalayırdılar. Qranatomyotçu olsa da, hücumda rabitəni də özü götürür, lazım olanda başqa silahlarla da düşmənin başına od ələyir, hamıdan qabaq düşmən səngərinə girməyə tələsirdi və həmişə uğurla geri dönən Maşallah ona verilmiş adı bir daha doğrultduğunu qeyd edirdi.

Dəfələrlə güllə yağışı altından yaralı daşımış, dəfələrlə dəqiq atəşi ilə yoldaşlarını xilas etmişdi.

Belə uğurlu xidmətinə görə Taborun igid əsgər komandirləri tərəfindən təşəkkürnamələrə və fəxri fərmanlara layiq görülmüşdü.

Son döyüşdə - 28 yanvar 1994-cü ildə Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə düşmən səngərinə girərkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü dostlarına qayıdacağını vəd elədi və xidmət etdiyi dövrdə birinci dəfə yanıldı...

O, nümunəvi qiymətlərlə bitirdiyi 27 №-li orta məktəbin ilk şəhidi oldu. Taborumuz ən ləyaqətli döyüşçülərindən birini itirdi...

Hərbi hissə komandanlığı hələ qeyd eləmədiyim çox çox qəhrəmanlıqlarına görə ölümündən sonra sıravi Məmmədov Maşallah Abbasəli oğluna ”Azərbaycan bayrağı” ordeni təqdim edib.

Əsgər yoldaşlarının tələbinə əsasən Tabor komandanlığı Gəncə şəhər İcra Hakimiyyəti başçısından israrla xahiş edir; igid əsgər Vətənin ən yüksək mükafatına layiq olduğuna görə, həmyerliləri üçün tarix boyu bir qəhrəmanlıq nümunəsi olacağına görə və döyüş dostları üçün bir and, ziyarət yeri olacağına görə, ölməz döyüşçümüzün adının doğulub böyüdüyü Gəncə şəhərində əbədiləşdirilməsi üçün onun adının küçə, tərbiyə və təhsil müəssisələrindən birinə verilməsini vacib bir məsələ kimi həll edəsiniz!

Biz Vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirik.

N saylı h/h-nin II Taborunun III bölüyünün komandiri:Bəbirov M.İ.

17.04.94.

Rüstəmov Siyavuş Qiyas oğlu

Siyavuş Qiyas oğlu Rüstəmov 1973-cü il avqust ayının 11-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilli idi. 1990-cı ilin fevral ayında Gəncə şəhər Dəmir Yol Stansiyasında işə qəbul olunmuşdur. Stansiyada fəhlə işləyirdi. Azərbaycan Milli Ordu sıralarında olmuşdur. 1993-cü il dekabr ayının 14-də Füzuli rayonunun Bala-Bəhmənlı kəndində gedən qızğın döyüşlərin birində şəhid olmuşdur. Gəncə şəhər "Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.

Subay idi.

Valideynləri ilə birlikdə Gəncə şəhəri, Sədi küçəsində 36 N-li evin 24-cü mənzilində yaşayırdı.

İsmayılov Mübariz Məcid oğlu

Mübariz Məcid oğlu İsmayılov 1962-ci il yanvar ayının 10-da Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. Orta məktəbi həmin rayonda bitirib. 1988-ci ildəki məlum hadisələrdən sonra ailəsi ilə birgə Gəncə şəhərinə köçmüşdür. Mübariz İsmayılov Gəncə şəhər Dəmir Yol Stansiyasının tərkibindəki Lokomotiv Deposunda maşinist vəzifəsində işləmişdir. Azərbaycanın Milli Ordu sıralarında olmuşdur. Mübariz Məcid oğlu 1994-cü il yanvar ayının 3-də Ağdərə rayon istiqamətində gedən qızğın döyüşlərdə şəhid olub. Gəncə şəhər "Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.

Evli idi. İki uşağı yadigar qalıb.

Ölümündən sonra «Fəxri Dəmiryolçu» nişanı ilə təltif edilmişdir.

Ailəsi ilə birlikdə Gəncə şəhəri Z.Hacıyev küçəsində 30 N-li evin 7-ci mənzilində yaşayırdı.

Məmmədhəsənov Teymur Akif oğlu

Teymur Akif oğlu Məmmədhəsənov 1969-cu il fevral ayının 18-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olmuşdur. Gəncə Politexnik Texnikumunu bitirmişdir. 1991-ci ilin oktyabr ayında Gəncə Elektrik Təchizatı Distansiyasında elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Milli Ordusu sıralarında xidmət etmişdir. 1993-cü il noyabr ayının 5-də Gəncə ətrafında gedən döyüşdə şəhid olub. Gəncə şəhərində «Şəhidlər xiyabanı»nda dəfn olunub.

Subay idi.

Valideynləri ilə birgə Gəncə şəhər, Üzeyir Hacıbəyov küç, 14 saylı bina evində yaşayırdı.

Bayramov İsmayıl Məmməd oğlu

İsmayıl Məmməd oğlu Bayramov 1966-cı il sentyabr ayının 23-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Natamam orta təhsilli idi. Gəncə şəhərində yerləşən 9 saylı Texniki - Peşə məktəbini bitirmişdir. İsmayıl Bayramov 1984-cü ildə Gəncə Dəmir Yol Stansiyasının İşarəvermə və Rabitə Distansiyasında fəhlə işləməyə başlamışdı. Azərbaycanın Milli Ordusu sıralarına könüllü olaraq getmişdir. İsmayıl Məmməd oğlu 1992-ci il iyul ayının 4-də Ağdərə rayonunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Qəbri Gəncə şəhərində yerləşən «Şəhidlər Xiyabanı»ndadır.

Valideynləri ilə birlikdə Gəncə şəhəri Aydınbəyov küçəsi 1-ci dalan 19 N-li evin 24-cü mənzilində yaşayırdı.

Məmişov Rövşən Məhərrəm oğlu

Rövşən Məhərrəm oğlu Məmişov 1971-ci il noyabr ayının 3-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhərində alıb. 1992-ci ilin iyun ayında Gəncə şəhərində hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı işləmişdir. Eyni zamanda Gəncə şəhər Dəmir Yol Stansiyasında da çalışmışdır. Rövşən Məmişov 1992-ci il avqust ayının 15-də Azərbaycan Milli Ordu sıralarına çağırılmışdır. Rövşən Məmişov 1994-cü il aprel ayının 17-də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Qəbri Gəncə şəhərində yerləşən "Şəhidlər Xiyabanı"ndadır. Subay idi.

Valideynləri ilə birlikdə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 119 saylı bina evində yaşayırdı.

Qaffari Rizvan Yavər oğlu

Rizvan Yavər oğlu Qaffari 1968-ci il yanvar ayının 8-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhərində almışdır. 1985-1992-ci illər ərzində Gəncə şəhər Dəmir Yol Stansiyasında texniki kontorda operator vəzifəsində işləmişdir. Azərbaycan Milli Ordusu sıralarında xidmət etmişdir. Qaffari Rizvan 1992-ci il iyun ayının 29-da Ağdərə rayonunun Levonarx kəndində gedən qızğın döyüşlərin birində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Subay idi. Qəbri Gəncə şəhərinin Şəhidlər Xiyabanındadır.

Valideynləri ilə birlikdə Gəncə şəhəri Tbilisi küçəsi 48 saylı bina evində yaşayırdı.

Qurban Əvəz oğlu Qurbanov

Qurbanov Qurban Əvəz oğlu 1974-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Əzizli kəndində anadan olmuşdur. 1988-ci ildəki məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə pənah gətirmişdir.
Gəncə şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır.

Hərbi xidmətdə sıravi əsgər, N saylı hərbi hissənin avtomatçısı Qurban Əvəz oğlu Qurbanov 19 oktyabr 1992-ci ildə döyüş zamanı şəhid olmuşdur.
Qəbri Gəncə şəhər Şəhidlər Xiyabanındadır.

Qasımov Yusif Telman oğlu


Yusif Telman oğlu Qasımov 13 avqust 1963-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 6 iyun 1990-cı ildə Yusif Qasımov hərbi-xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.

Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Aterk bölgəsində gedən döyüş zamanı ağır yaralı vəziyyətdə itkin düşmüş və həlak olmuşdur.

Məmmədov Abbasqulu Əzim oğlu

Abbasqulu Əzim oğlu Məmmədov 1965-ci il fevral ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 5 saylı orta məktəbi bitirmişdir. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləmişdir.

1988-ci ildə Gəncədə Milli Azadlıq hərəkatına qoşulub.

Abbasqulu Məmmədov dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Buna görə də Nüvədi kəndinin fəxri vətəndaşı adına layiq görülüb.

1990-cı il yanvar ayının 11-də Ruzigar, Bəxtiyar və Abbasqulu Məmmədov keşikci dəstə ilə Çaykənd-Todan ətrafına gedirlər. Yanvar ayının 12-də döyüş başlayır. Todan-Çaykənd ərazisinin müdafiəsi qurbansız keçməyir.

Abbasqulu Məmmədov həmin günü gərgin keçən döyüşdə odlu silahla yaralanır və həlak olur.

Məzarı Gəncədə fəxri xiyabandadır.

Kosayev Yusif Zahid oğlu

Yusif Zahid oğlu Kosayev 1955-ci il sentyabr ayının 20-də Gəncə şəhərində anadan olmuşdur. Həqiqi hərbi xidmət keçmişdir. Bir müddət Daşkəsən rayon Filizsaflaşdırma Zavodunda işləmişdir.

1988-ci ildə Milli Azadlıq hərəkatına qoşulub.

1990-cı ilin yanvar ayının 10-da millətin qeyrətli oğulları olan Rüzigar, Bəxtiyar, Abbasqulu ilə birlikdə döyüşə gedib. Çaykənd-Todan kəndində düşmənə qan uddurub.

Yanvar ayının 19-da qəhrəmancasına həlak olmuşdur. Cəsədi ermənilərin əlinə keçmiş və təhqir edilmişdir. Şəhidin meyidi çətinliklə alınaraq Gəncənin fəxri xiyabanında izdihamla dəfn olunmuşdur.

Evli olub. Özündən yadigar olaraq bir qızı qaldı

Əliyev Bəxtiyar Nadir oğlu

Bəxtiyar Nadir oğlu Əliyev 1965-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Nizami kəndində anadan olmuşdur. 1968-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Gəncə şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. Həqiqi hərbi xidməti Kamçatkada qulluq edib. 3 nomrəli dəmir-beton məmulatları zavodunda işləmişdir. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşulub.

1989-cu il yanvar ayının 12-də Çaykənd-Todan zonasında gedən ağır döyüşlərin birində Bəxtiyar Əliyev qəhrəmancasına həlak oldu.

Bəxtiyar Nadir oğlu Əliyev Gəncənin ilk şəhidlərindəndir. Gəncə şəhərində küçələrdən biri onun adını daşıyır.

Neman Əli oğlu Vəliyev

Vəliyev Neman Əli oğlu 1962-ci il noyabr ayının 2-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının elektrikləşdirmə fakültəsində təhsil almışdır. Bir müddət tikinti sahələrində mühəndis işləmişdir. 1988-ci ildə Azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. 1989-cu ildə "Cavad xan" adlı könüllü müdafiə dəstəsi yaradaraq erməni işğalçılarına qarşı layiqli cavab vermişdir. Leytenant Neman Vəliyev cəsur, qorxmaz, mərd döyüşçü idi.

1990-cı il yanvar ayının 14-də Xanlar rayonunun Çaykənd kəndində əməliyyat vaxtı döyüş sursatı daşıyan helikopterdən açılan atəşlə vəfat etmişdir. Neman Vəliyev Gəncənin ilk şəhidlərindəndir. Şəhərdə küçələrdən biri onun adını daşıyır.

Rüzigar İmran oğlu Qasımov

Qasımov Rüzigar İmran oğlu 1956-cı il dekabr ayının 31-də Gəncə şəhərində anadan olub. Erkən yaşlarından atasını itirib və qardaşının himayəsində böyüyüb. Gəncə şəhər 8 saylı orta məktəbi bitirərək Gəncə İnşaat Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra ilk öncə Gəncə Məişət Xidməti Kombinatında foto-usta, "Əməkçi" qəzetində foto-müxbir işləyib. Rüzigar Qasımov Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. Erməni təcavüzü başlanan ilk gündən könüllü müdafiə dəstəsi yaradaraq, dəfələrlə Nüvədi kəndində əməliyyatlarda iştirak edib. 1990-cı il yanvar ayının 12-də Toğana-Todan bölgəsində özü kimi mərd oğullarla birlikdə qəhrəmancasına həlak olub. Evli idi. Aysel adlı bir qızı yadigar qalır.

Rüzigar Qasımov Gəncənin ilk şəhidlərindəndir. Gəncədə adına küçə verilmişdir. Qərbi Azərbaycanın Nüvədi kəndinin fəxri vətəndaşı seçilib.

Veysəlov Vüqar Vaqif oğlu

Vüqar Vaqif oğlu Veysəlov 1970-ci il fevral ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (ADAU) iqtisadiyyat fakültəsinə qiyabi qəbul olur. Birinci kursu bitirdikdən sonra, Sverdlovsk vilayətinin Yelan şəhərinə əsgəri xidmətə göndərilir. Burada mexanik-sürücü peşəsinə yiyələnir. Əsgəri borcunu qurtardıqdan sonra doğma şəhərinə qayıdır və təhsilini davam etdirir.
Erməni quldurları və rusların törətdikləri vəşhiliklər bir azərbaycanlı kimi Vüqarı da hiddətləndirirdi. Onlardan intiqam almaq üçün təhsilini yarımçıq qoyub Gəncə özünümüdafiə batalyonuna qoşulur. Murovdağ, Qazax, Ağdərə bölgələrində düşmənlərə qarşı vuruşur. 1992-ci il iyulun 3-də Vüqar Veysəlov Ağdərə döyüşündə Vətən uğrunda qəhrəmancasına şəhid olur.

Gəncə şəhər 30 saylı orta məktəb Vüqar Veysəlovun adını daşıyır.

Səmədov Pərviz Əbdüləhəd oğlu - Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Pərviz Əbdüləhəd oğlu Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini 1 saylı orta məktəbdə aldıqdan sonra, 15 saylı texniki-peşə məktəbində davam etdirmiş və avtomobil çilingəri ixtisasına yiyələnmişdir.

Hərbi xidməti iki il Çita şəhərində keçirir və 1990-cı ildə Gəncəyə qayıdır. 1991-ci ildə könüllü olaraq, Ağdam bölgəsinə gədir və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Pərviz Səmədov Şelli, Naxçıvanik, Aranzəmin, Pircamal, Abdal-Gülablı, Novruzlu, Qaralar kəndləri uğrunda gedən döyüşlərdə misilsiz xidmət göstərib. Gülablı kəndi uğrunda gedən döyüşdə ermənilər səhiyyə helikopterimizi vuranda Pərviz irəli çıxaraq, aramsız atəşlə düşməni pərən-pərən salmışdır. Helikopter heyəti xilas edilmişdir.

1992-ci ldə may ayının 15-də yenə də Ağdamın Gülablı kəndində gedən qızğın döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmiş və həmin döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Pərviz ailəli idi. Öz adını daşıyan bir oğlu var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə 22 yaşında Səmədov Pərviz Əbdüləhəd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Gəncə şəhərində dəfn edilmişdir.
Gəncə şəhərində adına küçə verilmişdir.

Hüseynov Şahlar İsa oğlu - Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Şahlar İsa oğlu Hüseynov 26 noyabr 1969-cu ildə Qərbi Azərbaycanın Razdan rayonunun Misxana kəndində anadan olmuşdur. 1988-ci ilin noyabr ayında Hüseynovlar ailəsi məlum hadisələrdən sonra Gəncə şəhərinə pənah gətirmişdir. Şahlar Hüseynov hərbi xidməti Moskvada qulluq etmişdir. Əsgərlikdən Gəncəyə qayıdan Şahlar burada 27 saylı texniki-peşə məktəbini bitirərək, bir müddət Gəncə Alüminium Zavodunda çilingər işləmişdir.

1992-ci ildə könüllü olaraq Gəncə batalyonunun tərkibinə qoşulur. Şahlar erməni dilini bildiyi üçün tez-tez kəşfiyyata gedər, məlumat gətirər və sonra hücum vaxtı həmin yerləri yerlə yeksan edərdi. Bir çox döyüşlərdə fəal iştirak etmişdir.

1992-ci ilin aprel ayının 10-da Tərtər rayonunun Şəfəq kəndində daha böyük hünərlə vuruşaraq düşmənin texnikasını və canlı qüvvəsini məhv etmişdir. Uzun sürən döyüşdən sonra Şahlar Hüseynov elə həmin günü axşamı böyük şücaət göstərərək, qəhrəmancasına həlak olmuşdur.
Şahlar Hüseynov subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Şahlar İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Gəncə şəhərində adına küçə verilmişdir.

Əsədov Rəfael Əvəz oğlu - Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Rəfael Əvəz oğlu Əsədov 27 oktyabr 1952-ci ildə Gəncə şəhərində anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdur. Rəfael Əsədov 1973-cü ildə isə təhsilini Leninqrad Hərbi Artilleriya Akademiyasında davam etdirmişdir. Hərbi xidmətini Macarıstan, Vyetnam, Əfqanıstanda qulluq etmişdir.
1991-ci ilin iyun ayının 10-dan Rəfael Əsədov Ağdam, Goranboy, Tovuz, Gədəbəy bölgələrində hərbi əməliyyatların təşkilatçısı, fəal iştirakçısı olmuşdur. Uğurlu Başkənd əməliyyatını hazırlayan və həyata keçirən zabitlərimizdən biri məhz Rəfael Əsədovdur. Düşmənin çoxlu sayda texnikasının məhv etmişdir.

Rəfael Əsədov 25 sentyabr 1992-ci ildə əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.

Əsədov Rəfael evli idi. Leyla və Anna adlı iki qızı Gəncədə yaşayır.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik Əsədov Rəfael Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Arazov Ənvər Talış oğlu - Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Ənvər Talış oğlu Arazov 2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə Politexnik Texnikumunu bitirdikdən sonra, 1974-cü ildə Murmansk vilayətinin Severomorsk şəhər Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Xidmətdən sonra Gəncəyə qayıdaraq, “Büllur” zavodunda müxtəlif vəzifələrdə işləməyə başlayır.

1988-ci illərdə Ənvər Arazov Gəncədə Xalq Hərəkatının öncüllərindən biri olmuşdur. Bir müddət Daxili İşlər Nazirliyində işlədikdən sonra silaha sarılır və cəbhəyə yola düşür. Alay komandiri kimi bir çox yerlərdə vuruşub. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlar aparıb. Sırxavənd, Ortakənd, Mehmanə, Drambon, Kasapet və Sərsəng su anbarı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 1992-ci ilin oktyabr ayında briqada komandirinin müavini təyin edilib və polkovnik rütbəsi almışdır.

1992-ci il noyabr ayının 1-dən 2-nə keçən gecə ağır döyüşlərin birində Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri bərabər döyüşdə mərdliklə həlak olur.

Ənvər Arazov ailəli idi, Azər adlı oğlu, Samirə adlı qızı var.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Arazov Ənvər Talış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

Makeyev İqor Vladimiroviç - Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Makeyev İqor Vladimiroviç 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. Qardaşı Çernobil qəzasında vəfat edib. İqor 1987-ci ildə 39 saylı orta məktəbdə təhsil almışdır. 1987-1990-cı illərdə isə 9 saylı texniki-peşə məktəbində avtomobil çilingəri vəzifəsinə yiyələnmişdir. İqor Rusiyanın Rostov vilayətində 6 ay çavuş məktəbində təhsil alaraq, baş çavuş rütbəsi almışdır. İqor hərbi xidmətdən sonra 1992-ci ildə həyatını cəbhəyə bağlayır.

1992-ci il iyun ayının 5-də erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçir, burada İqor qurduğu postu möhkəmləndirir. Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir. 708 nəfər, o cümlədən bölük komandiri də ağır yaralanır.

Ağdərə uğrunda gedən döyüşlərdə İqor əsil qəhrəmanlıq göstərir. 1992-ci ilin avqust ayının 2-də “Nikulin” ləqəbli dostu ilə birlikdə 28 əsgərin həyatını xilas edir. "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə isə qəhrəmancasına həlak oldu.

İqor subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Makeyev İqor Vladimiroviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Gəncənin Sadıllı qəsəbəsində adına küçə var.

Allahverdiyev Elbrus Hacı oğlu - Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Allahverdiyev Elbrus Hacı oğlu 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncədəki 18 saylı orta məktəbi bitirmişdir. Sovet vaxtı Almaniyada hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1990-cı ildə Orconikidze şəhərində Kənd Təsərrüfatı İnstitunu bitirmişdir.

Elbrus Allahverdiyev ailəsi ilə birlikdə bir müddət Vladiqafqazda yaşamışdır. Allahverdiyev Elbrus vətənin üstünü qara buludlar alanda Azərbaycana qayıdaraq könüllü olaraq 17 may 1992-ci ildə cəbhəyə yollanır. O Silahlı Qüvvələrimizin ilk topçularından biri olmuşdur.

1992-ci ilin iyun ayında onun rəhbərliyi ilə ilk artileriya divizionu yaradıldı. Həmin divizion 1992-ci ilin sentyabr ayında Avdur ətrafındakı döyüşlərdə, şücaət göstərərək, düşmənin zirehli texnikalarını sıradan çıxardı. Elbrus Allahverdiyevin özü isə Ağdərədə erməni quldurların reaktiv artilleriyasını sərrast atəşlərlə sıradan çıxartmışdır.

Çıldıran uğrunda döyüşlərdə leytenant Allahverdiyev öz dəstəsi ilə düşmən arxasına keçərək erməniləri məhv etmişdir.

1993-cü il iyun ayının 14-ə ermənilərin Ağdam rayonuna hücumu zamanı onlar Şelli kəndi istiqamətində irəliləmək istəsələrdə, Elbrusun dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələndi və onlar geri çəkildi. İyun ayının 16-da işğalçıların növbəti hücumu zamanı Elbrus Allahverdiyev əsgər yoldaşları ilə piyadaların köməyinə gedərkən mərmi partlayışından ağır yaralanır. Allahverdiyevi hospitala çatdırsalarda lakin onu xilas etmək mümkün olmur.

Azərbaycan Respubliksı prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Gəncəli Allahverdiyevin iki qızı, bir oğlu var.

Lətifov Həsən Nürəddin oğlu

Həsən Nürəddin oğlu Lətifov 1954-cü ilin noyabr ayında Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 34 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Gəncə Xalça Kombinatının əyiricilik sexində başlamışdır. Həqiqi hərbi xidməti isə Rusiyada çəkmişdir.

Vətənin ağır günlərində Gəncə şəhər, Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən könüllü olaraq səfərbərliyə alınmışdır. Gəncə özünümüdafiə batalyonunda igidcəsinə döyüşmüşdür. Qorxubilməz, yenilməz bir əsgər idi. Bir sıra yerlərdə, eləcə də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə erməni quldurlarına xeyli ziyan vurmuşdur.

22 sentyabr 1992-ci ildə gedən döyüşlərin birində Həsən Lətifov qəhrəmancasına həlak olmuşdur. Məzarı Gəncə Şəhidlər xiyabanındadır.