Şəhər haqqında məlumat

Şəhər haqqında məlumat

Dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyini Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir.
Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən olmuşdur.

Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir. Gəncənin də daxil olduğu Albaniya ərazisinin münbitliyi haqqında eramızın I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı: «Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir.

Oradan axan Kür və onun qolları torpağın münbitliyini artırır. Üzüm tənəkləri heç vaxt toxa ilə üzülmür və hər beş ildən bir kəsilir. Yeni tənəklər artıq ikinci ildən bar gətirirlər, boy atmışları isə o qədər bar verirlər ki, onun çox hissəsi tənəyin üzərində qalır. Eyni ilə, onlarda həm ev, həm də vəhşi heyvanlar gözəl artıma malikdirlər.
Bu ölkə bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla çoxlu böyük və xırda balıqlar gətirir. O gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldur, zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır. Yırtıcı heyvanlar: aslanlar, qaplanlar, barslar, və çoxlu quşlar; qartallar, şahinlər və onlara oxşarlar da vardır.»
VII əsr tarixçisi Musa Kalankaytuklu Albaniyanı belə təsvir edir: “Albaniyadan artıq qədim zamanlardan Azərbaycanı Gürcüstan və Ön Asiya ilə birləşdirən yol keçirdi. Bu zəngin ərazidə təşəkkül tapan möhtəşəm şəhərlərdən biri də Gəncə idi”.

Görkəmli mütəfəkkir Əbdür - Rəzzaq İsfahani Gəncənin malik olduğu təbii şəraiti yüksək dəyərləndirərək demişdir: “Bütün dünya üzündə Gəncə kimi bir şəhər görməmişəm. Behişt rəngli, müşk qoxuludur Gəncə. Suyu gülabdır, torpağı zəfərandır onun. Sərin, səfalı havası vardır. Orada torpaq hər anda sanki vəcdə gəlir, oyanmaq istəyir”.
Şübhəsiz yuxarıda göstərilən faktlar geniş ərazini əhatə edən Gəncəbasar ərazisində şəhərsalma mədəniyyətinin 3000 ildən artıq bir dövrü əhatə etdiyinin bariz nümunəsidir.
Gəncə şəhərinin 3000 illik tarixə malik olmasını şərtləndirən mühüm amillərdən biri də onun yerləşdiyi coğrafi mövqeyidir. Bu gün də Gəncənin tarixi-coğrafi və mövqeyi deyildikdə Gəncəbasar ərazisi nəzərdə tutulur. Sözü gedən ərazi tarixin müxtəlif mərhələlərində, mərkəzi Gəncə şəhəri olmaqla Gəncə-Qarabağ bəylərbəyliyi, Yelizavetpol quberniyası, Gəncəbasar adlandırılmışdır. Tariximizin hazır kı, mərhələsində də Gəncə şəhərinin tarixi ərazisi Gəncə-Qazax iqtisadi rayonu və ya Qərb bölgəsi adlandırılmaqdadır. Adı çəkilən ərazi Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməkdədir.

TARİXİ OÇERK

Qədim Zərdüştü mənbələrindən birində Gəncənin əsasının üç min il bundan əvvəl qoyulması haqqında çox tutarlı məlumat verilmişdir. Belə ki, Gəncənin üç min il bundan əvvəl Qafqazın aborogen əhalisindən olan qədim türk tayfalarından biri, Saklar tərəfindən salınması haqqında ilk və tutarlı məlumat VI əsrə aid edilən «Şəhrestanihai Eran» (İran şəhərləri) adlı coğrafi traktatda öz əksini tapmışdır. Pəhləvi dilində yazılmış bu coğrafi traktatda Gəncə şəhərinin 3000 il bundan əvvəl görkəmli türk sərkərdəsi Əfrasiyab tərəfindən salındığı göstərilmişdir.

Əfrasiab tarixi şəxsiyyətdir və Azərbaycanda yaşayan sakların – turların (Qədim mənbələrdə türkləri tur adlandırmışlar S.P.) başçısı olmuşdur.
Gəncəbasar Azərbaycanın arxeoloji baxımdan ən zəngin ərazilərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində burada tarixi dövrlərin müxtəlif mərhələlərinə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir ki, onların da böyük əksəriyyəti dünyanın tanınmış muzeylərində sərgilənməkdədir.

Gəncə ətrafındakı Gillikdağ emalatxanasından və düşərgəsindən əldə edilən çaxmaqdaşı alətləri, görkəmli Azərbaycan arxeoloqu İshaq Cəfərzadənin aşkar etdiyi daş çömçə və isgənənin varlığı bu ərazidə yaşamış insanların eramızdan əvvəl VII – VI minilliklərə aid neolit mədəniyyətinin yaradıcılarından biri olduğunu söyləməyə əsas verir.
Arxeoloji tədqiqatlar sübut edir ki, bu dövrdə bölgənin əsas əhalisi oturaq həyat tərzi keçirmiş və mədəni səviyyəni səciyyələndirən əkinçiliklə məşğul olmuşlar. E.ə. V minillikdə Gəncə bölgəsində bizə məlum olan ev heyvanlarının hamısının əhliləşdirildiyi arxeoloji qazıntılar zamanı aşkarlanmış osteoloji qalıqlarla təsdiqlənir.

«Rus şəhərləri» məqaləsinin anonim müəllifi Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın bir çox şəhərlərinin zamanını göstərməklə cədvəlini də vermişdir ki, burada Gəncənin e.ə II – b.e IV əsrlərində salındığı bildirilmişdir.
Eyni sözləri Gəncənin Bərdə və Beyləqandan qədim olmasını göstərən Qademeysterin məlumatları və “Bərdədən yaxın məsafədə başqa bir şəhər də çiçəklənirdi, hansı ki, dağıntılar zamanı onu əvəzləyirdi, bu məhz Gəncə şəhəri idi. Onların mənşəyi yəqin ki, eyni idi...” adlı fikri də təsdiq edir.

Milliyyətcə alman olan Yelenendorf (Göygöl) orta məktəbində biologiya müəllimi işləyən Yakov Hümmel məktəb dərnəyi şagirdlərinin gücü ilə «Gəncəçayın sağ və sol sahillərində, Göygöl yaxınlığındakı Gillikdağ ərazisində, Zurnabadda, Balçılı kəndində arxeoloji tədqiqat işləri apararaq tunc və erkən dəmir dövrünə aid dəyərli materiallar əldə etmişdir». Tapılmış materialların dəyəri o qədər böyük olmuşdur ki, onların hesabına 1927-ci ildə Yelenendorf Ölkəşünaslıq Muzeyi yaradılmışdır.

Xalqımızın milli sərvəti sayılan Gəncənin 3000 illik tarixə malik olduğunu nümayiş etdirən tarixi abidələrin böyük hissəsi bu gün dünya muzeylərinin ekspozisiyalarında özünəməxsus yer tutur. Metropol (ABŞ) Münhen, Berlin, Hamburq, Luvr, Paris, Moskva, Sankt-Peterburq və digər şəhərlərində dövlət və şəxsi muzeylərdə qədim Gəncə tarixinə dair nadir və qiymətli eksponatlar qorunub saxlanılır.
Yarandığı gündən ən azı 4 dəfə yerini dəyişən Gəncə strateji cəhətdən də əlverişli mövqedə yerləşdiyindən daim yadellilərin diqqət mərkəzində olmuşdur. Dəfələrlə dəhşətli zəlzələlərin qurbanı olan Gəncə, habelə monqolların, xarəzmlərin, gürcülərin, ərəblərin, rusların və digər qəsbkarların hücumlarına da məruz qalmışdır. Neçə-neçə dünya dövlətlərinin hərb meydanına çevrilən Gəncə ona dəyən ziyanlardan sarsılmamış, genetik gücündən qüvvə alaraq dirçəlmiş və inkişaf edərək möhtəşəm şəhərlər səviyyəsinə yüksələ bilmişdir.

Gəncənin qəhrəman şəhər olmasını tanınmış ərəb tarixçisi və coğrafiyaşünası İbn əl-Əsir belə dəyərləndirmişdir: “Tatarlar (monqollar) Beyləqanı və ətrafını qarət edib dağıtdıqdan sonra Gəncə tərəfə hərəkət etdilər. Ancaq tatarlar ora əhalisinin çoxluğunu, şücaətini, gürcülərlə olan müharibədə kişilik və qoçaqlıq göstərmiş olduqlarını və bu şəhərin olduqca möhkəmliyini bildikləri üçün oraya gedə bilmədilər”.
Gəncə şəhəri tarixin müxtəlif mərhələlərində paytaxt statusunu qoruyaraq, Azərbaycanın qədim dövlətçilik ənənələrinin qorunması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir. Gəncə VII əsrin sonlarında ərəb xilafətinin baş əyalət şəhəri, X əsrdə Arranın paytaxtı, XI əsrdə Səlcuq, XII-XIII əsrlərdə isə Atabəylər imperiyasının baş iqamətgahlarından olmuşdur. Bu dövrdə Gəncə öz inkişafının intibah dövrünü yaşamış, elm, mədəniyyət, ticarət, sənətkarlıq ən yüksək zirvəyə çatmışdır.

Görkəmli Nizamişünas və şərqşünas alim Bertelsin apardığı elmi-tədqiqatların nəticəsində 1139-cu ildə Gəncədə baş vermiş dəhşətli zəlzələdə beşyüz min əhalinin məhv olması sübut olunmuşdur. Bu fakt isə şəhərin qüdrət və əzəmətini bir daha təsbit etməkdədir. Müqayisə üçün onu da qeyd etmək yerinə düşər ki, XIII əsrin ortalarında ən böyük Avropa şəhəri olan Parisdə 100 minə yaxın, Londonda isə 40-50 minə yaxın əhali yaşayırdı.
Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dahi mütəfəkkir və söz ustalarını dünyaya bəxş etmiş Gəncə şəhəri XII-XIII əsrlərdə yüksək statusunu bərpa edərək bütöv Şərqin elm, mədəniyyət və dövlətçilik ənənələrini yaşadan möhtəşəm şəhərlərdən birinə çevrilmişdir.


Şeyx Nizami də həm ibtidai və orta, həm də elmi təhsilini öz sevimli şəhəri olan Gəncədə almışdır. Bağdada və başqa elm mərkəzlərinə getməməsinin əsas iki səbəbi olmuşdur. Öz doğma şəhərini sevməyi, el-obasının vurğunu, məftunu olmağı, həm də Gəncənin yüksək elmi potensiala malik olduğu üçün dahi mütəfəkkir vətənini tərk etməmiş və heç vaxt da bu fikrə düşməmişdir. Başqa sözlə, əgər şair öz doğma şəhərindən ayrılmaq qüdrətinə malik olsaydı, o, xilafətin mərkəzi Bağdada köçüb, öz misilsiz sənəti ilə böyük xəzinələrə yol tapardı. Bu səbəbdən «Xəmsə»dən əlavə, şairin 20 min beytlik «Divan»ını da görən orta əsrin görkəmli təzkirəçilərindən olmuş Dövlətşah Səmərqəndi «Şeyx Nizaminin doğulduğu şərəfli yer Gəncədir» deyə bəyan etmişdir.

Yaddan çıxarmaq olmaz ki, Nizami kimi dühalar zəminsiz yarana bilməzdi. Onların meydana gəlməsi üçün qədim ənənələrə malik olan tarixi, ictimai-iqtisadi, mədəni mühit lazım idi. Belə bir mühitin Gəncədə mövcudluğu isə şəhərin bir daha üç min illik tarixini təsbit edir. Çünki hər hansı bir şəhərin elm və mədəniyyət mərkəzinə çevrilməsi üçün qədim ənənə və uzun müddət tələb olunmaqdadır.

Gəncə Qaraqoyunlu və Ağqoyunlu dövlətinin tərkibinə daxil edilmiş və müxtəlif hakimlər tərəfindən idarə olunmuşdur. Uzun Həsən Ağqoyunlunun hakimiyyəti dövründə Gəncənin başqa şəhərlərlə ticarət əlaqələri genişlənmiş və bu da əvvəllər coşğun tərəqqi edən, sonradan isə müəyyən tənəzzülə uğrayan Gəncənin yenidən inkişafına səbəb olmuşdur.
Tədqiqatçı alim M.X.Heydərovun fikrincə, bu əsrdə Azərbaycanın böyük ticarət-sənətkarlıq mərkəzlərindən biri də Təbriz, Marağa, Ərdəbil və Xoy ilə yanaşı Gəncə olmuşdur. Gəncədə “Əxilik” ideologiyasına əsaslanan sənətkarlıq təşkilatları yaranmağa başlamış və ən mühüm peşə sənətkarlıq təşkilatı forması-əsnaf birlikləri fəaliyyət göstərmişlər.

Səfəvilərin hakimiyyəti illərində də Gəncə Azərbaycanın və ümumilikdə bütöv Şərqin əhəmiyyətli şəhərlərindən biri olmuşdur. Gəncə-Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən birini təşkil etmişdir.
Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, vilayət-nəzərdə tutulur) İrəvan və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nayihəsi ilə həmsərhəd olan Lori qəzasına qədər uzanmışdır.
XVIII əsrin əvvəllərində Gəncə şəhəri Azərbaycanın ən iri və mühüm şəhər statusunu qoruyub saxlamışdır.

Lakin XVIII əsrin birinci yarısında Azərbaycanda baş verən siyasi çaxnaşmalar və xarici hərbi müdaxilə bir çox Azərbaycan şəhərləri kimi Gəncənin də xeyli zərər çəkməsinə və hətta tamamilə dağıdılaraq xarabazarlığa çevrilməsinə səbəb oldu. Bu vəziyyət uzun zaman davam etmədi. 1747-ci ildə Nadir şah saray əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən sonra, onun qurduğu imperiya dağıldı. Azərbaycan ərazisində çoxlu xırda dövlət qurumları – xanlıqlar yarandı. Belə xanlıqlardan biri də Gəncə şəhəri ətrafında təşəkkül tapan Gəncə xanlığı oldu.

Gəncənin başı üzərində yeni təhlükə Rusiyanın Cənubi Qafqazdakı siyasətinin fəallaşması ilə bağlı oldu. Osmanlı Türkiyəsinə və onun yaxın müttəfiqi Krım xanlığına qarşı uğurlu hərbi əməliyyatdan sonra öz uğurlarını genişləndirmək məqsədi ilə çar Rusiyası hökuməti tərəfindən Cənubi Qafqazı işğal etmək üçün bütöv fəaliyyət planı hazırlandı.
Tarix boyu olduğu kimi, yenə də Azərbaycanın çar Rusiyası hökuməti tərəfindən işğalçılıq siyasətinə qarşı Cavad xanın simasında qəhrəman gəncəlilər çıxdılar.
Cavad xanın müasirlərindən biri S.S.Kovalenski 1800-cü ildə Gürcüstan haqqında qeydlərində onun haqqında belə rəy vermişdir: «Cavad xan əlli yaşında, Qacar nəslindən olan ağıllı və öz siyasəti, həmçinin gözəl danışığı ilə şöhrət tapmış insandır».
1803-cü ilin noyabrında rus qoşunları Gəncəyə hücuma başladılar. Hücumun ilk həftələrində şəhər müdafiəçilərinin güclü müqaviməti rusları manevrlər etməyə, fəal yürüşləri uzunmüddətli mühasirə ilə əvəz etməyə vadar etdi. Rus qoşunları şəhəri mühasirədə saxlayaraq suyun və qidanın qarşısını kəsib əhalini təslim olmağa məcbur etdilər. Bu səbəbdən Sisianov şəhəri susuzluq və qidasızlıqdan epidemiyanın yayılmasına qədər mühasirədə saxladı. Bütün çətinliklərə rəğmən gəncəlilər dövlətçilik və müstəqillik dəyərlərini hər bir şeydən üstün tutaraq düşmənə təslim olmadılar.
Son nəticədə rus qoşunlarının canlı qüvvədə və hərbi təchizatda üstün olmaları hərbi əməliyyatların taleyini onların xeyrinə həll etdi. Gəncənin alınması istər müdafiəçilər arasında, istərsə də əhali arasında kütləvi itkilərə gətirib çıxardı. 1804-cü il yanvarın 8-də Sisianovun verdiyi məlumata əsasən, müdafiəçilər arasında “1500 insan həlak olmuş, 17224 kişi və qadın əsir alınmışdır.
1804-cü il martın 8-də çara ünvanladığı məktubda Sisianov Gəncənin adının dəyişdirilməsini xahiş edir: “Əgər zati-aliləri mənim təklifimi dəyərləndirsə, imperiatriçə həzrətləri Yelizaveta Alekseyevnanın müqəddəs adı ilə şəhərin adını bəzəmək istərdim: Yelizavetpol”. İmperatorun razılığını alan Sisianov hətta belə bir sərəncam imzalayır: “Çar reskriptinin elan olunmasından 1 ay sonra, yaxud aprelin 1-dən, kimsə xahişnamələrdə və ya aktlarda Gəncənin Yelizavetpol deyil, köhnə adı ilə qeyd etsə o, bir rubl dəyərində cərimə olunacaqdır”.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Cavad Xan xalqımızın igidlik, cəsurluq və vətənpərvərlik rəmzinə çevrildi.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev demişdir: «Bilirəm ki, gəncəlilər Cavad xanın xatirəsini əziz tuturlar. Həqiqətən də o, Azərbaycan xalqının görkəmli oğullarından biridir, dəyanət və igidlik nümunəsidir. Onun şəhərin mərkəzindəki qəbri bu adamın xatirəsinə uyğun deyildir. Düşünürəm ki, məqbərə ucaltmaq lazımdır. Şəhər yeni arxitektura forması alar və Cavad xanın xatirəsi də ona layiq şəkildə əbədiləşər».
Məhz ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə Cavad xana Gəncə şəhərində layiqli məqbərə ucaldıldı. Gəncə xanlığının tarixi emblemi bərpa edildi, açıq səmada etnoqrafik muzey olan Cavad xan küçəsi yaradıldı.
XIX əsrin sonlarında kapitalist münasibətlərinin meydana gəlməsi ilə əlaqədar olaraq, onun əsas sinifləri-burjuaziya və proletariatın təşəkkülü prosesinin getdiyi Azərbaycan şəhərlərindən biri də Gəncə oldu. Şəhər iqtisadiyyatının bir sıra sahələrindəki kapitalist münasibətlərinin inkişafı, onun ümumrusiya bazarına cəlb olunması bu prosesi sürətləndirirdi.
1905-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulmasında müstəsna xidmətlər göstərmiş “Sosial-federalistlərin türk inqilabı komitəsi” və xalqımızı erməni terrorizmindən müdafiə etmək məqsədi ilə təsis edilmiş “Difai” partiyasının Gəncədə yaranması gəncəlilərin dövlətçilik və müstəqillik ənənələri uğrunda varlıqlarından belə keçmələrini bir daha göstərdi.
Gəncədə formalaşmış milli burjuaziyanın vətənpərvər nümayəndələrinin sayəsində Nuru Paşanın rəhbərliyi altında yaradılmış Qafqaz İslam Ordusu bütöv Azərbaycanı erməni və bolşevik birləşmələrinin həyata keçirtdikləri amansız soyqırımdan xilas etmiş oldu və ölkəmizin gələcək həyatına stimul yaratdı. Bu səbəbdən də, 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Gəncə oldu. İlk milli dövlətimizə başçılığı da Gəncənin əsilzadə soylarına mənsub olan görkəmli ictimai və dövlət xadimləri etmişdirlər.

1920-ci il aprel ayının 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti XI Ordunun qanlı əməllərinə söykənən bolşeviklər tərəfindən devrildikdən sonra ilk dəfə sovetlərə qarşı dövlətçilik, müstəqillik və azadlıq səsini ucaldan yenə də Gəncə oldu. İşğalçı ordunun özbaşınalığı, günahsız insanların güllələnməsi vətənpərvər gəncəliləri riqqətə gətirdiyindən yadellilərə qarşı tariximizin şanlı səhifəsini təşkil edən Gəncə üsyanı baş verdi.
Dahi Üzeyir Bəyin qardaşı Ceyhun Hacıbəyli Gəncə üsyanı haqqında olduqca dolğun və dəqiq fikir söyləmişdir: “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi, etibar qazandığı bir dastandır. Gəncədə may ayında türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib götürdü. Beləliklə, Gəncə öz tarixinin sovet dönəmini üsyanla başlamış oldu”.
1918-ci il 30 iyul tarixli qərarla Yelizavetpol Quberniyası adlandırılan Gəncənin adı özünə qaytarılsa da, 1935-ci ildə Moskvanın göstərişi ilə Gəncə şəhərinin adı yenidən dəyişdirilərək Kirovabad adlandırıldı. Beləliklə, Gəncə şəhərinə Azərbaycanda müstəmləkə rejiminin qurulması, torpaqlarımızda ermənilər üçün Muxtar Vilayət yaradılması istiqamətində müstəsna rol oynamış S.M.Kirovun adı verildi.
1969-cu ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Gəncənin tarixi simasının yenidən özünə qaytarılması istiqamətində mühüm işlər görülməyə başlandı. İlk öncə bərbad vəziyyətə düşmüş şəhərin tarixi abidələri (xüsusi ilə məscidlər) bərpa edildi. Lakin bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevi narahat edən əsas məsələ şəhərin tarixi adının özünə qaytarılması idi. O dövrdə rus kommunistlərinin sevimlisi olan S.M.Kirovun adı verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq o qədər də asan iş deyildi. Bu çətinliklərə baxmayaraq, ciddi addımlardan biri 1980-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən atıldı. Belə ki, həmin dövr Kirovabad şəhərində iki yeni rayon yaradıldı və onlardan birinə Gəncə adı verildi. Həmçinin, orada salınan təzə yaşayış massivi də “Yeni Gəncə” adlandırıldı. İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında qədim Gəncə öz adına qovuşub.

Hər bir xalqı onun mədəni irsinə görə tanıyır və qiymətləndirirlər. Dünya Azərbaycan xalqının şərq irsli və özünəməxsusluğu ilə seçilən mədəniyyətini yüksək dəyərləndirir. Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncə şəhərində də bu zəngin mədəniyyət özünü isbat edir. Çoxlu sayda mədəniyyət ocaqları, yenidən inşa edilən qədim şərq üslublu mədəniyyət mərkəzləri, müasir parklar, qorunan tarixi abidələr, musiqi zənginliyi, rəngarəng rəqslər, ləziz mətbəxt, dünya şöhrətli incəsənət inciləri və özünəməxsus adət ənənələri bu diyarın necə dəyərli mədəniyyətə məxsus olduğunu və onu necə qoruyub inkişaf etdirdiyini göstərir. Bu zənginliyi və inkişafı dünya xalqlarına nümayiş etdirmək üçün hər il Gəncə şəhərində bir neçə beynəlxalq mədəni festivallar, sərgilər, elmi konfranslar və iri miqyaslı şəhər tədbirləri təşkil edilir.

ADAU-nun binası (1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının yerləşdiyi bina)

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü - Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan edildikdən sonra hökumət yalnız iyunun 16-da Gəncəyə köçə bilmişdir. Gəncə dövrü hökümətin Bakıya köçməsinə qədərki dövrü əhatə edir.

Cavad xan türbəsi

Cavad xan türbəsi Gəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığında yerləşir.

SSRİ dövründə Şah Abbas məscidinin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən bir maneəyə tuş gəlinib və təcili qazıntılar dayandırılıb. Ərazidən üstü ərəb dilində yazılmış baş daşı və məzar aşkarlanır. Yazılar məzarın şəhid Gəncə xanı Cavad xana aid olduğunu göstərir və məzar maneələrə rəğmən bərpa edilir.

Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir. Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib. Türbənin üstü gümbəzlə örtülüb. Türbənin mərkəzində Cavad xanın məzarı durur. Cavad xanın məzarının köhnə baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.

Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi

Kompleksin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Bu möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşası 2014-cü ilin yanvarında başa çatdırılmışdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunmuşdur. Kompleksin sol cinahının yol istiqamətinə yönəlmiş hissəsində ulu öndər Heydər Əliyevin, sağ cinahda isə Prezident İlham Əliyevin Gəncə ilə bağlı fikirləri həkk olunmuşdur. Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlaması göstərilmişdir. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.

Nizami Gəncəvi məqbərəsi

Nizami Gəncəvi Məqbərəsini Gəncə şəhərinin simvolu da hesab etmək olar. Şəhərin girişində yerləşən məqbərənin ilk inşası XIII-XIV əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib. Son illərdə Nizami Məqbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərcik yaradıb.

Nizami Gəncəvi Muzeyi

Nizami Gəncəvi Muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanmışdır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.

Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi

Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.

Məhsəti Gəncəvi Mərkəzi

Məhsəti Gəncəvi Mərkəzi şəhərin Əttarlar küçəsində yerləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16.01.2013-cü il tarixli “Məhsəti Gəncəvinin yaradıcılığınının 900 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Heydər Əliyev Fondu” tərəfindən 2013-cü ildə inşa edilmişdir. 3 mərtəbə, 1 zirzəmidən ibarət olan Məhsəti Gəncəvi Mərkəzinin qarşısında şairin heykəli, onun adını daşıyan bağ vardır. Məhsəti Gəncəvi Mərkəzində; Məhsəti otağı, Məhsəti muzeyi, qədim milli musiqi alətləri salonu, milli geyimlər salonu, şahmat fiqurları və s. vardır. Mərkəzdə şairin portretləri olan xalçalar, nümayiş etdirilir. Burada həmçinin şairin 900 illik yubileyi ilə bağlı Fransada keçirilən yubiley tədbirlərindən foto görüntülər nümayiş etdirilir.

Mirzə Şəfi Vazeh Muzeyi

Muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. Muzey 2 hektar ərazidə yerləşir. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub. Parkın ərazisində yaşıllıq salınıb, dekorativ gül kolları əkilib, 2 fəvvarə quraşdırılıb. Parkda sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parka gələnlər görkəmli maarifçi Mirzə Şəfi Vazeh barədə ətraflı məlumat da əldə edə bilirlər. Parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.

Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondu Mirzə Şəfi Vazehlə bağlı 2007-2015-ci illər ərzində müxtəlif kitablar nəşr etdirib.

Gəncə İmamzadə kompleksi

Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.

Gəncə Heydər Əliyev park-kompleksi

Heydər Əliyev Park Kompleksinin ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Burada Heydər Əliyev Mərkəzi inşa edilmiş, qarşısında isə H.Əliyevin abidəsi vardır. Parkın girişində möhtəşəm “Zəfər tağı” ucaldılmışdır. Heydər Əliyev Park Kompleksinin əhatə etdiyi ərazidə orijinal memarlıq üslübunda fəvvarələr və müasir işiqlandırma sistemi quraşdırılmış, Amfiteatr, süni göl, GəncLand, kafe və s. yaradılmışdır.

2014-cü ilin yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərində olarkən, Heydər Əliyev Park Kompleksinin və Heydər Əliyev Mərkəzində açılışında iştirak etmiş və demişdir “Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da var”.

3 min 500 nəfərlik amfiteatr

Gəncə "Zəfər Tağı"

Gəncə "Xan bağı"

“Xan bağı” - Azərbaycanın və ümumilikdə Qafqazın ən qədim parklarından biridir. Bağın inkişafı bilavasitə Gəncə xanlığı - Ziyadxan, oğulları və Cavadxan Ziyad oğlunun adı ilə bağlıdır. İlk dövrdə meşə-park tipində təşkil edilmiş bu yeganə park quruluşu növ tərkibinə görə sonralar daha da zənginləşdirilib. Xan bağı - tarixi mənbələr bu bağın türk Fərhad paşanın oğlu - Mehmet paşa oğluna məxsusluğunu və 1582-ci ildə salındığını yazırlar. O, Qara dəniz sahilindən, xüsusilə Batumidən hündürlüyü 3-4 metr olan Xamerops palması, Himalay ked-rası, Bambuq ağacı, Yunan qozu, Suriya qızılgülü, Yapon soforası, rozmarina və s. ağac və bəzək kolları gətirdib əkdirmişdi. Ümumi sahəsi 5 hektara qədər olan park tərkibinə və orada bitən ağac və kol cinslərinin növ zənginliyinə görə Azərbaycanda yeganə və əvəzsizdir. Parkda bir çox nadir tapılan, nəsli kəsilməkdə olan ağac cinsləri var. Onlardan Himalay sidri, maqnoliya, yapon əzgili, hind qozu, bambuk və s. maraq doğurur.Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr düzəldilib. Küknar, həmişəyaşıl Sərv ağacı, Pitsunda və Krım şamları, Qafqaz palması, müxtəlif növ ağ şamlar, Pekelman küknarı, atlas sidri, Şərq tuyası və digər qiymətli həmişəyaşıl ağac və kol cinsləri parka xüsusi gözəllik verir. Parkda olan enliyarpaq ağaclar da müxtəlif və rəngarəngdir. Əsas əhəmiyyət daşıyan bu ağac və kol cinsləri elə seçilmişdir ki, birinin çiçək açması və yaxud dekorativ gör-kəm verməsi qurtaranda bu xüsusiyyətlər digər növdə özünü biruzə verir. Park şəhərin havasının saf qalmasında, yay mövsümündə qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayır.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası

Gəncə Dövlət Filarmoniyasının binası 1985-ci ildə tikilib. Filarmoniya Azərbaycan SSR Mədəniyyət Nazirliyinin № 228-k 27 avqust 1990-cı il tarixli qərarı ilə yaradılmışdır. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası 2017-ci ilin noyabr ayının 10-da yeni inşa edilmiş binada fəaliyyət göstərir. Binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

"Gəncəçay" park-bulvar kompleksi

Bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.