Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Ulu Öndərə gəncəlilərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanılıb və 2014-cü il yanvarın 21-də cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra cənab Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu sözləri söyləyib: "Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm.
Düz iki il bundan əvvəl - 2012-ci il yanvarın 21-də bu parkın təməl daşı qoyulmuşdur. Gözəl təsadüfdür ki, düz iki ildən sonra biz parkın və möhtəşəm Mərkəzin açılışını qeyd edirik. Bu parkın və Mərkəzin yaradılması çox böyük hadisədir. Möhtəşəm Mərkəz Ulu Öndərin xatirəsinə gözəl abidədir, burada Ulu Öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır.
Eyni zamanda, bu böyük parkın yaradılması bir möcüzədir. Deyə bilərəm ki, Azərbaycanın ən böyük parkıdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Gəzinti, istirahət üçün bütün imkanlar vardır. Cəmi iki il ərzində demək olar ki, yeni gözəl bir məhəllə yaradılmışdır. Əminəm ki, bu parkın ətrafında gələcəkdə yeni yaşayış binaları da tikiləcəkdir. Belə layihələr vardır.
Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, Mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir. Mən sizi bütün bu uğurlar münasibətilə ürəkdən təbrik edirəm.
Burada bundan sonra da abadlıq işləri aparılacaqdır. Minlərlə, bəlkə də on minlərlə ağac əkilmişdir və bu ağaclar getdikcə böyüyəcək, yeni ağaclar əkiləcək, yeni binalar, yaşayış binaları tikiləcəkdir. Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni, bu, doğrudan da bir möcüzədir. Əminəm ki, gəncəlilər və şəhərin qonaqları buraya gələrkən buradan ən xoş təəssüratlarla ayrılacaqlar. Belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səylər göstərmişlər, xüsusilə, yerli icra hakimiyyəti və fəallar, Gəncə sakinləri. Bu, doğrudan da gözəl hadisədir. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Belə işlər, sözün əsl mənasında, öz xalqına, öz şəhərinə, diyarına olan məhəbbətin təzahürüdür. Ümumiyyətlə, Gəncə gözəlləşir, abadlaşır. Bu, mənim Gəncəyə 12-ci səfərimdir. Mən demək olar ki, son on il ərzində hər il, yaxud da ildə iki dəfə Gəncədə olmuşam və hər dəfə yeniliklər, dəyişikliklər, abadlıq, quruculuq görürəm. İndi binalar təmir edilir, küçələr genişlənir, gözəl bərpa işləri aparılır. Gəncəyə xas olan xüsusi memarlıq üslubu qorunur, saxlanılır, harada lazımdırsa bərpa edilir, ictimai yerlər salınır. Bu da çox önəmlidir. Mən dəfələrlə demişəm ki, Bakıda və bütün başqa şəhərlərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, ictimai zonalar ki, insanlar burada öz asudə vaxtlarını keçirsinlər. Bu ictimai yerlərin arasında ən böyüyünü siz yaratmısınız. Ən böyük park, ictimai mərkəz Gəncədədir. Parkın gələcək inkişafı, abadlaşması, yeni mədəniyyət ocaqlarının yaradılması əlbəttə ki, bütün gəncəliləri buraya cəlb edəcəkdir.
Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın, o cümlədən mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey açılmışdır, filarmoniyanın tikintisi davam edir. Hesab edirəm ki, işlər daha da sürətlə getməlidir. Bu məqsədlə əlavə tədbirlər görüləcək ki, filarmoniya da qısa müddət ərzində istifadəyə verilsin. Bilirəm ki, gəncəlilərin böyük arzusudur ki, filarmoniya olsun, olacaqdır. Artıq daş işləri başa çatmaq üzrədir.
Hesab edirəm ki, biz bu il də olmasa, gələn il filarmoniyanın açılışını bərabər qeyd edəcəyik. Yəni, şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur. Əlbəttə ki, Gəncənin tarixi keçmişini, zəngin tarixi irsini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Eyni zamanda, Gəncə müasirləşir, burada yeni binalar tikilir, o cümlədən sənaye inkişaf edir, böyük sənaye kompleksləri yaradılır, iş yerləri açılır. Gəncə Azərbaycanın sənaye mərkəzinə çevrilir. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Burada yeni sənaye komplekslərinin – alüminium və poladəritmə komplekslərinin tikintisi nəzərdə tutulur. Burada, ümumiyyətlə, iş yerlərinin açılması ilə bağlı gələcək planlar da həyata keçiriləcəkdir. Ola bilər ki, yaxın gələcəkdə başqa rayonlardan da işləmək üçün Gəncəyə gələcəklər. Bir sözlə, şəhərin inkişafı çox sürətlidir, təqdirəlayiqdir. Gəncənin gələcək inkişafı ilə bağlı konkret fikirlər, planlar vardır. Əminəm ki, onların hamısı reallaşacaq və Gəncənin inkişafı üçün əlavə işlər də görüləcəkdir.
Bütövlükdə ölkəmizdə işlər yaxşı gedir. Biz 2013-cü ili yaxşı nəticələrlə başa vurmuşuq. 2014-cü il də yaxşı başlayıbdır. Biz ilin birinci ayında sizinlə görüşürük. Əminəm ki, 2014-cü il də Gəncə, bütün başqa şəhər və rayonlarımız üçün uğurlu il olacaqdır. Çünki iqtisadiyyat artır, sosial məsələlər öz həllini tapır, Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirir. Bir sözlə, bu ili də uğurla başa vurmaq üçün bütün imkanlar vardır. Sadəcə olaraq, biz fəal işləməliyik, hərə öz yerində öz zəhməti, işi ilə doğma Vətənimizin inkişafına töhfəsini verməlidir. Mən gəncəlilərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Siz həmişə öz dövlətinizə çox bağlı olmusunuz, müstəqilliyimizin möhkəmlənməsində də fəal olmusunuz. Azərbaycan Demokratik Respublikası da Gəncədən başlayıbdır. Bu dövlətçilik ənənələri yaşayır, yaşayacaqdır. Ölkəmizin inkişafı üçün bütün lazımi tədbirlər görülür, görüləcəkdir. Azərbaycan bundan sonra da yalnız irəliyə gedəcəkdir. Bir daha sizi ürəkdən salamlayıram və təbrik edirəm".

Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli, müasir materiallardan istifadə olunub. Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Dördmərtəbəli mərkəzdə şüşədən müasir tavan quraşdırılıb. Tavanda Azərbaycanın xəritəsi əks olunub. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.
Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Mərkəzdə Azərbaycanın xəritəsini əks etdirən çil-çıraq quraşdırılıb. Sahəsi 450 ha olan Gəncə Heydər Əliyev park-kompleksində yerləşən 24 metr hündürlüyü olan Heydər Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir.
Mərkəzin I mərtəbəsində Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir.
Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib.
Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.
Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident cənab İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

Mərkəzin II mərtəbəsində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li filialı, mühazirələrin oxunması, seminarların keçirilməsi, xarici dillərin tədris olunması və filmlərin nümayişi üçün otaqlar, “İDEA” İctimai birliyi Resurs Mərkəzi fəaliyyət göstərir.
Xüsusi görkəmi, füsünkarlığı ilə seçilən Mərkəzdə gənclərin müxtəlif mövzularda maarifləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, onların xarici dil bacarıqlarının artırılması məqsədilə lazımi şərait yaradılıb.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li filialı

Mühazirələrin oxunması, seminarların keçirilməsi, xarici dillərin tədris olunması və filmlərin nümayişi üçün otaqlar

III mərtəbəsində video-konfrans salonu və hər cür təchizatı olan konfrans zalı mövcuddur.
Mərkəzin konfrans zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, beynəlxalq və əlamətdar günlərlə bağlı tədbirlər yüksək səviyyədə həyata keçirilir.