Heydər Əliyev və Qax

Heydər Əliyev və Qax

Heydər Əliyev Mərkəzi 2008-ci ildə muzey olaraq fəaliyyətə başladığı ildə tədqiqat qrupu yaratmış və nəticədə bu məlumatları əldə etmişdir. Qaxlı sakinlərdən Ulu öndərimizlə birbaşa görüşən, müxtəlif tədbirlərdə olan yerli vətəndaşların xatirələri var:

1998-ci il 14-15 sentyabrda Bakı şəhərində Respublika sarayında (indiki Heydər Əliyev adına saray) Müstəqil Azərbaycan Respublikasının qadınlarının 1-ci qurultayı öz işinə başlamışdır. 2000 qadının iştirak etdiyi həmin qurultayda Qax rayonundan 11 nəfər iştirak edirdi. Ulu Öndər 8 saat qadınların qarşısında çıxış etdi. Bu çıxışı qadınlarımız ayaqüstə qarşıladılar və bugün bizdə xatirə olaraq Ümumilli liderimizin qurultayın iştirakçıları ilə şəkli mövcuddur.

Qaxda yaşayan gürcü xalqının nümayəndəsi şair, tərcüməçi Giya Paçxataşvilin həyatında Ulu Öndərimiz Heydər Əliyevin böyük rolu olmuşdur. Ötən əsrin 70-80-ci illərində Azərbaycan MK-nın Birinci katibi Heydər Əliyein rəhbərliyi ilə istedadlı tələbələr SSRİ-nin Ali məktəblərinə göndərilirdi. Onlardan biri də Giya Paçxataşvili idi. O, təhsilini M.V.Lomonosov adına MDY-nın jurnalistika fakültəsində davam etdirmişdir. 1981-ci ildə o, Heydər Əliyevdən müsahibə almışdır. Heydər Əliyevin ona ürək-dirək verməsi ilə müsahibə daha da uğurlu alınmışdır. Giya Paçxataşvili Heydər Əliyevin öz həyatındakı rolunu qiymətləndirərək, “Oğul ata itirdi” kitabını ona həsr etmişdir.

Digər Qax sakini Polkovnik-leytenant Mirzəyev Abakar Rəşid oğlu Heydər Əliyevlə görüşmüş və 1994-cü ildə xidməti şücaətinə görə Heydər Əliyev tərəfindən Azərbaycan bayrağı ordeniylə təltif olunmuşdur. O, bu zaman böyük qürur hissləri keçirmişdir.

Qax rayon sakini Rəşidov Yamil Xaliq oğlu Qax rayon kolxozlar arası tikinti idarəsində çalışmışdır. O, fəaliyyətinə görə SSRİ Ali sovetinin fəxri fərmanları, Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Həmin əməklərinə görə o, Azərbaycan Respublikasının 29-cu qurultayında nümayəndə seçilmişdir. Həmin qurultayda Heydər Əliyev də iştirak edirdi. O, həmin görüşü həyatının ən xoş anlarından bir olaraq xatirəsində qalacağını bildirdi.

İlisu kənd orta məktəbinin 110-cu ildönümü münasibətilə verdiyi sərəncam:

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 22 oktyabr 1999-cu ildə Azərbaycanın milli təhsil sisteminin inkişafında xüsusi yeri və rolu olan İlisu kənd orta məktəbinin 110 illik yubileyi münasibətilə məktəbin məzunlarını və ölkənin bütün təhsil işçilərini səmimi qəlbdən təbrik etmişdir.

O, söyləmişdir: “Bugün yaradılmasının 110-cu ildönümünü təntənə ilə qeyd etdiyiniz məktəbinizin də həmin dövrdə Azərbaycan maarifçilərinin böyük səylərinin, fədakarlığının və vətənpərvərliyinin canlı mücəssəməsidir. Azərbaycanın ən gözəl guşələrindən biri olan İlisu kəndində yaradılmış bu məktəb öz sələflərinin layiqli davamçıları olan neçə-neçə maarifpərvər nəslin zəhməti sayəsində uzun illərdir ki, ölkəmizin ən qabaqcıl təhsil ocaqlarının biri hesab olunur. Respublikamızın bu qocaman təhsil mərkəzinin məzunları arasında yüzdən çox elmlər doktoru, elmlər namizədi, minə yaxın ali təhsilli mütəxəssis vardır.”

Sonda o, bu əlamətdar gündə İlisu kənd orta məktəbinin müəllim və şagirdlərinə nəcib fəaliyyətində yeni uğurlar, həyatda xoşbəxtlik və səadət arzulamışdır.