Qalereya

Ekspozisiya zalının girişində hər iki tərəfdə xüsusi plakatlar vardır ki, bunlar da xüsusi monitorla əlaqələndirilmişdir. Bunlardan biri Heydər Əliyevin dövlətlərarası münasibətlərini əks etdirir. Heydər Əliyevin düşünülmüş, irimiqyaslı siyasəti nəticəsində Azərbaycan bütün dünyada tanındı, onun haqq işi dünyanın aparıcı dövlətləri tərəfindən dəstəkləndi, o regionda aparıcı dövlətə çevrildi. Müstəqil Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatı, ATƏT və bir çox digər beynəlxalq təşkilatlara daxil oldu. Prezidentlik dövründə Heydər Əliyev Fransa, Türkiyə, Çin, Böyük Britaniya, Rusiya, ABŞ, Norveç, İtaliya, Misir, Pakistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə dəfələrlə rəsmi səfərlərdə olmuş, bu ölkələrin rəsmi heyətlərini Bakıda qəbul etmiş, müştərək iqtisadi və mədəni layihələrin bir çox məsələlərini müvəffəqiyyətlə həll etmişdir. Digər monitor isə Heydər Əliyevin adının əbədiləşdirilməsi ilə bağlıdır. Bu monitorda bəhs olunur ki, Heydər Əliyevin əvəzolunmaz xidmətləri həyatının bütün dövrlərində həmişə yüksək dəyərləndirilmişdi. Heydər Əliyev dünyanın bir sıra dövlətlərinin ən yüksək mükafatları –orden və medallarla təltif edilmiş, çoxsaylı elmi və fəxri adlara layiq görülmüş, bir çox ölkələrdə büstləri, heykəlləri ucaldılmış, parklara, xiyabanlara onun adı verilmişdi.

Ekspozisiya zalında 8 ədəd divar monitoru və 52 fotoşəkil vardır. Monitorların hər biri sitatlardan ibarətdir. Sitatlar həm azərbaycan dilində, həm də ingilis dilində verilmişdir.

1-ci monitor 1923-1944-cü illərdə Ulu Öndərimiz Heydər Əliyevin uşaqlıq və gənclik illərini əks etdirir. Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10 - da Naxçıvan şəhərində anadan olmuş, 1939-cu ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirdikdən sonra o, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakultəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmışdır.

2-ci monitorda 1944 -1969-cu illərdə Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində keçən illəri əks olunmuşdur. Çalışdığı vəzifələrdə özünü istedadlı, erudusiyalı, bacarıqlı bir işçi kimi qələmə verən Heydər Əliyev 1944-cü il yanvar ayının 27-də Dövlət Təhlükəsizliyi Xalq Komissiarlığına əməliyyat müvəkkili vəzifəsinə işə götürülmüş, 1944-cü ilin may ayında leytenant, 1948-ci ildə baş leytenant rütbəsini almışdır. 1950-ci ildən Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında xidmət etmişdir. 1964-cü ildə Heydər Əliyev Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri təyin edilmiş, general-mayor rütbəsi almışdır. Dövlət Təhlükəsizlik Komitəsində 25 il çalışmışdır.

3-cü monitorda Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində keçdiyi illər verilmişdir. 1969-1982-ci illər ərzində Azərbaycanın gələcək inkişafını təyin edən siyasi, sosial, elmi, mədəni potensialı yaranmışdır. Respublikada orta, ali və hərbi təhsilin vahid sistemi də məhz 70-ci illərdə yaradılmağa başlamışdı. 1971-ci ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, ölkəmizdə Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yarandı. Bu məktəbin yaradılması, azərbaycanlı gənclərdə hərb sənətinə marağın oyadılması, minlərlə gəncin ölkənin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərilməsi, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği xalqın müqəddəratı ilə bağlı olan, milli maraqlarımıza cavab verən tarixi nailiyyət idi.

4-cü monitor 1983-1987-ci illərdə Ulu Öndərin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu illərdir. 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. 1983-1987-ci illər Heydər Əliyevin həyatına Moskva dövrü kimi daxil olmuşdu. Moskvaya gəldiyi ilk gündən Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin bitib-tükənməyən qayğıları ilə məşğul olmağa başlamışdı. Onun kuratorluğuna səhiyyə, maşınqayırma və yüngül sənaye, nəqliyyat və rabitə, elm və səhiyyə, mədəniyyət və təhsil, kinomatoqraf, Yaxın Şərq və Latın Amerikasına dair məsələlər, sosial məsələlər, ticarət, Baykal-Amur magistralının tikintisi və bir çox digər məsələlər verilmişdi. Heydər Əliyev sovet dövləti qarşısındakı xidmətlərinə görə beşinci dəfə Lenin ordeni və ikinci dəfə SSRİ-nin ali mükafatı olan “Oraq və çəkic “qızıl medalı ilə təltif olunmuşdu. Bu münasibətlə 1986-cı ildə doğulduğu Naxçıvan şəhərində onun büstü qoyulmuşdu.

5-ci monitor 1990-1993-cü illəri əhatə edir. 1987-1993-cü illər Heydər Əliyevin həyatının və Azərbaycanın tarixinin ən çətin, ən mürəkkəb dövrlərindən biri olmuşdur. Mixail Qarbaçovun hakimiyyətə gəlişindən sonra tədricən bütün vəzifələrdən uzaqlaşdırılan, 1985-ci ildə sevimli həyat yoldaşı Zərifə xanımı itirən, müəmmalı şəkildə infarkt keçirən Heydər Əliyev hələ də Moskvada yaşamağa məcbur idi. Onun vətənə qayıdışı 1990-cı ildə, qanlı yanvar hadisələrindən sonra baş verdi. Tez bir zamanda Naxçıvan MSSR-in deputatı, daha sonra Naxçıvan MR Ali Məclisinin sədri seçilmişdir.

6-cı monitordakı məlumatlar 1993-1998-ci illəri əhatə edir. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlmiş, iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilmiş, oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1994-cü ildə dünyanın bir sıra neft şirkətləri arasında “Əsrin müqaviləsi” kontraktı imzalandı, neftin hasilatı, emalı və nəqli sahəsində böyük işlər aparılmağa başlandı. Möhkəm təmələ əsaslanan daxili və xarici siyasət dünyaya yeni bir Azərbaycanı tanıtdı.

Növbəti monitordakı məlumatlar 1998-2003-cü illəri əhatə edir. 1998-ci ilin oktyabr ayında Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratdı. Onun daimi dönməz və əbədi olması üçün möhtəşəm proqram hazırladı. O, MDB məkanında aqrar islahatlar aparan ilk dövlət başçısı oldu.

Növbəti 8-ci monitorda ondan bəhs olunur ki, təməli ümumillilider Heydər Əliyev tərəfindən qoyulmuş və başlıca məqsədi dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə, dünya ölkələri sırasında layiqli yer tutmasına, xalqın rifahının yüksəldilməsinə yönəldilmiş siyasi kurs bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni şəraitə uyğun olaraq uğurla davam etdirilir. Bu monitorda ölkə prezidentimiz İlham Əliyevin regionlara etdiyi səfərləri, həmçinin Qax rayonuna olan səfərlərindən bəhs olunur.

Zalın mərkəzində isə Qax rayonunun şüşə maketi vardır ki, burda rayonun abidələri əks olunmuşdur. Bu şüşə maket də xüsusi monitorla əlaqələndirilmişdir ki, burdan abidələr haqqındakı əsas məlumatları əldə etmək mümkündür. Eləcə də, bu monitorda ölkə başçısının rayonumuza 2006, 2008, 2011, 2012 və 2013-cü illərdəki səfərləri öz əksini tapmışdır.