Heydər Əliyev Mərkəzində fəal gənclərin elektron kitabxanadan istifadəsinin təşkilinə həsr edilmiş tədbir keçirilmişdir

Heydər Əliyev Mərkəzində fəal gənclərin elektron kitabxanadan istifadəsinin təşkilinə həsr edilmiş tədbir keçirilmişdir

08.08.2019 -cu il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində fəal gənclərin mərkəzdə fəaliyyət göstərən elektron kitabxanadan istifadəsinin təşkilinə həsr edilmiş tədbir təşkil edilmişdir. Tədbir iştirakçıları Qax rayonunun sakinləri, gənc valideynlər, abituriyentlər və universitet məzunları idi.

Təşkil edilmiş tədbirdə kitabxanaların funksiyasından, Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində olan 2 №-li şəhər kitabxanasından bəhs edildi. Qeyd edildi ki, bu kitabxana 2018-ci il tarixindən Qax rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Qax MKS 2 nömrəli şəhər kitabxanasının 2018-ci ildə kitab fondu 5912 nüsxə, kitab verilişi 15 000 ədəd, oxucusu 802 nəfər olmuşdur. Hesabat dövrü ərzində kitabxananın oxucu kontingenti müəllimlər, həkimlər, fəhlələr, ali məktəb tələbələri və orta məktəb şagirdləri və s. olmuşdur. 2018-ci ildə kitabxanaya 113 nüsxə yeni kitab daxil olmuşdur.

Daha sonra Əməkdaşımız Jalə Ziyadova tədbir iştirakçılarına kitab oxumanın faydalarından bəhs etdi. Daha sonra Elektron Kitabxananın iş prinsipinin təqdim edilməsi üçün tədbir iştirakçıları kompüter arxasına keçdilər. Əməkdaşımız Mehdili Nazlı Elektron kitabxananın quruluşundan bəsh etdi. Vurğuladı ki, biz məhz bu sistem vasitəsilə istədiyimiz kitabı oxuya bilərik. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, bir xidmət növüdür. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir.

Beləliklə, biz kitab oxumaq üçün uzun məsafələr qət etmirik, həm də vaxtımıza qənaət edirik. Bu təqdimat iştirakçılarda böyük maraq yaratdı. Sonra nümunə olaraq Mirzə Fətəli Axundov kitabxanasından bir neçə elektron kitab seçildi və oxuculara təqdim edildi. Tədbir rayon gəncləri üçün yaddaqalan və faydalı oldu.