Mədəniyyət naziri dünya şöhrətli baletmeyster Eldar Əliyevi qəbul edib

Mədəniyyət naziri dünya şöhrətli baletmeyster Eldar Əliyevi qəbul edib

Xəbər verildiyi kimi, məşhur baletmeyster soydaşımız, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Sankt-Peterburqun Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Bakıda səfərdədir. O, iyunun 8-dən 17-dək teatrda klassik balet tamaşalarına quruluş verir, eyni zamanda ustad dərsləri keçir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 14-də görkəmli sənətkar Eldar Əliyevlə görüşüb.

Görüş zamanı ölkəmizdə xoreoqrafiya sahəsinin inkişaf perspektivləri müzakirə olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Eldar Əliyev gələcəkdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin “Yatmış gözəl”, Q.Qarayevin “İldırımlı yollarla” baletləri və digər əsərlərin səhnələşdirilməsi işini özü üçün şərəf hesab etdiyini bildirib.

Nazir xoreoqraf soydaşımızla əməkdaşlığın Azərbaycan mədəniyyətinin inkişafına töhfə olacağını deyib, sənətkara yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbində və Sankt-Peterburq Rus Balet Akademiyasında təhsil alıb. 1979-1992-ci illərdə Mariinski Teatrının aparıcı solisti kimi fəaliyyət göstərib. O, dünyanın 40 ölkəsində həm solist kimi çıxış edib, həm də bir çox məşhur balet əsərlərinə quruluş verib. Rusiya balet sənətinin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə Eldar Əliyev 2021-ci ildə Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Eldar Əliyev 2016-cı ildən Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri vəzifəsində çalışır. 2020-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti Vladivostok şəhərində E.Əliyevin quruluşunda tamaşaçılara təqdim edilib və böyük əks-səda doğurub. “Min bir gecə” baleti bu quruluşda Sankt-Peterburq Mariinski Teatrının səhnəsində, habelə Kazan Beynəlxalq Balet Festivalında da uğurla nümayiş etdirilib.