Ustad xanəndənin 120 illiyinə həsr olunmuş videokonfrans keçirildi

Ustad xanəndənin 120 illiyinə həsr olunmuş videokonfrans keçirildi

İyunun 10-da Azərbaycan muğam ifaçılığında özünəməxsus dəst-xətti olan görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin (İsfədiyar Cavanşirov; 1901-1979) 120 illik yubileyi münasibətilə “Havalansın Xanın səsi – Şuşadan Şərq dünyasına” mövzusunda videokonfrans keçirildi.

Videokonfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Bəstəkarlar İttifaqı, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

Şair Əkbər Qoşalının moderatorluğu ilə keçirilən konfransda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iştirakçıları salamladı. Bildirdi ki, Xan Şuşinskinin otuz ilə yaxın işğal altında qalan yurdu artıq azaddır: “Xanəndənin 100 illik yubileyini də, 110 illik yubileyini də Şuşasız qarşılamışdıq. Amma bu ilin avqust ayında 120 illiyi tamam olacaq Xan Şuşinskinin ad gününü biz Ali Baş Komandanımızın rəhbərliyi və Ordumuzun rəşadəti ilə azad olunmuş şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşamızda keçirəcəyik”.

Qənirə Paşayeva qeyd etdi ki, Şuşa böyük mədəniyyət xadimləri ilə tanınıb. Onlardan biri də Xan Şuşinskidir: “Sənətkar son 30 ildə ermənilərin törətdiyi vəhşilikləri görməsə də, doğulandan bəri ermənilərin faşist zehniyyətinin törətdiyi əməllərin şahidi olmuşdu. Pənahəli xanın nəslindən olan Xan Şuşinskinin yurdunu hələ o yeniyetmə ikən ermənilər dağıtmışdılar. Həm Cümhuriyyət illərində, həm də sovet dönəmində ermənilər Xan Şuşinskiyə qarşı təhdidlərə əl atmışdılar. O, böyük sənətkar olmaqla yanaşı, həm də əsl şəxsiyyət kimi erməni məkrinə qarşı mübarizə aparırdı”.

Qənirə Paşayeva daha sonra xanəndənin həyat və yaradıcılığından söz açdı. Onun Azərbaycan mədəniyyətinə hər zaman yüksək səviyyədə xidmət etdiyini vurğuladı: “Əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, unudulmağa qoymayacaq”.

Konfransda çıxış edən Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova Xan Şuşinski sənətinin Azərbaycan muğam ifaçılığı tarixində xüsusi bir səhifə olduğunu vurğuladı. Qeyd etdi ki, şanlı Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş Şuşada “Xarıbülbül” festivalı zamanı Xan Şuşinskinin ifasının səslənməsi musiqi-mədəniyyət bayramına ayrı bir ab-hava qatıb.

Qeyd olundu ki, Xan Şuşinski 60 illik sənət fəaliyyətində muğamlarımızı xalqa sevdirib, bəstələdiyi mahnılar, təsniflər dillər əzbərinə çevrilib. Xanəndənin yaradıcılığı dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Prezident Heydər Əliyevin sərəncamı ilə 2001-ci ildə böyük xanəndənin 100 illik yubileyi qeyd olunub. Bu il də sənətkarın 120 illiyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov təşkilatın Azərbaycanın görkəmli söz, sənət adamları ilə bağlı həyata keçirdiyi layihələrdən danışdı. Şuşanın yetişdirdiyi Xan Şuşinskinin ortaq türk musiqi sənətinə verdiyi töhfələri vurğuladı. Bildirdi ki, pandemiya ilə bağlı vəziyyət normallaşanda xanəndənin yubileyinin Ankarada təntənəli şəkildə keçirilməsi planlaşdırılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransı yüksək dəyərləndirərək bildirdi ki, Xanın səsində Qarabağın, Şuşanın əsrarəngiz təbiətinin tərənnümünü biz bütün çalarları ilə hiss edirik: “30 illik həsrətdən sonra bu səsi “Xarıbülbül” festivalında yenidən Cıdır düzündə eşitdik. Buna görə Ali Baş Komandanımıza və Ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu gün Xan Şuşinskinin də ruhu şaddır. Ona görə ki, bu Zəfər həm də Azərbaycan incəsənətinin və mədəniyyətinin təntənəsidir”.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları Xan Şuşinskinin sənət yolu və Azərbaycanın musiqi mədəniyyətinə verdiyi töhfələrdən söz açdılar.

Xanəndənin ailəsi adından çıxış edən qızı, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva-Cavanşirova atasının irsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. O, Pənahəli xanın kötücəsi, Xan Şuşinskinin qızı olmağı ilə fəxr etdiyini deyərək “Xarıbülbül” festivalında iştirakı zamanı keçirdiyi hissləri bölüşdü. Dedi ki, atasının yaradıcılığına ulu öndər Heydər Əliyev tərəfindən həmişə böyük diqqət göstərilib: “Bu gün də bu diqqətin davam etməsinə görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Videokonfransa qoşulan Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova xanəndənin repertuarından nümunələr səsləndirdilər.

Sonda millət vəkili Qənirə Paşayeva konfransa dəstək olan qurumlara və iştirakçılara təşəkkürünü bildirdi.