Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Tarixi

Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 14-8-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.
XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmış körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avropanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin "Folker Şpis" elmi nəşriyyatı tərəfindən "Qalakənd" adlı elmi əsər şəklində Berlində çap edilmişdir.Əsər Berlin Dövlət muzeyində saxlanılır.
Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin avqustun 8-də rayonun iki kəndi Motudərə və Qasımağalı
kəndləri, o cümlədən 78 yaşayış evi, 1 məktəb və 2 tibb məntəqəsi yandırılmışdır. Hazırda həmin kəndlərdə məktəb və tibb məntəqəsi, 74 yaşayış evi bərpa olunmuş, digər yaşayış evlərinin bərpası davam etdirilir.

Əhalisi

Gədəbəy rayonunun ərazisi 1232,98 km2, əhalinin sıxlığı 1 km2 –ə 80 nəfər təşkil edir.
01 yanvar 2019-cı il vəziyyətinə əsasən Gədəbəy rayonunun əhalisi 100020 nəfərdir. Əhalinin 50210 nəfərini yaxud 50,2%-ni kişilər, 49810 nəfərini və yaxud 49.8%-ni qadınlar təşkil edir. Əhalinin son siyahıyaalınmasına əsasən (2009-cu il) rayon əhalisinin 93573 nəfərini və ya 99.8%-ni azərbaycanlılar, 133 nəfər və ya 0,14%-ni ruslar, 2 nəfər və ya 0,002 %-ni tatarlar, 9 nəfər və ya 0, 009%-ni isə digər millətlər təşkil edir.

Coğrafi mövqeyi

Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və s.
Yura, Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qara və ağ mərmər yataqları var. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstündür.
Çay şəbəkəsi sıxdır. Axınca və Zəyəm çaylarının yuxarı axını bu rayonun ərazisindədir. Şəmkir çayının yuxarı axını rayonun cənub-qərb sərhədindən axır. Qonur dağ-meşə, çimli dağ-çəmən və s. torpaqlar yayılmışdır.
Meşələrin ümumi sahəsi 30,5 min hektardır(1980).Heyvanları: qayakeçisi, cüyür, qonur ayı, canavar və s.Quşlardan tetra, ular,qartal və s. var.
Rayonda ərazisində məşhur "Qızılça" yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir.

İqtisadiyyat

Gədəbəy rayonunun ilin yekunlarına dair əsas sosial-iqtisadi göstəricilərinə əsasən ümumi məhsul buraxılışının həcmi 324513,0 min manat, əsas sahələr üzrə məhsulların istehsalı 263474,7 min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 101374,8 min manat, tikinti quraşdırma işlərinin həcmi 30247,7 min manat, əsas sahələr üzrə xidmət istehsalı 61038,3 min manat, onlardan ticarət üzrə göstəricilər 58213,5 min manat, nəqliyyat üzrə göstəricilər 2408,5 min manat, informasiya və rabitə sahəsində 416,3 min manat, pərakəndə əmtəə dövriyyəsi 178957,3 min manat, adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 1807,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 35962,0 min manat, adambaşına düşən pullu xidmətlər 363,2 min manat olmuşdur.