Qəbələ rayonu haqqında məlumat

Qəbələ rayonu haqqında məlumat

Qəbələ rayonu 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublkia ərazisinin 1/50 hissəsini təşkil edən Qəbələ rayonunun sahəsi 1550 km² –dir. Qəbələ ərazisi 4 yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir. Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşın, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır. Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd inzibati ərazi dairəsi var. Bu yaşayış məntəqələri 60 İnzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur. Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1959-cu ilədək kənd, 1959-74-cü illərdə qəsəbə və 1974-cü ilin mart ayının 15-dən şəhər statusuna malikdir. Okean səviyyəsindən 900 m hündürlükdə, Dəmiraparan çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Qəbələ rayonunun əhalisi (01.01.2019-cu il tarixə) 106660 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 225 km-dir.

Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlaləri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən, tarixi ,,İpək yolu”nun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarca digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekrasiya və turizm imkanlarına malikdir.

Bununla yanaşı son illərdə xüsusi sektorda turist-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Qeyd etmək lazımdır ki, rayonda mövcud olan “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport” otelləri, “Qəbələ”, “Karvan” otelləri, “Yengicə” istisu müalicə-sağlamlıq mərkəzi, “Xanlar”, “Çənlibel”, ”Semerana”, “ Duyma”, “Yeddi gözəl”, ”Sahil”, “Selbasar” istirahət mərkəzlərinə gələn qonaqların xoş istirahəti üçün hər cürə şərait yaradılmışdır.