Ermənistan təcavüzünün nəticələri

1988-ci ildən Ermənistan Respublikası xalqımıza növbəti ərazi iddiaları ilə “Qarabağ” müharibəsini elan etdi. Bu müharibədə, Ermənistan işğalçı ordusu tərəfindən 20% torpağımız işğal edildi, minlərlə oğul, qızımız şəhid və əlil oldu, yüzlərlə soydaşımız itkin düşdü.

Ermənistan işğalçı ordusu tərəfindən ərazisi 1382 kv.km olan Füzuli rayonu da, qonşu bölgələr kimi 23 avqust 1993-cü ildə işğal edildi. Minlərlə Füzulili öz yurd yuvasından isti ocaqından didərgin düşdü. Neçə-neçə tarixi əhəmiyyətli abidələrimiz, Mədəniyyət müəssələrimiz viran edildi. Füzulidən olan qaçqın və məcburi köçkünlər respublikamızın müxtəlif rayonlarında müvəqqəti olara məskunlaşdılar.

5 yanvar 1994-cü ildə Ulu öndər Heydər Əliyevin ali baş komandanlığı ilə, Azərbaycan Respublikasının Milli Ordusu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 700 kv.km ərazisini düşmən tapdağından azad etdi.

Erməni təcavüzünə qarşı mübarizədə Füzulinin 663 nəfər şəhidi, 1240 nəfər əlili, 181 nəfər itkin və girovu götürülmüşdü. Əslən Füzuli rayonundan olan, 6 nəfər Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bu gün, hər bir füzulili onlarla fəxr edir, qürur duyur. Qəhrəman oğullarımız-Fərzəliyev Pəhlivan Əhliman oğlu, Məmmədov Seymur Qəhrəman oğlu, Rəfiyev Faiq Qəzənfər oğlu, Zülfüqarov Elxan Qaçay oğlu, Quliyev Nazim Qabil oğlu, Kərimov Bəşir Bəylər oğlu, hər birinin ömrü gələcək nəsillərə örnəkdir.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq işğalçı Ermənistan ordusu növbəti dəfə silahlı təxribata əl atdı. Bu təxribat nəticəsində, 4 nəfər füzulili şəhid oldu. Mayor Elnur Adil oğlu Əliyev, Həmidov Orxan İbrahim oğlu, Quliyev Səyyar Knyaz oğlu və Hüseynov Əlvan Qafar oğlu. Şəhidlərimiz ölümündən sonra ,Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən təltif edilib. Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əliyev Elnur Adil oğlu ölümündən sonra “Vətənə xidmətə görə” ordeni (III dərəcə) ilə, gizir Hüseynov Əlvan Qafar oğlu “İgidliyə görə” medalı ilə ,kiçik gizir Orxan İbrahim oğlu Həmidov “İgidliyə görə” medalı ilə, kiçik çavuş Quliyev Səyyar Knyaz oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” (III dərəcə) medalı ilə təltif edilib.

Aprel zəfərində ordumuz Talış kəndi ətrafındakı yüksəkliyi, Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlanan yüksəkliyə nəzarəti ələ keçirdi.

Bu gün respublikamızın hər guşəsində olduğu kimi, Füzuli rayonunun hər kəndində, qəsəbəsində şəhidlərimizin xatirəsi əziz tutulur, onların adlarını əbədiləşdirmək məqsədi ilə parklar salınır, abidələr ucaldılır. Füzuli rayonun mərkəzi sayılan Horadiz şəhərində, Füzuli rayon İcra hakimiyyətinin təşəbbüsü ilə tikilmiş, “Qəhrəmanlar park- abidə” kompileksi, “Aprel Şəhidləri” abidəsi, “20 Yanvar Şəhidlər Park –abidə” kompileksi, ”Xocalı faciəsi” abidəsi və “31 Mart soyqırımı” qurbanlarının xatirəsinə ucaldılan abidələr, füzulilərin dövlətimizin ərazi bütövlüyü uğrunda, canlarından keçən şəhidlərimizin ruhuna olan sonsuz hörmət və etiramının bariz nümunəsidir.Bu abidələr hər bir Füzulinin qürur və and yeridir.