Rayon haqqında məlumat

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və aşağı sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. İnziati ərazi vahidi kimi rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnçayboyu, arazboyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.

1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Rayonun sahəsi 1386 kvadrat km əhalisisə 105000 (bir yüz beş min) nəfərdir. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləri olmuşdur. Hazırda rayonun işğaldan azad olunmuş ərazisi 700 kvadrat kilometrdir. Burada 1 şəhər, 17 qəsəbə, 22 kənd var.

Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpə, Qarabulaq kurqanlarında, Günəştəpədə Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq–alim Məhəmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal –Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı. Azıx mağarası qədim insan mə skunlaşması baxımından dünyada üçüncü yeri tutur. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var. Bu abidələr içərisində Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsirin sonu), Babı türbəsi (1273-cü il), Qarqabazarı kəndində Hacıqiyasəddin məscidi (1682-ci il) və bir çox bu kimi tarixi əhəmiyyət daşıyan tarixi abidələrimizi qeyd etmək olar.

Vaxtilə rayonda onlarla insana Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 7 çağırış SSRİ Ali Sovetinin, 9 çağırış Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Əslən Füzuli rayonundan olan İlyas Əfəndiyev və Elçin Əfəndiyev xalq yazıçısı, İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Burada 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir. Rayonda ilk dəfə “Qızıl Araz” adlı qəzet 1931-ci ildə dərc olunmuşdur. Hal-hazırda qəzet “Qayıdış” adı ilə dərc olunur.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. 23 avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Hazırda Füzuli şəhəri və 78 kəndin 58-i erməni işğalı altındadır. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovuldu.

Füzulinin 663 nəfər şəhid, 181 nəfər itkin və girovu, 1240 nəfər müxtəlif dərəcəli əlili var. Əslən Füzuli rayonundan olan 6 nəfər Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Rəfiyev Faiq Qəzənfər oğlu, Quliyev Nazim Qabil oğlu, Məmmədov Seymur Qəhrəman oğlu, Zülfüqarov Elxan Qaçay oğlu, Fərzəliyev Pəhlivan Əhliman oğlu, Kərimov Bəşir Bəylər oğlu.

05 yanvar 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin qətiyyəti və əzmi sayəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Füzulinin işğal olunmuş 21 kənd və Horadiz qəsəbəsi işğaldan azad edildi.Bu gün Füzulilər bu tarixi qələbəyə görə ulu öndərə daim Allahdan rəhmət diləyirlər.

“Füzuli rayonunda torpaqlarımızın bir qismi geri alınıbdır, erməni işğalçıları ordan qovulubdur. Lakin bu, işin yalnız başlanğıcıdır Qarşıda Füzuli rayonunun digər hissələri var, Cəbrayıl var, Zəngilan var, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını biz azad etməliyik. Heydər Əliyev

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Füzuli rayonu ərazisində 11 Qayıdış, 5 Zobucuq, 1 Fin qəsəbələri salınmışdır. Mil düzünün zəhmət meydanı, hünər qalası olan Füzuli bu gün özü boyda quruculuq, yeniləşmə meydanına çevrilib. Füzuli rayonunun müasir tarixində yeni səhifə açılıb. Burada həyat öz axarı ilə davam edir.