Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Daşkəsən Şəhər Mədəniyyət Mərkəzi

Daşkəsən şəhər Mədəniyyət Mərkəzi 1956-cı ildə tikilib, 2006-cı ildə əsaslı təmir edilmişdir. Mərkəzin binası 2 mərtəbədən ibarətdir, ümumi sahəsi 575. 159 m 2 -dir. I mərtəbədə 2 inzibati otaq, 1 foye, 2 qarderob, 1 qazanxana, II mərtəbədə 286 yerlik 1 tamaşa zalı, 2 inzibati otaq, 1 qrim otağı, 1 foye, 2 vestibül vardır. Mədəniyyət Mərkəzi kənd, qəsəbə klubları və kənd mədəniyyət evləri üçün metodik mərkəz funksiyasını yerinə yetirir. Mədəniyyət Mərkəzi tərəfindən klub və mədəniyyət evləri işçilərinin əmək intizamına və iş fəaliyyətinə nəzarət edilməsi ilə yanaşı aylıq seminar-müşavirələr keçirilir. Mədəniyyət müəssisələri işlərini illik və aylıq iş planı əsasında görürlər. Mərkəz həmçinin müxtəlif mövzularda tematik gecələrin, ədəbi-bədii gecələrin, yubileylərin, söhbətlərin, mühazirələrin, bayram konsertlərinin, sual-cavab gecələrinin, fotostendlərin, sərgilərin, fotomontajların və s. təşkil olunmasında fəal rol oynayır.

Daşkəsən Şəhər Tarix Diyarşünaslıq Muzeyi

Daşkəsən şəhər Tarix-Diyarşünaslıq muzeyi 1984-cü ildən fəaliyyət göstərməyə başlamışdır, iki mərtəbəli binanın II mərtəbəsində yerləşir. Ümumi sahəsi 300 m 2, ekspozisiya-sərgi sahəsi 280 m 2 -dir. Muzey 8 salondan və 2 inzibati otaqdan ibarətdir. Muzeydə tunc dövründən müasir dövrümüzə qədər olan tariximizi özündə əks etdirən eksponatlar qorunub saxlanır və sərgilənir. Muzeyin fondunda olan 1006 eksponatdan hal-hazırda 650 eksponat nümayiş olunur. 2018-ci il ərzində muzeyə 12 yeni eksponat qəbul edilmişdir. Bundan başqa, muzeydə Ümummilli Lider "Heydər Əliyev" guşəsi, "Qəhrəmanlar unudulmur" guşəsi, "20 Yanvar şəhidlərinə" guşəsi, "Böyük Vətən müharibəsi" guşəsi yaradılmış və həmin guşələrdə müxtəlif materiallar, sənədlər, dəyərli əsərlər sərgilənir. Rayon Tarix-Diyarşünaslıq muzeyində bütün əlamətdar günlər təntənəli şəkildə qeyd olunur, milli qəhrəmanlarımız və qan yaddaşımız haqqında tədbirlər təşkil edilir.

Daşkəsən Şəhər Dövlət Rəsmlər Qalereyası

Daşkəsən şəhər Dövlət Rəsmlər Qalereyası 1986-cı ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə fəaliyyətə başlamışdır. Şəhər Mədəniyyət Mərkəzinin binasının I mərtəbəsində yerləşir. Ümumi sahəsi 40 m 2 -dir, 1 otaqdan ibarətdir. Qalereyada tanınmış, peşəkar və o cümlədən, yerli, həvəskar rəssamların müxtəlif həcmdə çəkdikləri əsərlər və şəkillər nümayiş olunur. Hazırda Daşkəsən rayon Dövlət Rəsmlər Qalereyasının balansında 33 rəsm əsəri vardır. Həvəskar və yerli rəssamların qalereyaya bağışladığı şəkillərlə birgə 60 əsər nümayiş olunur. Belə ki, qalereyada tanınmış rəssamlardan M.Rəhmanzadənin, B.Mirzəzadənin, V.Ağayevin, Ç.Fərzəliyevin və başqa rəssamların əsərləri nümayiş olunur. Həvəskar yerli rəssamlardan isə L.Məmmədovun, N.İsayevin, İ.İsayevin və başqa rəssamların əsərləri sərgilənir. Bu əsərlərin içərisində kətan üzərində yağlı boya ilə işlənmiş şəkillər əksəriyyət təşkil edir. Həmçinin karandaş və quaşla işlənmiş əsərlər də sərgilənir və qorunub saxlanılır. Qalereya işçiləri mütəmadi sərgilərlə yanaşı Daşkəsən rayonunun müxtəlif kəndlərində şəkillərin səyyar sərgisini təşkil edir və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə də fəal iştirak edir.