Daşkəsən Şəhər Heydər Əliyev Mərkəzi nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən 16 adda foto stend mövcuddur ki, bu stendlərdə Azərbaycanı ən yüksək zirvələrə qaldıran Dahi Şəxsiyyətin Azərbaycan naminə gördüyü işlərdən bəhs edən fotolar öz əksini tapmışdır.

BİRİNCİ STEND – AİLƏ

​“İnsanların mənəvi həyatı təkcə əməkdə və ictimai fəaliyyətdə deyil, həm də ailədə formalaşır.” başlıqlı stenddə Ulu Öndərin ailə fotoşəkilləri öz əksini tapmışdır.

Ümummilli Liderimiz Heydər Əliyev 10 may 1923 cü ildə Naxçıvanın Oğuz elində Əlirza Əliyev və İzzət xanım Əliyevanın ailəsində anadan olmuşdur. O, Həsən, Hüseyn və Surədən sonra aildə 4-cü uşaq olmuşdur. Sonra ailədə daha 4 uşaq – Aqil, Cəlal, Şəfiqə və Rəfiqə doğulur. Onun uşaqlıq və yeniyetməlik dövrü Naxçıvan şəhərindəki keçmiş Puşkin küçəsində olmuş, (Əlavə: Keçmiş Puşkin küçəsi Naxçıvanda yerləşir. Digər adı “Söyüdlü biyan” adlanırdı. İki söyüd ağacının arasından axan kiçik arx da bu adı daşımasının səbəblərindən biri idi. Heydər Əliyev uşaq ikən dərslərini söyüd ağaclarının altında hazırlayırdı.) Naxçıvan mühiti onun dünyagörüşünün formalaşmasında çox böyük rol oynamışdır. (Əlavə: Naxçıvanın qədim və zəngin tarixi var. Təsadüfi deyil ki, Nuh peyğəmbərin məhz Naxçıvanda olması güman edilir. Naxçıvan Azərbaycan tarixində böyük rol oynamış Atabəylər dövlətinin (1136-1225) mərkəzlərindən biri olmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti dövründə (1918-20-ci illərdə) də önəmli rol oynayır və Sovet Hakimiyyəti qurulduqdan sonra, 1924-cü ildə muxtariyyət verilir.)

Heydər Əliyev 1936-cı ildə Naxçıvan Pedoqoji Texnikumuna daxil olur və (Əlavə: hələ orta məktəbdə o məktəbin müxtəlif tədbirlərində iştirak edir. Hətta müəllim və bir sıra yoldaşları onun yaxşı rəsm bacarığının olduğunu deyirdilər. O, pionerler evində şahmat, dama, dram və özfəaliyyət və bir sıra digər dərnəklərdə, müxtəlif idman yarışlarında iştirak edirdi.) 1939-cu ildə texnikumu əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Sənaye İnstitutunun (hal-hazırki Neft Akademiyası) memarlıq fakultəsinə daxil olur. Elə həmin il II Dünya müharibəsi başladığı üçün (Əlavə: II Dünya müharibəsi 1939-cu ildə Almaniyanın Polşa üzərinə hücumu ilə başlayır. Azərbaycandan müharibəyə 700 min nəfər qatılır, onlardan 300 mini müharibədə həlak olur.) 1941-ci ildə institutu yarımçıq dayandırmalı olur. (Əlavə: İnstitutda oxuduğu illərdə Bakının Tarix Muzeyində də qısa müddət çalışır.) və elə həmin ildən 1943-cü ilə qədər Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında daxili işlər komissarlığında bölmə müdiri, 1943-44-cü illərdə isə Naxçıvan MSSR-Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində çalışmışdır.

İKİNCİ STEND – DÖVLƏT TƏHLÜKƏSİZLİK KOMİTƏSİ (1944-69)

“Milli Təhlükəsizlik Orqanı hər bir dövlətin çox əhəmiyyətli, güclü və vacib təşkilatıdır” sözləri ilə başlayan stenddə Ümummilli Liderimiz Heydər Əliyevin 1944-1969-cu illərdə Dövlət Təhlükəsizlik Orqanlarında çalışdığı dövrləri əhatə edir. Heydər Əliyev 1944-cü ilin mayında Dövlət Təhlükəsizlik Orqanlarına işə göndərilmişdir. 1945-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olur. 1949-cu ildə o, Leninqradda (indiki Sankt-Peterburq) Təhlükəsizlik məktəbinə daxil olmuş və 1950-ci ilin yayınadək təhsilini davam etdirmişdir. (Əlavə: Universitetdə oxuduğu illərdə, yəni 1950-ci illərin əvvəllərində Heydər Əliyevin şəxsi həyatında əlamətdar hadisələr baş verir və böyük ülvi hisslərlə bağlandığı Zərifə xanım Əliyevayla 4 il sonra, yəni 1954-cü ildə ailə həyatı qurur.)

Ulu Öndər həmçinin Moskva şəhərində də xüsusi Ali təhsil alır.

1950-53-cü illərdə Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) bölmə rəisi vəzifəsində çalışır. (Əlavə: Elə burada da çalışdığı dövrlərdə 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) tarix fakultəsinə qəbul olur. 1957-ci ildə isə təhsilini başa vurur və bir sıra müxtəlif şöbələrdə rəhbərlik edir. Dövlət Təhlükəsizlik Orqanlarında 25 il çalışan Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Heydər Əliyev Dövlət Təhlükəsizlik Orqanlarında çalışdığı dövrlərdə leytenant, baş leytenant, kapitan, polkovnik rütbələrindən general-mayor rütbəsinə qədər yüksəlmişdir. (Əlavə: Heydər Əliyev Azərbaycanda rus olmayan ilk general-mayor olmuşdur. Çünki Azərbaycanda Heydər Əliyevədək bu orqanda qeyri azərbaycanlılar rəhbərlik etmişdir və 1937-38-ci illər represiya zamanı Azərbaycanın bir sıra görkəmli şəxslərinin də məhvi həyata keçirilmişdir.)

ÜÇÜNCÜ STEND – İQTİSADİYYAT ( 1969-82)

“Azərbaycanın böyük iqtisadi potensialından istifadə etmək bizim vəzifəmizdir.” kəlamı ilə başlayan stenddəki fotoşəkillər Ulu Öndərin 1969-82-ci illərdəki fəaliyyətini əks etdirir.

Heydər Əliyevin hakimiyyətinin bütün dövrləri, o cümlədən 1969-82-ci illər böyük tikinti və quruculuq illəri ilə yadda qaldı. Azərbaycan Kommunist Partiyasınını Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli pleniumunda Heydər Əliyev Azərbaycan KPMK-nın I katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSRİ-yə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-82) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. Azərbaycan sənayesinin inkişafında Bakının aparıcı rolu qalmaqla yanaşı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli-Bayramlı, Naxçıvan və başqa şəhərlərdə yeni sənaye müəssisələri açıldı, elmi-texniki tərəqqini əks etdirən müəssisələrin sayı çoxaldı. Onlardan 1970-ci ildə açılan “Kür su kəməri”, 1975-ci ildə açılan “Sərsəng su dəryaçası”, eyni ildə açılan “Bakı Məişət kondisionerləri” zavodu, “Bakı fəhləsi” maşınqayırma zavodu, 1971-ci ildə “Mingəçevir toxuculuq kombinatı” və s. misal göstərmək olar. Bununla yanaşı, mənzil, məktəb, səhiyyə obyektləri və s. sahələrdəki tikinti işlərində də köklü dəyişikliklər olur.

DÖRDÜNCÜ STEND – KƏND TƏSƏRRÜFATI ( 1969-82)

“Torpaq- ölkənin, millətin, xalqın ən qiymətli sərvətidir.”

Heydər Əliyevin Azərbaycan və SSRİ-də rəhbərliyə başladığı ərəfədə ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatı ağır vəziyyətdə idi. Bu şəraitdən çıxmaq məqsədiylə Heydər Əliyev birinci hakimiyyəti dövründə sovet rəhbərlərinin diqqətini Azərbaycan neftindən uzaqlaşdırmaq üçün onların diqqətini Azərbaycanın torpaqlarına doğru yönəldir. (Əlavə:Ulu Öndər deyirdi: Azərbaycanın çox münbit torpağı var və biz torpaqdan istədiyimiz qədər gəlir əldə edə bilərik.” ) Çünki, o bilirdi ki neft tükənən sərvətdir və əgər o dövrdə neftdən istifadə olunsaydı gəlirdən bütün respublikalar faydalanacaqdı. O, nefti məhz Azərbaycanın gələcəyi, yəni bu günümüz üçün saxlamaq istəyirdi.

1972-82-ci illər arasında bir sıra bölgələrdə olaraq zəhmətkeşlərlə görüşmüş, onlara öz tövsiyyələrini verərək, onların əmək şəraiti ilə yaxından maraqlanmışdır. Buna misal olaraq, 1972-ci ildə Ağdaşın pambıqçılıq kolxozunda, 1974-cü ildə Naxçıvan MR-nın üzümçülük kolxozunda, 1977-ci ildə Salyan rayonunda, 1982-ci ildə Astaranın çay plantasiyasında iştirak etmişdir. Bir sıra bölgələrdə işçilərlə görüşmüş və onların əməklərini yüksək qiymətləndirmişdir. 1972-ci ildə taxılçılıq kolxozlarından birinə gələrək məhsulun keyfiyyəti, məhsuldarlığı ilə şəxsən tanış olmuşdur. 1980-ci ildə isə Ulu Öndər Bərdə və Xanlar rayonuna səfər etmişdir.

BEŞİNCİ STEND – ƏDƏBİYYAT (1975-1983)

“ Ədəbiyyatın insanlara böyük təsiri vardır” sözləri ilə başlayan stend ədəbiyyat sahəsini əhatə edir.

Hər bir xalqın ən ağır tarixi anlarında, onun milli-mənliyinin qorunub saxlanılmasında, millətin millət kimi özlüyünü hifz edə bilməsində ziyalıların mədəniyyət, ədəbiyyat, elm və incəsənət xadimlərinin əməyi böyükdür. Buna görə də, bir dövlət rəhbəri kimi Heydər Əliyev daim mədəniyyət xadimlərinin qayğısına qalmış və onlara himayədarlıq etmişdir. Tarix boyu Azərbaycanın şan-şöhrətini bütün ellərə yaymış, dünyanın mədəniyyət xəzinəsinə öz dəyərli töhvələrini səxavətlə bəxş etmiş dahi sənətkarlarımızın təntənəli yubileylərinin keçirilməsini təmin etmişdir. Xalqımızın musiqi, kino, teatr və ədəbiyyat bayramlarının çoxsaylı festival və mərasimlərin təşkili, bütün bu tədbirlərdə şəxsən iştirak etməsi Ulu Öndərin mədəniyyət adamlarına və bütün ziyalılara böyük diqqət və ehtiramının təcəssümü idi.

Buna misal olaraq, 1975-ci ildə xalq şairi Səməd Vurğunun ev muzeyinin açılışında iştirak etmiş və yazıçı Anarla görüşü zamanı ona dövlət mükafatı laureatı diplomunu təqdim etmişdir. 1977-ci ildə Ulyanovskda N.Nərimanovun heykəlinin açılış mərasiminə getmiş, 1979-cu ildə M.İbrahimova “Nehru” mükafatını təqdim etmişdir. 1980-ci ilə aid olan fotoşəkil Heydər Əliyev və xalq yazıçısı Süleyman Rəhimovla görüş zamanı lentə alınıb. Həmin ildə İ.Nəsiminin heykəlinin açılışında şəxsən iştirak etmişdir, 1982-ci ildə Bakıda C.Cabbarlının ev muzeyinin açılışında da yüksək mehribanlıqla qarşılanmışdır. 1982-ci ildə dahi şair Vaqifin Şuşada məqbərəsinin açılışında iştirak etmişdir. (Əlavə: Məqbərənin açılışı qarlı-şaxtalı bir günə təsadüf edir, hansı ki Heydər Əliyev şairin qəbri üstündə məqbərə ucaldılması layihəsini irəli sürsə də uzun illər öz nəticəsini verməmişdi. Lakin Ulu Öndərin səyi nəticəsində nəhayət ki 1982-ci ilin yanvarında şairin qəbri üzərində böyük bir məqbərənin açılışı olur.)

ALTINCI STEND – MƏDƏNİYYƏT (1972-1983)

“Xalqımız zəngin mədəniyyətə malikdir.”

Ömrünü sənətə həsr etmiş yaradıcı şəxslərin böyük bir qrupunun ötən dövrdə dövlət mükafatları ilə təltif olunması, onlara fərdi təqaüdlər verilməsi, iri məbləğdə maddi yardımlar göstərilməsi Heydər Əliyevin mədəniyyətə qayğısının bariz nümunəsi idi. 1972-83-cü illər arasında mədəniyyət evlərində olmuş, mədəniyyət xadimləri, bəstəkarlar, musiqiçilər və digər möhtərəm şəxslərlə görüşmüşdür. 1972-ci ildə Azərbaycan bəstəkarlarının V qurultayında iştirak etmiş, həmin ildə Azərbaycanın görkəmli mədəniyyət xadimləri ilə birlikdə olmuşdur. 1975-ci ildə Ü.Hacıbəyovun ev muzeyini ziyarət etmiş, 1978-ci ildə Qara Qarayevin 60 illik yubileyinə həsr olunmuş təntənəli gecədə iştirak etmiş, 1980-ci ildə xalq artisti Rəşid Behbudovla görüşmüş, 1981-ci ildə H.Ərəblinskinin 100 illik yubileyi mərasimində olmuşdur.1982-ci ildə Heydər Əliyev maestro Niyazi ilə görüşmüş, 1983-cü ildə isə “Şərq xalça sənəti” Beynəlxalq festivalında olmuşdur.

YEDDİNCİ STEND – HEYDƏR ƏLİYEVİN RUSİYADA İŞLƏDİYİ DÖVR (1982-1987)

“Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək lazımdır.”

SSRİ- Nazirlər Sovetinin müavini, (1982-87) 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi onun SSRİ-də ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu göstərirdi. 1982-ci ilin sonunda Moskvaya partiya və dövlət hakimiyyətinə yüksək vəzifəyə irəli çəkildi. SSRİ-Ali Sovetinin rəyasət heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini təyin edilir və SSRİ rəhbərlərindən biri olur. Bununla onun həyatında və fəaliyyətində yeni dövr başlandı. Bütün SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etmək sovet hakimiyyətinin iqtisadi inkişaf strategiyasını istiqamətləndirmək, görkəmli siyasi xadim kimi SSRİ-nin xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı münasibətlər yaradılması uğrunda məsuliyyətli və çətin vəzifələrin yerinə yetirilməsi kimi fəaliyyət dövrü başladı. Rusiyada çalışdığı dövrlərdə müxtəlif dövlətlərlə ikitərəfli müqavilələr imzalayır, görüşlər təşkil edir, müxtəlif dövlətlərin nümayəndə heyətinin qarşılanma və yolasalma mərasimlərində şəxsən iştirak edərək vəzifəsini layiqincə yerinə yetirir. (Hanoy – Vyetnam, 1983) (Əlavə: 1985-ci ilin aprelində ömür-gün yoldaşı Zərifə xanım Əliyeva vəfat edir) Mərkəzi Rusiyanın zəhmətkeşləri ilə çəkilmiş fotoşəkildə isə Ulu Öndərin xalqa olan diqqətinin bir təzahürüdür. Bundan savayı dəmiryol nəqliyyatı işində dönüş, Baykal-Amur dəmiryol xəttində irəliləyiş (Əlavə: SSRİ Nazirlər Soveti rəyasət heyətinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə Heydər Əliyevə Baykal-Amur dəmiryolu tikintisi məsələləri üzrə daimi komissiyasına rəhbərlik həvalə edilir) və xarici siyasətin uğurla davam etməsi olduqca böyük bir nailiyyət idi. Lakin sovet ittifaqı kommunist partiyasının katibi Qarbaçovun Heydər Əliyev haqqında çıxışları və Rusiya qəzətlərində dərc olunan haqsızlıqlar dözülməz hal alır. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xətdə ehtiraz əlaməti olaraq istefasını irəli sürür. Siyasi Bürodan SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsindən azad olaraq işinə son verir. (Əlavə: M.Qarbaçov həm siyasi büroda, həm də SSRİ nazirlər sovetində müsəlmanların vəzifədə olmasına zidd idi, hətta bir neçə dövlətin rəhbərlərini müsəlman olduğu üçün bir çox böhtan və təqiblərlə işdən uzaqlaşdırmışdı.)

SƏKKİZİNCİ STEND – NAXÇIVAN ( 1990-1992)

“Naxçıvanı saxlamağımın əsas səbəbi o idi ki, xalqın mənə inamı olmuşdur.”

Azərbaycanın və bütün Naxçıvanın Heydər Əliyevə inamı onu yolundan döndərə bilmədi və Respublikanın ərazi bütövlüyünün qorunması və müdafiəsi onun ən mühüm məsələsinə çevrildi. Ancaq bununla barışa bilməyən Qarbaçov Azərbaycan xalqına qarşı məkrli planlar həyata keçirməyə başladı. 1990-cı ilin yanvarında (19-20 yanvar) sovet ordusu hissələri gecə ilə Bakıya daxil olaraq dinc əhaliyə divan tutdu. Yalnız bu qəddarlıq törədiləndən sonra sabaha yaxın SSRİ Ali Soveti rəyasət heyətinin fövqaladə vəziyyət haqqında xəbərdar oldu. Bu çətin günlərdə Heydər Əliyev Azərbaycan xalqını yenə tək qoymadı və oğlu ilə birgə yanvarın 21-də Azərbaycan SSRİ-nin Moskvadakı nümayəndəliyinə gəlib sovet rəhbərlərinin bu əməlini pisləyir və günahkarların cəzalandırılmasını tələb edərək həyəcanlı bir şəkildə xalqa müraciət edir. (Əlavə: Həmin vaxtlarda Heydər Əliyev Moskvada kiçik, işıqsız və şəraiti olmayan bir evdə acınacaqlı bir vəziyyətdə yaşayırdı. Hətta müxtəlif qurumlar tərəfindən izlənən Heydər Əliyev gündəlik ərzağını belə başqa-başqa mağazalardan alaraq bu böhrandan azad olmanın çıxış yollarını axtarırdı.)

Azərbaycana son dövrlərdə rəhbərlik etmiş Vəzirov və Mütəllibov ölkədə vəziyyət gərginləşən kimi ölkəni tərk edib Moskvaya qaçmışdılar. Heydər Əliyev isə heç bir təqibə, çətinliklərə baxmayaraq xalqın istəyi ilə Moskvadan vətəni Azərbaycana qayıdır. Ancaq təəssüf ki, ölkəmizin o dövrdəki rəhbərliyi onun Bakıya dönüşünə maneçilik törədir və Mütəllibov ona xəbər göndərir ki, onun gəlişi ilə ölkədə hansısa qarşıdurmalar baş verə bilər, hətta, xalqın gözünü qorxutmaq üçün Azərbaycanın tanınmış naşirlərindən biri Əjdər Xanbabayev mayın 30-u günü öldürülür. Lakin, bütün bunlar belə Bakıya dönüşünün qarşısını ala bilmir. Xalq onu böyük rəğbətlə qarşılayır və ətrafına xeyli insan toplaşır. Bütün bunlara baxmayaraq o, Bakıdakı mürəkkəb vəziyyətin daha da ağırlaşmaması üçün Naxçıvana gedir. Həmin gün (22 iyul 1990) Naxçıvanın mərkəzi meydanına Əliyevlə görüş üçün 80 mindən çox adam toplaşmış, bununla xalq öz qəhrəmanını qəbul etmişdi. Sentyabrın 30-da Azəbaycan SSRİ xalq deputatları və yerli xalq deputatları sovetlərinə keçirilən seçkilər zamanı Heydər Əliyev həm Azərbaycan, həm də Muxtar Respublika Ali Sovetinə deputat seçilir. Onun qayıdışından sonra Naxçıvanda Azərbaycan bayrağı sancılır, Azərbaycan Xalq Cumhuriyyətinin 3 rəngli bayrağı dövlət bayrağı kimi qəbul edilir, Naxçıvanın Sovet Sosialist sözləri qalxır və Heydər Əliyev 1991-ci ildə Naxçıvan MR Ali Məclisin sədri seçilir. 1992-ci ildə Heydər Əliyevin Bakıya dönmək istəyi Bakıdakı rəhbərlik tərəfindən birmənalı qarşılanır və AXCP, Müsavat buna yol verməmək üçün 1992-ci ilin iyulunda Əbülfəz Əliyevi prezident seçir. Heydər Əliyev isə həmin illərdə Naxçıvan MR ilə Türkiyə arasında yardım haqqında müqavilə imzalayır. Mayın 28-də isə Naxçıvanla Türkiyə arasında “Ümid körpüsü”nün açılışı olur.

Bir birinin ardınca işğal olunan torpaqlar artıq respublikadakı vəziyyətin necə çətin olduğunu göstərirdi. Hakimiyyət başındakı rəhbərlik hələ də Heydər Əliyevin Bakıya gəlməsinin əleyhinə idi və onun qarşısına manelər çıxarırdı. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Siyasi böhranın isə beşiyi Bakı idi əlbəttəki. Bakıda işğalçı qüvvələrin sayı artdıqca hakimiyyət başındakı rəhbərlik qorxuya düşürdü və son ümid Heydər Əliyevə müraciət etmək idi.

AXC-Müsavatin müraciəti və xalqın təkidli tələbi ilə Heydər Əliyev iyunun 9-da Bakıya gələrək fəal iş aparmağa başladı. İlk əvvəl silahlı qarşıdurmanın qarşısını aldı, həmin anda məsuliyyətdən yaxa qurtarmağa cəhd edən rəhbərlik bir-biri ardınca istefa verməyə başladılar və bütün xalqların nəzəri ancaq Heydər Əliyevə dikildi. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. (Əlavə: 1997-ci ildən etibarən Azərbaycan Parlamentinin elanı ilə 15 iyun tarixdə “Qurtuluş Günü” kimi qeyd olunmağa başladı.) 1993-cü ilin iyulunda prezident Elçibəyin Bakını tərk edib Naxçıvana getməsi Ali Sovetin iyul iclasında prezidentə etimadsızlıq məsələsini qaldırdı və belə bir şəraitdə Elçibəy səlahiyyətlərinin bir hissəsinin Ali Sovetin sədrinə verilməsi haqqında fərman imzalayır. Ali Sovet isə prezident səlahiyyətlərinin parlament sədrinə verilməsi haqqında qərar qəbul etdikdən sonra Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürür. 1993-cü ilin prezident seçkilərində Heydər Əliyev səslərin böyük hissəsini toplayaraq Azərbaycan Respublikası Prezidenti seçilir. Ancaq bununla belə ölkədə gedən siyasi böhran daha da qatı hal alır. Dəfələrlə Heydər Əliyevi məhv etmək planı hazırlanır. Lakin bütün bunlar heç bir nəticə vermir. Dövlət çevrilişləri artır, 1994-cü ildə Surət Hüseynovun rəhbərliyi ilə qiyamlar başlayır, müxtəlif bölgələrdə dövlət çevrilişləri olur. Ancaq Heydər Əliyevin uzaqgörənliyi ilə bütün cəhdlərin qarşısı alınır.

DOQQUZUNCU STEND –İQTİSADİYYAT (1995-2002)

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Heydər Əliyevin qayıdışından sonra sənayenin digər sahələri, xüsusilə qabaqcıl texnika və texnologiyaya əsaslanan sahələrin inkişafı diqqət mərkəzində olmuşdur. 1993-cü ildən 2002-ci ilə qədər olan göstəricilərdə sənaye müəssisələrinin sayı 55.67 % -ə qədər artmışdır. Respublika iqtisadiyyatının əsaslı tikinti, rabitə, nəqliyyat və digər sahələri də sabit inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyev bütövlükdə Azərbaycanın hər bir bölgəsinə böyük ehtiram bəsləmişdir. Müxtəlif sənaye komplekslərinin, zavodların, fabriklərin açılması iqtisadiyyatın sürətlə inkişafına böyük təkan vermişdir. İqtisadiyyatın sürətli inkişafı dövlət büdcəsinə də böyük təkan vermiş və bu gedişatla əhalinin əmək haqqı gəlirləri artırılmışdır. Bunlara misal olaraq 1995-ci ildə “Yeni Eloy-Avt-2” qurğusunun açılışında olmuş, 1997-ci ildə “Bakı Elektrik maşınqayırma” zavodunda iştirak etmiş, 1999-cu ildə Binə beynəlxalq aerovağzalı ilə tanış olmuşdur. 2000-ci il “Bakı tütün fabrikası”nın açılışında, həmin il “Gəncə billur zavodu”nda, 2001-ci il “Bakı poladtökmə zavodu”nda işçilərlə görüşmüş, yenə həmin ildə “TRASEKA” daimi katibliyində olmuş, 2002-ci ildə isə Naxçıvanda “Vayxır su ambarı” ilə tanış olmuşdur.

ONUNCU STEND- ORDU QURUCULUĞU (1984-2003)

“Ordu - ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır.”

Azərbaycanda ordu quruculuğu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin əməli fəaliyyəti nəticəsində ordudakı başıpozuqluq aradan qaldırıldı və 1994-cü ildə isə Ermənistanla “Atəşkəs” imzalandı. Azərbaycan ordusu artıq düşmənin bütün hücumlarını dəf etməyə qadir idi. (Əlavə: Azərbaycanda hərbi məktəblər olmasına baxmayaraq orada Azərbaycanlıların təhsil alması çox müşkül məsələ idi. Yalnız Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu problem öz həllini tapdı və həmin məktəblərdə Azərbaycanlıların sayı artdı. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev Azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də Azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Heydər Əliyev böyük uzaqgörənliklə, qeyri adi cəsarətlə və inadkarlıqla bunu etdi. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbdə diviziya komandiri, general Cəmşid Naxçıvanskinin adını veririk. Bəli, Cəmşid Naxçıvanski adına hərbi lisey belə yaranır. O vaxt SSRİ-də 2 belə məktəb vardı. Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. 3-cü belə məktəbin Azərbaycanda yaradılmasının əsas məqsədini ermənilər də, sovet rəhbərliyi də yaxşı anlayırdı. Ona görə də Bakıya ciddi təzyiqlər başlandı. Ermənilər açıq-aşkar deyirdilər ki bu məktəb bağlanmalı və Yerevanda açılmalıdır. Mərkəzə məktublar, teleqramlar göndərirdilər ki, Bakıda açılan bu məktəbi bağlatsınlar. Təlaş içində olan Moskva hesab edirdi ki, belə bir məktəbi qapatmaq onlar üçün çox asandır. Lakin Heydər Əliyev şəxsiyyəti qarşısında düşünməli oldular. Ona görə də hüquqi yol axtarmağa başladılar. Və məktəbin lüzumsuzluğunu sübut etmək üçün SSRİ Müdafiə Nazirliyi general leytenant Topovu Bakıya ezam edir. Cənab Heydər Əliyevin tapşırığı ilə xüsusi komissiya yaradılır. Topovun irəli sürdüyü hər bir dəlilin qarşısına çoxsaylı faktlar çıxarılırdı. O, açıqca deyirmiş ki, "mən mərkəz qarşısında cavab verməliyəm, məktəb bağlanmalıdır." Axır ki, komissiya işini bitirdi. Sonda Topovu cənab Heydər Əliyev qəbul edir. Bu yüksək hərbiçi bəlkə ilk dəfə idi ki, mərkəzin tapşırığını yerinə yetirməmiş qayıdırdı. Beləliklə, mərkəz Heydər Əliyevin məntiqi qarşısında geri çəkilməli oldu. Cəmşid Naxçıvanski adına məktəb yaşadı və inkişaf etdi. Sonralar da hamı dərk etdi ki, milli hərbi kadrlarımızın yetişdirilməsində bu məktəbin rolu əvəzsizdir. Qarabağ döyüşlərində vuruşan zabitlərimizin təxminən 70-80 %-i Cəmşid Naxçıvanskinin yetirmələridir. Ordu quruculuğunda da bu məktəbin rolu əvəzsizdir. Ümummilli Liderimiz Heydər Əliyevin çox böyük uzaqgörənliyidir ki, ordu quruculuğuna başlayanda əlimiz boş qalmadı. Bu gün məktəb müasir texniki vasitələr, labaratoriyalar, komputer otaqları ilə təchiz edilib.) Heydər Əliyevin dəfələrlə səngərlərə yola düşməsi və ordumuzla üz-üzə cəbhə xəttində “N” saylı hərbi hissələrdə olması bunu əyani şəkildə sübut edir ki o, Azərbaycanın qüdrəti üçün bütün həyatını ortaya qoyub.

ON BİRİNCİ STEND – NEFT

“Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəsilə deyil, gələcək nəsillərə də mənsubdur.”

Heydər Əliyevin neft strategiyası ən başlıca yeri tutur. Onun əsasını isə 1994-cü ilin sentyabrın 24-də imzalanmış “Əsrin müqaviləsi” təşkil edir. (Əlavə: Əsrin müqaviləsi Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsidir. 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta Ümumilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir.

Əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.)

Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində respublikada neft çıxarılması artmağa başladı. 1993-2003-cü illərlə müqayisədə neftin hasilətı 10 milyon tondan 15 milyon tona qalxdı. Neft strategiyasının əsas tərkib hissəsi isə dünya bazarına çıxarılması idi. Əvvəlcə 1997-ci ildə “Çıraq 1” platformasında ilk neftin hasil olması günü tarixə düşür, daha sonra 1999-cu ildə “Bakı-Supsa” neft kəməri istifadəyə verilir. 2000-ci ildə “Yeni özüqalxan qazma qurğusu”nun istismara buraxılışı olur. Neft Azərbaycan xalqının milli sərvətidir. Bunu nəzərə alan Heydər Əliyev 1999-cu ildə “Dövlət Neft Fondu” yaradılması haqqında fərman imzalayır və Azərbaycan dünya neft istehsalı mərkəzlərindən birinə çevrilir. 1999-cu ilin noyabrında İstanbul Sammitində Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsinə dair saziş imzalanır. Və 2002-ci ildə həmin kəmərin təməlqoyma mərasimi keçirilir. (Əlavə: 2006-cı ilin yayında fəaliyyətə başlayan həmin kəmərə Heydər Əliyevin adı verilmişdir.)

ON İKİNCİ STEND – ƏDƏBİYYAT

“Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.”

Yeni cəmiyyətin formalaşması mədəniyyətin də inkişafına böyük təkan vermiş və bütün sahələrə dövlətin qayğısı artırılmışdır. Azərbaycan dilinin və mədəniyyətinin inkişafına dair bir sıra fərmanlar verilmişdir. Bu illərdə Bakının görkəmli yerlərində Fizuli, Nəsimi, C.Cabbarlı, M.Müşfiq, N.Nərimanov və H.Cavid kimi ədəbiyyat xadimlərinin heykəlləri qoyulmuş, M.Fizulinin 500 illiyi, Dədə Qorqudun 1300 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində tədqiq və təbliğ olunmuşdur. Onun hakimiyyəti illərində Nizami, S.Vurğun, H.Cavid, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, A.Məlikov kimi ədəbiyyat və incəsənət xadimlərinin dünyada tanınması üçün münbit tarixi şərait yaradılmış, xalqımızın bir sıra yazıçı və şairləri, o cümlədən S.Rüstəm, S.Rəhimov, M.İbrahimov, R.Rza, B.Vahabzadə, M.Araz, X.R.Ulutürk, N.Həsənzadə, C.Novruz və başqaları ən yüksək adlara və dövlət mükafatlarına layiq görülmüşdür. Ulu Öndər ədəbi şəxsiyyətlərin yaradıcılığına, onların tarixi mövqeyinə həqiqətə uyğun və obyektiv qiymət verir. Ən böyük zövqü bədii ədəbiyyatdan, teatr tamaşalarından alan böyük və dahi şəxsiyyət Heydər Əliyev Mirzə Fətəlidən, Cəlil Məmmədquluzadəyə, Üzeyir Hacıbəyovdan Nəbi Xəzriyə qədər Azərbaycan dramaturgiyasının şah əsərlərinə öz münasibətini bildirmişdir. “Mən, Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, “Ölülər” kimi əsəri heç kim yarada bilməyib, çünki bu cür mövzu özü bir fəlsəfədir, dahilikdir.” Heydər Əliyev yorğun və gərgin iş fəaliyyətinə baxmayaraq Azərbaycanda keçirilən mötəbər ədəbi məclislərdə, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdə, teatr tamaşalarında iştirak edirdi. Heydər Əliyevin perspektivli uzaqgörənliyi sayəsində bu gün də Azərbaycan ədəbiyyatı və mədəniyyəti öz azad dövrünü yaşayır.

ON ÜÇÜNCÜ STEND – BAYRAMLAR, ADƏTLƏR

“Xalqımız öz mənəviyyatına, dininə və ənənələrinə sadiqdir” bu başlıq növbəti stendimizin əsas lövhəsidir.

Heydər Əliyevin ikinci hakimiyyət dövründə də dəyişən heç nə olmadı, din üzə çıxmağa, bayramlarımız qeyd olunmağa başladı. Qaçqın və köçkünlərə diqqət, qayğı günü-gündən artdı. Yetim və kimsəsiz uşaqlar üçün şəhərciklər, uşaq evləri tikildi. Qayğıya ehtiyacı olan bütün uşaqlara Heydər Əliyev nəfəsi toxundu. Bakıda Xətai, Gəncədə SOS uşaq kəndləri yaradıldı və kimsəsiz uşaqların sığınacaq yeri oldu. Onlarla birlikdə Heydər Əliyev də Azərbaycanın milli bayramlarında birlikdə iştirak etdi, birlikdə əyləndi. Hər an ətrafına topladı balaca körpələri Ulu Öndər. Bayramlarımız dövlət səviyyəsində keçirildi, hətta Novruz Bayramı və Ramazan Bayramlarıyla birlikdə bir sıra bayramlar milli bayram elan olundu. ( Əlavə : Heydər Əliyevdən əvvəl, yəni SSRİ tərkibində olarkən bir sıra bayramların, hətta Novruz bayramının keçirilməsinə qadağa qoyulmuşdu. Ancaq Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli bayramlarımızın keçirilməsini belə izah edirdi. : “Novruz bizim milli bayramımızdır. Novruz bahar bayramı olmaqla yanaşı həm də Azərbaycanın müstəqillik və dövlətçilik rəmzidir. Yalnız öz müstəqilliyini qazandıqdan sonra bu bayram dövlət bayramı kimi qeyd olunmağa başlamışdır. Əsrlər boyu Novruz Azərbaycan xalqı üçün barış və saf niyyətlər bayramı olmuşdur.”) 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməzdən əvvəl Azərbaycanda nə vahid idarəetmə, nə də düzgün siyasət var idi. Yerli əhali olduğu kimi qaçqın və məcburi köçkünlər də pərakəndə şəkildə ölkənin müxtəlif regionlarına səpələnmişdir. Təsadüfi deyil ki, həmin illərdə Azərbaycan da iqtisadi və siyasi cəhətdən tamamilə çökmüş vəziyyətdə idi. Onun hakimiyyətə gəlməsinin ardından qaçqınların normal şəraitdə yaşamaları təmin olundu. Məlum olduğu kimi uzun illərdir ki bu sahədə dövlət səviyyəsində çoxsaylı layihələr həyata keçirilir, qaçqınların sosial problemlərinin həllinə böyük miqdarda vəsaitlər ayrılır. Ümumilikdə götürsək son iyirmi ildə qaçqınlara və məcburi köçkünlərə 4.6 milyard manat ayrılıb. Bu da dövlətin məcburi qaçqın və köçkünlərə olan diqqətinin bariz göstəricisidir. Təbii ki dövlətin qaçqın və məcburi köçkün düşmüş insanlara dəstəyi, sosial yardımı, hamısı birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycanı idarə etməyə başladığı ilk illərdən məcburi köçkünləri və onlara qayğı göstərməyi də bir an belə olsun unutmadı. Qaçqın və məcburi köçkünlər hər zaman Heydər Əliyevin öz xilaskarı hesab edib. (Əlavə : Bu gün Azərbaycanın minlərlə gənci, o cümlədən də qaçqın və məcburi köçkün gəncləri xarici ölkələrdə təhsil alır.)

ON DÖRDÜNCÜ STEND – İDMAN

“İnsanların fiziki, mənəvi sağlamlığı, şüurunun inkişaf etməsi idmanla, bədən tərbiyəsi ilə sıx bağlıdır.”

2000-ci il sentyabrın 15-də Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi 2-ci dəfə Olimpiadada iştirak etdi. Ölkə 31 idmanı ilə idmanın 9 növündə təmsil olundu. Cüdo, boks, güləş, atıcılıq yarışlarında atletlərimiz uğurlu nəticələri ilə fərqləndilər. Azərbaycan komandasında ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında iştirak edən Zemfira Meftəhəddinova gətirdi. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. O ən yaxın rəqibini 3 xal geridə buraxaraq Olimpiya çempionu oldu. Bundan başqa güləş, boks üzrə fərqlənən və qızıl, bürünc medallarla vətənə qayıdan idmançılarımız da oldu.

2000-2002-ci illərdə sürətlə inşa edilən və Azərbaycanın müxtəlif bölgələrində minlərlə idmançı yetişdirən idman kompleksləri öz fəaliyyətini uğurla davam etdirir. Hazırda Azərbaycanda Olimpiya Komplekslərinin sayı günbəgün artır və bu da Azərbaycanda idmanın sürətlə inkişafının bir göstəricisidir. Bunlara nümunə olaraq - 1998-ci il 30 dekabr tarixində Ulu Öndər Heydər Əliyev Bakıda milli parkda Dinamo İdman Sağlamlıq Mərkəzi idman kompleksinin açılışında iştirak etmiş, 2000-ci ilin 15 noyabrında Azərbaycanın paraolimpiyaçıları ilə görüş keçirmiş, həmin ilin 21 oktyabrında Azərbaycanın Milli Olimpiya Komitəsinin idman sağlamlıq kompleksinin açılışında iştirak etmişdir. 2002-ci ilin 1 iyun tarixində Ulu Öndər Naxçıvan şəhərində Olimpiya İdman Komleksinin, yenə həmin il Şəki-İdman Olimpiya Kompleksinin açılışına qatılmışdır. 2002-ci ilin 11 noyabrında Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley günündə iştirak etmişdir.

ON BEŞİNCİ STEND – İLHAM ƏLİYEV DAŞKƏSƏNDƏ (2006)

“Daşkəsənliləri sevirəm, daşkəsənliləri dəstəkləyirəm və Daşkəsənin hər tərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.”

Daşkəsən şəhərinin gələcək inkişafı yeni sənaye müəssisələrinin, mədəni-maarif ocaqlarının və digər obyektlərin tikilib genişləndirilməsi Ulu Öndərimiz Heydər Əliyevin siyasi hakimiyyəti dövrünü əhatə edir. Ümumilli Liderimiz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində Daşkəsən respublikada həyata keçirilən genişmiqyaslı inkişaf tempindən geri qala bilməzdi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən çox qısa bir dövr keçməsinə baxmayaraq 1975-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin Daşkəsən rayonuna göstərdiyi böyük diqqət sayəsində rayonda böyük inkişaf getmişdir. Daşkəsən şəhəri Azərbaycan “Ural”ı Heydər Əliyevin yaxından qayğısı gündən-günə inkişaf etmiş, sənaye sahələri genişlənmiş, əhalinin sosial rifahı yüksəlmişdir. Bu siyasətin uğurlu davamçısı İlham Əliyevin də Daşkəsənə qayğısını xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 31 oktyabr 2006-cı il tarixli səfəri zamanı dövlətimizin başçısı əvvəlcə Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun açılış mərəsimində, daha sonra Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsinin açılış mərasimində olmuşdur. Dövlət başçısı heykəlin üzərindən ağ örtüyü götürərək xalqın Ulu Öndərə olan böyük sevgisindən qürur duyduğunu dilə gətirmişdir.

Daha sonra rayonda salınmış Heydər Əliyev parkına da baxdı və sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini yüksək qiymətləndirdi.

Dövlət başçısı rayona səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan muzeydə oldu, buradakı eksponatlarla tanış olaraq, görülən işin yüksək səviyyədə olduğunu nəzərə çatdırdı və muzeydəki fəxri qonaqlar kitabına ürək sözlərini yazdı : “Heydər Əliyev muzeyinin eksponatları və muzeydə nümayiş etdirilən fotoşəkillər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirir. Muzeyin xarici görünüşü və daxili tərtibatı yüksək standartlara cavab verir. Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolu olmuşdur. Bu gün onun siyasi kursu uğurla davam etdirilir. Daşkəsən rayonunun sürətli inkişafı bunun əyani sübutudur. Daşkəsən rayonunun inkişafına çox böyük diqqət göstərilir, xüsusi sərəncam imzalanmışdır və uğurla icra edilir, abadlıq işləri geniş vüsət almışdır. Bütün Daşkəsənlilərə yeni uğurlar və qələbələr arzulayıram...İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti...31 oktyabr 2006-cı il”

Dövlət başçısı səfəri zamanı A.Mürsəlov adına 2 saylı tam orta məktəblə tanış oldu, Daşkəsən rayonunun keçmişini və bugününü əks etdirən fotoguşələrə baxdı, ayrı-ayrı siniflərə, komputer otağına baş çəkdi, gəcnlərin müasir texnologiyalardan istifadə etməsinin, məktəblərin komputerləşdirilməsinin əhəmiyyətini vurğuladı.

ON ALTINCI STEND – İLHAM ƏLİYEV DAŞKƏSƏNDƏ (2006)

“Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir.”

Əsrarəngiz təbiətə, qonaqpərvər insanlara malik olan Daşkəsən bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sferalarda inkişaf dövrünü yaşayır. 2006-cı ilin fevral ayının 26-dan geniş vüsət alan tikinti-quruculuq, abadlıq işləri Daşkəsənin perspektiv inkişafını müəyyənləşdirmişdir.

Dövlət başçısı səfəri zamanı bir-birinin ardınca daşkəsənlilərin həyatında böyük əhəmiyyəti olan obyektlərin açılışında iştirak etdi. Bunlardan biri də uzun illər fəaliyyətini dayandırmış “Daşkəsən-Filizsaflaşdırma” Açıq Tipli Səhmdar Cəmiyyətinin açılışı idi. Yüzlərlə rayon sakini, müəssisənin işçiləri Daşkəsən rayonuna və eləcə də illərlə fəaliyyətini dayandırmış səhmdar cəmiyyətinə yeni həyat vermiş sevimli prezidentini qarşılamaq üçün toplaşmışdılar.

Azərbaycan Prezidenti “Daşkəsən Filizsaflaşdırma” ASC-nin açılışını edir və nitq söyləyərək görülən işləri geniş qiymətləndirir. “Det.Al Limited” şirkətinin baş direktoru Əli Özkurt dövlət başçısına “Daşkəsən Filizsaflaşdırma ASC haqqında geniş məlumat verir.

Daşkəsəndə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilmişdir. Dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yeni mənzillərin şəraiti ilə yaxından tanış olmuş və yeni yaşayış mənzillərinin açarlarını dövlət başçısı ailələrə təqdim edərək dövlətin həmişə onların yanında olduğunu vurğulamışdır. Əlil və şəhid ailələri bu qayğıya, diqqətə görə prezident İlham Əliyevə təşəkkürlərini bildirmişlər.