Azərbaycanın məşhur pambıqçı qadını

Azərbaycanın məşhur pambıqçı qadını

Prezident İlham Əliyevin regionlarda pambıqçı qadınlarla görüşməsi ötən illəri gözlər önündə canlandırdı. Ulu öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyi, tez-tez pambıqçı qadınlarla görüşlər təşkil etməsi yaddaşlardan silinməyib. Bu qadınların bəziləri sovet hakimiyyəti illərində Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, digər qismi isə gümüş və qızıl medallarla təltif olunmuşdur.

Həyatları filmlərə səhnə olmuş, barələrində kitablar yazılmış, mahnılar bəstələnmiş həmin qadınlardan Qızqayıt Həsənovanın fəaliyyətini Sizlərə təqdim edirik.

Qızqayıt Həsənova- əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1947-ci ildə "Lenin ordeni" ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Biləsuvar rayonunun Xırmandalı kəndindəki kolxozun sədri işləyib. Qızqayıt Həsənova 2 dəfə SSRİ Ali Sovetinin, 9 dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub. 2012-ci ildə Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 88 yaşında vəfat edib.