18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir təşkil olundu

18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir təşkil olundu

16 oktyabr 2019-cu il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir təşkil olundu.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin, Bərdə rayon Gənclər və İdman İdarəsinin, Bərdə Regional ASAN Xidmət Mərkəzinin, Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin, Bərdə Dövlət Rəsm Qalereyası, Bərdə rayon Mədəniyyət Sarayının nümayəndələri iştirak edirdi.
Tədbirdə Mərkəzin direktoru A.Əhmədova giriş sözü və məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Sonra Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi K.Rəfibəyli Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi cənab İlyas Hacıyev adından tədbir iştirakçılarını salamladı və bildirdi ki, 1991-ci il. Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Daha sonra Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin aqrar elmlər üzrə fəlsəfə doktoru X.Musayev qeyd etdi ki, müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar. Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
Bərdə rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi A.Cəbrayılova çıxış edərək dedi ki, Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Bərdə Regional ASAN Xidmət Mərkəzində könüllülər üzrə məsul şəxs Ş.Yaqubov çıxışında qeyd etdi ki, fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsi prinsipi əsasında quran “ASAN xidmət” mərkəzləri dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. İlk “ASAN xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə olduğu üçün 1 nömrəli “ASAN xidmət” mərkəzinin xidmətlərindən ilkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri yararlanıblar. Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Mingəçevir, Şəki, İmişli və Qubadadır. Gələcəkdə isə Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Balakən “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulub.
Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin direktor müavini T.Əliyeva çıxışında qeyd etdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.
Sonda Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.