Bərdə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Əbədiyaşar Lider" adlı dəyirmi masa təşkil edilib

Bərdə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Əbədiyaşar Lider" adlı dəyirmi masa təşkil edilib

3 may 2021-ci il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Əbədiyaşar Lider" adlı dəyirmi masa təşkil edilib.
Tədbirdə Bərdə rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Bərdə Dövlət Rəsm Qalereyasının və Bərdə Gənclərinin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Mərkəzin direktoru Arifət Əhmədova tədbir iştirakçılarına Ulu Öndərin həyatını və zəngin fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verib. Daha sonra iştirakçılar dəyirmi masa ətrafında Ümumilli Lider Heydər Əliyev haqqında çıxışlar səsləndirib.
Mərkəzin direktoru Arifət Əhmədova bildirib ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.
Bərdə rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Mehriban Əliyeva qeyd edib ki, Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.
Bərdə Gənclərinin İnkişaf və Karyera Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Orxan Fəxrəddinov çıxışında bildirib ki, bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.
Bərdə Dövlət Rəsm Qalereyasının ekskursiyaçısı Sevinc Əmirova qeyd edib ki, keçdiyimiz tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.