Heydər Əliyev və Bərdə

Heydər Əliyev və Bərdə

Heydər Əliyev: "Qarabağın bütün guşələri, o cümlədən Bərdə mənim üçün daha doğma, daha əzizdir". Ulu Öndər Heydər Əliyev 1974-1998-ci illər ərzində 14 dəfə Bərdə rayonunda səfərdə olmuşdur:

28 may 1974-cü il

12 avqust 1975-ci il

7 oktyabr 1976-cı il

3 sentyabr 1977-ci il

26 avqust 1978-ci il

3 oktyabr 1978-ci il

11 sentybar 1979-cu il

5 sentyabr 1980-ci il

2 oktyabr 1980-cı il

4 sentyabr 1981-ci il

3 sentyabr 1982-ci il

26 iyul 1993-cü il

10 aprel 1994-cü il

8 oktyabr 1998-ci il

1969-cu ildə Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə gətirilməsi Azərbaycan xalqının həyatında tarixi hadisə idi. Çünki onunla yeni dövr başlandı. İnsanların mənəviyyatında, məşğulluğunda, əmək fəaliyyətində, həyat şəraitində yeniləşmə, yüksəliş Bərdə rayonunun timsalında xüsusilə aydın görünür. Müqayisə üçün deyək ki,1970-1980-ci illərdə Bərdə rayonu sözün həqiqi mənasında intibah dövrünü yaşadı. 1970-1982-ci illərdə rayonda taxıl istehsalı 52,8 faiz, pambıq istehsalı 4,2 dəfə, bostan məhsulları istehsalı 2,6 dəfə artmışdır. Rayon büdcəsinə, ailə gəlirlərinə daxilolmalar da demək olar eyni ekvivalentlə artırdı. Ancaq o illərdə inkişaf edən yalnız kənd təsərrüfatı deyildi. Bu sahədən əldə olunan gəlirlər digər sahələrin də inkişafına əsaslı şəkildə zəmin yaradırdı. Bərdədə onlarla nəqliyyat, tikinti müəssisəsi, zavodlar, fabriklər açılmışdı. Zaqafqaziyada ən böyük dəmir-beton məmulatı zavodu Bərdədə tikilmişdi. Halbuki buna qədər rayonda iki eyni təyinatlı zavod işləyirdi. Ancaq onlar tələbatı ödəyə bilmirdi. Bərdə demək olar, təzədən tikilirdi: kəndlər də, şəhər də, ictimai binalar da, fərdi yaşayış binası da, min tamaşaçı yeri olan nəhəng Mədəniyyət Sarayı da o illərin məhsuludur. Eyni zamanda Bərdədə Xalça fabriki, tikiş fabriki, pambıq zavodları, kərpic zavodu, barama zavodu, kauçuk mallar istehsal edən zavod da həmin illərin məhsuludur.

Heydər Əliyevin işinin mərkəzində gəzmək, hər şeyi öz gözü ilə görmək, zəhmətkeşlərin arasında olmaq, tapşırıqlarını birbaşa iş üstündə vermək, sözünü bilavasitə həmin işlərlə məşğul olanlara demək məsələləri dururdu. Bərdəyə tez-tez səfər etmələri də həmin səbəbdən irəli gəlirdi. Öz gəlişləri ilə o, həm də adamlarda yeni ovqat, gözəl əhval-ruhiyyə yaradırdı. Əməkdə fərqlənənlərin çoxu Azərbaycan Ali Sovetinə və hətta SSRİ Ali Sovetinə deputat seçilirdilər. Bunlardan Paşayeva Qənirə, Əliyev Hümbət, Ağayev Hüseyn Azərbaycan Ali Sovetinə, Tərlan Musayeva isə SSRİ Ali Sovetinə deputat seçilmişdilər.