Ermənistan təcavüzünün nəticələri

Bərdə əhalisinin 378 nəfəri Qarabağ müharibəsi əlili, 339 nəfəri şəhid ailəsi, 884 nəfəri Qarabağ müharibəsi veteranıdır. Rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 9470 ailə (33410 nəfər) müvəqqəti məskunlaşmışdır. Bərdə rayonunda dörd milli qəhrəman vardır. Onlardan iki nəfəri-Səfiyar Abuzər oğlu Behbudov və Elgiz Kərim oğlu Kərimov qəhrəmancasına həlak olmuşlar. Mirzə Məcid oğlu Quliyev və Fariz Çoban oğlu Qəhrəmanov yaşayırlar.

Bərdə rayon 6 saylı tam orta məktəb Səfiyar Behbudovun adınadır. O, 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamışdır. Xocalı Soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər. 1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə qarşılaşsa da, geri çəkilmir. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşçünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçümüz düşmənə heç bir sirr vermədiyi üçün ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar.Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis şöbəsinin köməkliyilə almaq olur. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992 ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir.

Bərdə rayon 4 saylı tam orta məktəb milli qəhrəman Elgiz Kərimovun adını daşıyır. Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu. Elgiz Kərimov qəhrəmanlıqla həlak olandan üç ay sonra Respublika Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri ada layiq görülüb.

Qarabağ uğrunda gedən döyüşlərdə polkun qərargah rəisi Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. "Hərbi xidmətə görə" medalı ilə baş serjant Balıyev Ziyafət Qurban oğlu, gizir Qarayev Göyüş Adil oğlu, Quliyev Fərahim Bəylər oğlu ölümündən sonra təltif olunmuşlar. "İgidliyə görə" medalı ilə Aqşin Əli oğlu Həsənov təltif olunmuşdur.

Səbuhi Rəfael oğlu Musayev (1987-2016) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Ziya Niyazi oğlu Həsənov (1989-2016) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.