Heydər Əliyev və Balakən

Heydər Əliyev və Balakən

Azərbaycanın bugünkü tarixi nailiyyətləri, onun müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması, xalqın yüksək rifaha qovuşması ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin, dövlətçilik strategiyasının ən mühüm nəticələridir. Məhz onun liderliyi ilə XX-XXI əsrlərin qovuşuğunda xalqımızın tarixi taleyi müəyyən olunmuş, müstəqil dövlətçiliyimiz qorunub saxlanılmış, ölkəmizdə azadlıq, demokratiya prinsipləri və sosial-iqtisadi inkişaf bərqərar edilmişdir.

Heydər Əliyev keçən əsrin 70-80-ci illərində Sovet Azərbaycanına rəhbərlik edərkən həyatından artıq sevdiyi ölkəsi üçün mühüm işlər görmüş, Azərbaycanın gələcək müstəqilliyi üçün çox vacib addımlar atmışdır. Sovet Azərbaycanının tarixinə parlaq quruculuq dövrü kimi daxil olan 1970-1985-ci illərdə sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş vermiş, respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmiş, yeni və mütərəqqi sənaye sahələri yaradılmışdır. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikilmiş, yollar, körpülər salınmışdır. Ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində Azərbaycan gənclərinin mükəmməl təhsil alıb ölkənin sabahı naminə peşəkar kadr olmaları üçün keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində oxumalarına şərait yaradılmışdır. XX əsrin 70-ci illərdən etibarən milli təfəkkürün qorunub saxlanılması üçün ümummilli lider Heydər Əliyev xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdırmışdır.

Ötən əsrin 70-80-ci illərində məhz Ulu Öndərin səyləri nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Balakən rayonunda da yüzlərlə insanın çalışdığı Tütün fermentləmə və Konserv zavodları,Tikiş fabriki, Barama toxumu müəssisəsi yaradılmış, yollar salınmış, rayon ərazisində telefonlaşma aparılmış və ilk dəfə qaz xətləri çəkilmişdir. Balakən kənd təsərrüfatı rayonundan aqrar-sənaye rayonuna çevrilmişdir.

Ulu öndər Heydər Əliyev respublikamızın müasir tarixinin ən ağır günlərində -1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdı və ölkəni bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Azərbaycanın siyasi inkişaf mərhələsində Heydər Əliyev erası başladı. Bu dövrdən etibarən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin tarixində hakimiyyət bölgüsü prinsipinin və hüquqi dövlət quruculuğunun əsasını qoydu. Ölkəmizdə islahatlar, özəlləşdirmə prosesi həyata keçirilməyə başlandı, inflyasiyanın qarşısı alındı və ölkəyə xarici investisiya axını başlandı. Respublikamızın beynəlxalq arenaya çıxışı genişləndi. Azərbaycan qısa zaman kəsiyində ölkə həyatının bütün sahələrini bürümüş böhrandan, onu gözləyən fəlakətlərdən qurtuldu.

Qüdrətli və yenilməz Azərbaycanın ən gözəl guşələrindən biri olan doğma Balakənimiz də daim Ulu öndərin diqqət mərkəzində olmuş, onun hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Məhz ümumilli liderimizin təşəbbüsü ilə 1980-85-ci illər Yevlax-Balakən dəmiryol xəttinin çəkilməsi 5 illik plana salınmış və 1986-cı ildə fəaliyyətə başlamışdır. Bu isə Balakənin tərəqqisinə həlledici təkan vermişdir. O vaxtlar Bakıya gediş-gəliş olduqca çətin idi, Balakənə Bakıdan, digər ölkələrdən göndərilən hər cür mal və materiallar Gürcüstanın Sınori-Sıxali dəmiryolu stansiyasından daşınırdıki, bu da həm çox vaxt aparır, həmdə baha başa gəlirdi.

Balakən Konserv zavodu bilavasitə böyük öndərin adı ilə bağlıdır və onun tərəfindən rayonumuza gözəl hədiyyədir. Respublikanın ən böyük müəssisələrindən biri olan zavod istehsal etdiyi keyfiyyətli məhsulları ilə ittifaqda şöhrət qazanmışdır.

1970-80-cı illərdə rayonumuz Ulu öndərin yardım, kömək və diqqəti sayəsində böyük tərəqqiyə nail oldu. Kənd təsərrüfatı sahəsində rekord göstəricilər əldə edildi. Balakən baramaçıları hər il dövlətə 700 ton məhsul təhvil verirdi. Tütünçülükdə yüksək məhsul əldə edilirdi. Dövlətə hər il 8-10 min ton məhsul verilirdi.

Ulu öndərimiz daim Balakəni və Balakənliləri diqqətdə saxlamışdır, rayonumuzdan olan həmyerlilərimizlə görüşmüş, onları xidmətlərinə görə təltif etmişdir.

Təltif olunanlar

1. Mustafayeva Laləzar Bəşir qızı- Azərbaycan Respublikasının əməkdar artisti 1998-ci il. 2002-ci il xalq artisti fəxri adı verilmişdir.

2. Adıgözəlov Telman Abbasqulu oğlu - Azərbaycan Respublikasının əməkdar artisti 2000-ci il.

3. Qallacov Nizrov Məhəməli oğlu -1941- 45-ci illər Böyük Vətən müharibəsində qələbənin 50-illiyi yubley medalı ilə təltif olunmuşdur.1995-ci il.

4. Mollayeva Kərimət Mahama qızı - prezident təqaüdünə layiq görülmüşdür.2002-ci il.

5. Aydın Abdullayev Əlibala oğlu - Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur.1994-cü il.

6. Dibirova Səfiyyə Hacı qızı - Xalqlar dostluğu ordeni ilə təltif olunmuşdur.1981-ci il.

Rayonumuzda Ulu öndərin adına istirahət parkı, prospekt və Mərkəz fəaliyyət göstərir. Heydər Əliyev adına istirahət parkında dahi liderin xatirə kompleksi yaradılmışdır.

Bu gün Mərkəzdə Ulu öndər irsinin tətqiqi və təbliği istiqamətində mühüm işlər görülür. Bunun bariz nümunəsi kimi Mərkəzdə yaradılan “Tədqiqat qrupu”-nu göstərmək olar. Bu qrupun üzvləri Ulu öndərin Balakən rayonu ilə bağlı gördüyü bütün işləri tədqiq edərək üzə çıxarılmasına nail olmuşlar.