Rayon haqqında məlumat

Coğrafi mövqeyi

Balakən rayonu Azərbaycanın Şimal-Qərbində Böyük Qafqazın cənub yamaclarında, Alazan Həftəran vadisində yerləşir. Təbii ehtiyat zənginliyinə, iqtisadi potensialına və mədəni irsinə görə fərqlənən Balakən rayonu Şimalda Rusiya Federasiyası (Dağıstan Muxtar Respublikası), Qərb və Cənub-Qərbdə Gürcüstan Respublikası, Şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Sahəsi 934 km2 olan Balakən rayonunun ərazisinin 45,4 min hektarını meşələr, 32,8 min hektarını Dövlət qoruğu, 18,2 min hektarını əkin sahələri, 6,9 min hektarını bağlar təşkil edir. Ümumi torpaq fondu 92,4 min hektardır.

Rayonun relyefi Şimalda və Şimal-Qərbdə dağlıq, Cənubda isə düzənlikdir. Dağlar əsasən meşəli dağlardır və Şimalda alp düzənliklərinə qədər uzanır. Ən hündür dağların zirvələri avqust ayına qədər qarlı olur. Bu da dağ turizminin, alpinizminin, dağ idman növlərinin inkişafına şərait yaradır. Həmçinin, Zaqatala Dövlət Qoruğunun üçdə iki hissəsi rayonun ərazisində yerləşir.
Ən hündür dağ zirvələri: Quton, Saqaltar zirvəsi
Aşırımlar: Qubek, Tinovrosso (Suayıran)
Şəlalə: Katex şəlaləsi – hündürlüyü 20 m, eni 4 m-dir.

Əhalisi

Rayonun əhalisi 98,278 min nəfər təşkil edir. Balakən rayonu azsaylı xalqların sıx məskunlaşdığı rayonlarından biridir. Rayonda iyirmidən çox millətin nümayəndəsi mehriban bir ailə kimi yaşayır. Bunlardan azərbaycanlıları, avarları, tatarları, rusları, ləzgiləri, gürcüləri, lakları, kumukları, zaxurları, ukraynalıları, farsları, türkləri, kürdləri və s. qeyd etmək olar.

İqlimi
Rayonda 4 iqlim tipi mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65% - ində subtropik iqlim tipi mövcuddur.
Yanvar ayında orta temperatur - 1,5; - 7-8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur.
Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 40 dərəcəyə çata bilir. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı isə 824 mm-dir.

Təbii ehtiyatları
Balakən rayonu olduqca zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Filizçay, Tenros, Katsdağ və Katex kolçedan polimetal yataqları mis, qurğuşun, sink və kükürdlə zəngindir. Ehtiyatlarına görə Filizçay Avropada ən iri yataqlardan biri sayılır. Əlvan metallurgiya üçün qiymətli xammal mənbəyi olan bu yataqların istismarı Respublikamızın iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Zəngin meşə ehtiyatlara malik Balakəndə fıstıq, palıd, şabalıd, eldar şamı, ağ şam, qara şam, cökə, vələs, qoz, qızılağac, lapan, qovaq, yalanqoz, göyrüş, fındıq, Qafqaz xurması, dəmir ağac və s. ağaclar bitir.
Dağ meşələrində bitən yabanı qida bitkilərindən armud, alma, fındıq, zoğal, nar, sumaq, əzgil, yemişan, alça kimi ağacları qeyd etmək olar.
Balakən rayonunun meşələrində təbabət əhəmiyyətli 150 növ dərman bitkisi vardır ki, bunun da 80 növünün ehtiyatı külli miqdardadır. Bunlardan itburnu, altey (gülxəmi) dağ zanbağı, yemişan, kəndəlaş, su bibəri, yarpız, nanə, kar gicitkən, andız, qızılçətir, baldırğan, biyan, göyəm, dazı otu, kalina, üçyarpaq yonca, zirinc, çay tikanı, qaragilə, Qafqaz rododendronu (jenşen), moruq, böyürtkən, kəklikotu, çobanyastığı, bağayarpağı, əvəlik, raziyana və s. bitkiləri göstərmək olar.
Müalicə və süfrə suları istehsalı məqsədi ilə istifadə oluna biləcək təbii süfrə suları və kükürdlü sular da mövcuddur.

Çayları
Ərazidən axan çaylardan ən böyükləri Mazım, Katex, Balakən və Cənubdan axan Alazan çaylarıdır. Bu çaylar yazda qar, yayda və payızda isə yağış sularından daşqın əmələ gətirən çaylar qrupuna daxildirlər. Çayların qidalanmasında əsas yeri yeraltı qar və yağış suları tutur. Yaz mövsümündə, bəzən də iyun ayında yağan yağışlar qarın ərimə prosesini sürətləndirərək tez keçən daşqınlar əmələ gətirir. Odur ki, çay suyunun çox hissəsinin daşqın şəklində axması və lillənməsi onun geniş istifadəsinə maneçilik törədir. Yağıntı bol (1600-1400mm) olduğu üçün çay şəbəkəsi sıxdır.

Mətbəxi

Balakənin özünə məxsus milli mətbəxi vardır. Sac üzərində bişirilən günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət şor, gicitgən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl ancaq balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.

Xörəklərin bir çoxunun hazırlanmasında mədəni şəkildə becərilən yerli ədvadan (ətotudan) geniş istifadə olunur.
Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır), təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitələrdir.

Maxara – Qədim zamanlardan indiyəcən balakənlilər əziz qonaqlarını sac xörəyi olan maxara ilə qarşılayıblar. Un, süd və yumurta çalınaraq duru hörrə hazırlanır. Içinə bəzən sarı kök, zəfəran, göyərti də vurulur. Süd əvəzinə ayrandan da istifadə etmək olar. Sacda bişirilərkən sac yağlanır, bir fincan hörrə sacın üzərinə tökülür. Hazır yemək saçaqlı bir görkəm alır ki, bu da süfrədə xüsusi bir gözəllik yaradır. Kərə yağı ilə yağlanır, balla, salatla süfrəyə verilir.

Cüttü - şorla una azca soda əlavə olunaraq yoğrulur. Bəzən göyərti də əlavə olunur. Sacda bişirilir. Kərə yağı ilə yağlanaraq süfrəyə verilir.

Təndir çörəyi – xəmir, süd, su ridiylə (şorun suyu ilə) yoğrulur. Xəmir gəldikdən sonra kündələnərək təndirdə yapılır. Çörəyin üzərinə yumurta vurulur.

Toyuq çığırtması – 5-6 baş soğan bol yağ ilə qızardıldıqdan sonra ona tomat vurularaq bir qədər də qızardılır. Doğranmış toyuq ətini soğanın üstünə töküb su əlavə edərək bişirilir. Üstünə qaynar su tökülərək azacıq qaynadılır.1 qaşıq unu həmin şorbaya qatırlar. 1 yumurtanı yaxşı çalaraq hissə-hissə qaynar şorbaya qataraq bişirilər. Süfrəyə verərkən üstünə göyərti əlavə edilir.

Balakən halvası – un, kərə yağı, şəkər tozu götürülür. Yağ cuğun tavada qızdırılır və un əlavə edilərək yağda qovrulur. Un qovrulduqdan sonra şəkər tozu ilə qarışdırılır buluda çəkilir və üstü naxışlanır.Soyuduqdan sonra doğranaraq çay dəsgahında istifadə olunur.

Şor – Balakəndə şorun hazırlanması qaydası belədir. Süd sağılaraq bişirilmədən qablara süzülərək 2-3 gün saxclanılır. Ilıq halda bişirilir və tənzif torbalara süzülür. Şordan xəngəl, cüttü, qutab hazırlanır. Ayrıca kərə yağı ilə yeyilir.

Dolma – heyvanın içalatı təmiz yuyulur, bağırsaqların içi çölə çevrilir, iç hazırlamaq üçün ürək,böyrək, ciyər və ət götürülür taxtada döyülür. Içinə bol süyüd toxumu, quru reyhan, qara qırmızı istiot, sarımsaq, zoğal turşusu, bol soğan qatılaraq hazırlanmış iç bağırsaqlara doldurulur, başları möhkəm bağlandıqdan sonra təndirdə və ya sobanın üstündə asılaraq qurudulur. Boş xəngəl bişiril dikdən sonra süzülərək məcməyə tökülür, üstü dolma ilə bəzədilərək süfrəyə verilir.

Qaxac – ət uzunsov şəkildə şaqqalanır, bol duz, istiot, bol sül şüyüd toxumu ilə qarışdırıldıqdan sonra ya təndirdə, ya da sobanın üstündə asılaraq qurudulur.

Gül suyu - Qızıl gülün ləçəklərindən (al qırmızı rəngində) gül suyu hazırlanır, çay süfrəsində istifadə olunur.

Şor ilə qarışdırılmış yumurta – Bol yağ ilə bişirilmiş qayğanağın üstünə isti-isti elə o qədər ovulmuş şor tökülərək qarışdırılır, süfrəyə isti halda verilir.